Rəmiş: "Qızlarımı heç zaman bağışlamaram" - müsahibə

 Rəmiş: "Qızlarımı heç zaman bağışlamaram" - müsahibə
12448 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qızım məndən icazəsiz camaatdan pul istəyib”

Xalq artisti, gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov ) və həyat yoldaşı Gülü Lent.az-a müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir:

- Xeyli vaxtdır efirlərdə yoxsunuz. Necə gedir işləriniz?
- İşlər normaldır. Dünya malında gözü olmayan insanlarıq. Bu qısa ömürdə Allahın verdiyi bir parça çörəyi rahat yeyirik. Bir düşmənimiz var, onları da Allah zəlil günə qoyur.

- Cəbhə xəttində baş verənlərdən xəbərdarsınızmı?
- 3 gün bundan qabaq Tərtərdə bir şəhidimizin ailəsinə baş sağlığı verməyə getmişdim. Ümumiyyətlə gecələr yatmıram, xəbərləri izləyirəm. Allahdan bir arzum var ki, anaların gözü yaşlı qalmasın.

- Bir çox sənətçilər əsgərlərə dəstək olmaq üçün cəbhə bölgələrinə gedib konsert verdilər...
- (Sözümü yarımçıq kəsir) Tez-tez əsgərlərə konsert verirəm. Amma gedib özümü reklam etməkdən xoşum gəlmir. Çıxıb efirdə deyirlər ki, mən əsgərlərin yanına getdim, konsert verdim. Bu, düzgün deyil. Əsgərlərə baş çəkməyənlər yalandan deyirlər ki, əsgərlərin yanına getmişdim. Ona görə də adam utanır ki, desin, əsgərə baş çəkdim. Gedib cəbhə bölgələrində oxuyurlar. Orada oxumazlar, vuruşarlar. Avtomatdan və digər silahdan götürüb, ermənilərlə vuruşmaq lazımdı. Konsert vermək olmaz. Söylədiyim fikirlər konkret bir nəfərə aid deyil, bir çoxlarınadır. Məsələn, Nadir Qafarzadə də getmişdi. Amma o, yaxşı oğlandır. Sözüm o biri müğənnilərdir. Qışqırıb, oxuyurlar. Ora qışqırmaq yeri deyil, pusquda dayanıb, ermənini məhv etmək yeridir. Vətənpərvərlik elə olmur. Bir titul alıb, əsgər paltarı geyinib, bu cür şeylər etmək düzgün deyil. Elə cəngavər oğlansan, silahı götür, döyüş.



- Səhhətinizdə problem olduğu deyilir...
- Elə də problem yoxdur. Sadəcə arada öskürürəm. Onda da zəng edib Gülüyə deyirlər ki, Rəmişə nə olub? Nə olacaq? 72 yaşım var. Bütün ömrümü musiqiyə həsr etmişəm. Amma ayda 100 manat pul alıram. Bu məvaciblə bəzən dərmanlarıma da pul çatmır. Ona görə də yaxın günlərdə ölkə rəhbərliyinə müraciət edəcəm. Ehtiyacı olmayanlar fərdi təqaüd alır, amma mən... Bu təqaüd mənə lazımdı. Mənə dahi sənətkar deyirlər, amma 100 manatın ümidinə qalmışam. O təqaüd alanların çoxunu xalq tanımır, amma məni kiçikdən, böyüyə - hamı tanıyır.

- Gitara sənətində davamçınız varmı?
- Mənim davamçım olmayıb, olmayacaq da. Allahdan Rəmiş bir dəfə gəlib, bir dəfə də gedəcək. Çünki mənim xasiyyətim başqadır. Sənətdə etdiyim işləri heç kim edə bilməz.

- Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra bir çox şou əhli onun barəsində xoş olmayan sözlər işlətdilər. Münasibətiniz maraqlıdır.
- İlhamə Quliyeva ilə tanışlığım olsa da, gediş-gəlişimiz yox idi. Amma öləndən sonra bir çox şou əhli artıq-əskik danışdı. Bu düzgün deyildi. Ölünün dalınca danışmazlar. Belə cəsarətli insan idilərsə sağlığında nəsə deyərdilər. İlhamənin şou-biznesdəki əməllərindən danışmaq istəmirəm, amma onun oxuduğu mahnını yenidən kimsə oxuyub, tutuzdura bilməz. Çünki ifa etdiyi mahnılara öz möhürünü vurub. Sağlığında bir neçə dəfə görüşmüşük, hətta toya dəvət edib, getmişəm. Amma yasına getmədim. Çünki İlhamənin var-dövləti üstündə qırğın var. Yəni xoşum gəlmir ki, dava-qırğın olan yerə gedim. Mənə qarşı pis olmamışdı. Hər zaman məni görəndə üzün göstərirdi ki, öp. Allah rəhmət eləsin.



- İlhamə Quliyevanın yerini şou aləmində kimsə tuta biləcək?
- Yox, İlhamə elə bir yerdə idi ki... Onun hərəkətlərində yerini tutanlar ola bilər. Amma sənət barəsində onun əvəzini heç kimsə verə bilməz.

- İlhamə Quliyeva şou-biznesdə bir çoxlarına titul verib...
- (Sözümü yarımçıq kəsir) Titul vermək İlhamənin səhvi idi. Adı dövlət verir. Hansısa xalq artist, müğənni yox. Yəni ad fəxri ad sayılır. Qalanları qondarmadır. İndi İlhamə Quliyevanın yerində kimlərsə at oynatmaq istəyəcək, amma alınmayacaq.

- Sosial şəbəkədə bir çoxları iddia edir ki, İlhamə Quliyevanın yerini xalq artisti Aygün Kazımova tutacaq.
- Yox əşi... Aygün.... Yoldaşlıq etməmişəm, bəlkə də yaxşı qızdır. Amma mən onu ilk dəfə türkiyəli müğənni Ebru Gündeş Bakıya gələndə konsertdə görmüşdüm. Əlində qəlyan çıxdı səhnəyə. Bu, mənə ləzzət eləmədi. Yəni xalq artisti ağzında qəlyan, iki dənə də cangüdən də yanında tualetə aparıb gətirirlər. Haqqında pis fikrim yoxdur, Allah canın sağ etsin. Mənim Aygünlə başqa nə alverim ola bilər ki?! Mən Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova kimi sənətkarlarla dost olmuşam.

- Bir müddət öncə mətbuatda yazılmışdı ki, sizin oğlunuz həbsxanadan azadlığa buraxılıb.
- Mənim oğlum yoxdur. İki qızım var. 1974-cü ildə qızlarımın anasından boşanmışam. Qızlarımı mən böyütməmişəm, amma namuslu-qeyrətli böyüyüb, ərə gediblər. Qızımın birinin əri ölüb, iki ya da üç uşağı var. Dəqiq bilmirəm.

- Qızlarınızla görüşürsünüzmü?
- Yox, axır vaxtlar xətrimə dəyən hərəkətlər ediblər deyə, görüşmürəm. Atanın ahı pis olur. Atanın yolunu gözləmək lazımdır.

- Bəs nəvələrinizi görmüsünüz?
- Yox, ot kökü üstə bitər.



- Övladlarınız sizə qarşı nə ediblər ki?
- Ailə söhbətidir, amma deyim. Qızım məndən icazəsiz çıxıb televizora camaata deyir ki, oğlum xəstədir, mənə pul verin. Bundan başqa mənə nə edəcəkdi ki?! Əgər pula ehtiyacın varsa, mənə de, mənim milyarder dostlarım var, onlara ağız açım.

- Onlar ata kimi sizdən razıdırlarmı?
- Necə razı olmasınlar ki, mən onları sinəmin üstündə böyütmüşəm.

Söhbətə Rəmiş müəllimin həyat yoldaşı Gülü qoşulur.
- Mən Rəmişin qızlarına hər şey etmişəm. Qızıldan, brilliantdan belə verdim.

- (Rəmiş) O vaxt Moskvadan hər həftə qızlarıma, analarına 1000 dollar göndərirdim.
- (Gülü) Qızların anasına da mən pul göndərirdim. Rəmiş də mənə hirslənirdi ki, niyə edirsən? Mən də deyirdim ki, o da qadındır, insandır.

- Qızlarınızla nə zamansa barışmaq istəyərsiniz?
- Mən kişinin oğluyam. Mənim atam elə kişi olmayıb ki, sözü iki olsun. Mən də atamın oğluyam. Qızlarımı heç zaman bağışlamaram. Ataya qarşı səhv Allah yanında günahdır. Xırda söhbətdə səhv edən insan, böyük söhbətdə də səhv edər. Ona görə də mən onları qəbul etmirəm.

- Bir neçə il öncə açıqlama vermişdiniz ki, həyatda ən böyük düşməniniz doğma qardaşınızdır.
- ( Bir az düşünür...)
Mən o sözü dilimdə desəm də bilin ki, yalan deyirəm. Mən xəstəxanada olanda qardaşım yanıma gəlmişdi. Hər dəfə yanıma gələndə çöldə qapıçıdan tutmuş, digər işçilərə pul verirdi. Həkimimin pullarını da qardaşım verdi. Mənim böyük qardaşımdır. Mən onun xırda səhvlərini bağışlamıram. Amma ona görə ölümə də gedərəm. Onu bağışlamayacağımı demişdim. Amma biz bir anadan dünyaya gəlmişik. Amma hələ də küsülüyük, gediş-gəlişimiz yoxdur. Onun başına bir iş gəlsə, elə bilin ki, həmin iş mənim başıma gəlib. Bəlkə də qardaşım qanmır, onu həyat yoldaşı öyrədir.

- Bildiyim qədəri ilə qardaşınız həyat yoldaşınız Gülüyə görə sizinlə danışmır...
- Gülünü qəbul etməyənləri, mən heç vaxt qəbul edə bilmərəm. Yəni bu mümkün olan iş deyil.


- (Gülü) Mənim onlara pisliyim dəyməyib. Mən Rəmişin qardaşının ayaqlarını da yumuşam. Hər zaman ona bir ata, böyük qardaş kimi hörmət etmişəm. Mənlə də yaxşı idilər. Sonradan nə oldusa, bizə qarşı dəyişdilər. Məni istəmədilər. Özümdə bilmirəm niyə? Mən elə də hörmətsiz adam deyiləm. Hər zaman Rəmişin qohumlarının yolunu gözləmişəm, hörmət etmişəm. Mənə qarşı bir insan yaxşılıq etdikdən sonra pislik etsə, mən pisliyi unudub, yaxşılığı yadda saxlayıram. Rəmişin bütün qardaşlarının hər zaman hörmətini saxlamışam. Heç bir zaman onlara müraciət edən zaman adlarını çağırmamışam, “müəllim” deyə müraciət etmişəm. Hərdən oturub düşünürəm ki, bizə qarşı niyə belə dəyişdilər? Amma hələ də səbəbini tapa bilmirəm.

- Rəmişlə çətin günlər yaşadığınız zaman qohumlardan dəstək gördünüzmü?
- Yox, biz hər zaman demişik ki, bizə yalnız yadlar kömək olub. Ümumiyyətlə, mənim qohumlarım yoxdur. Rəmişin qohumları da heç bir yardım etməyib. Evimiz olmayanda Rəmişlə maşında yatırdıq. Biri demirdi ki, gəlin bizdə yatın. Gedib saatla hamam götürürdük, Rəmişin paltarlarını yuyurdum, yığırdım maşına, gəlib restoranın həyətində işçilərə xahiş edirdim ki, siz sərin, məni görməsinlər ki, Rəmişin başı aşağı olmasın.

- Gülü xanım açıqlamanızda söyləmisiniz ki, Rəmiş sizlə evli ola-ola evə xanım gətirmişdi. Hətta 4 ay üçünüz bir otaqda yatmısınız.
- Onlar səhv deyil, alın yazısıdır. Allah o yolu göstərib, bu da edib. Bəs indi niyə etmir? Düzdür, qadını gətirmişdi. Düz, 4 ay saxladım.

- Rəmiş bəy yenidən evə qadın gətirsə, bağışlayarsız?
- İndi eləməz. Yaş da o yaş deyil axı. Bu günə qədər nə edib, halal xoşu olsun.
- (Rəmiş) Daha elə şeylər etmərəm.

- Rəmiş müəllim, açıqlamanızda söyləmişdiniz ki, 9 illik dosunuz Vüqar qızıllarınızı oğurlayıb. Aqibəti necə oldu?
- O boynuna almaq istəmirdi ki, qızılları özü oğurlayıb. Ondan danışanda əsəbiləşirəm.
- (Gülü) Deməli İrana Rəmişi həkimə aparırdıq, qızıllarımızın evdə qalmasını istəmirdik. Elə ona görə illərdir tanıdığımız insana dedik ki, biz gedirik, bu qızıllarda sizə əmanət. Yəni qonşumuza kirayə biri gəlmişdi deyə, evdə qızıllarımızı saxlamaq istəmədik. Bir sözlə Rəmişin dostunun yoldaşı Yeganəyə dedim ki, bu qızılları saxla, biz iki günə qayıdırıq. İrandan qayıdandan sonra istəyirdim deyəm ki, qızılları gətirin. Bir də gördüm ki, Vüqar əllərini divara qoyub dedi ki, Gülü xanım, bilirsiniz nə olub? Evə oğru girib, qızılları oğurlayıb. Mən də elə bilirəm ki, zarafat edir. Sonra mənə dedi ki, qızıllar itib, xərci nə qədər edirsə, mən verərəm, amma polisə xəbər vermə. Dedim, yaxşı. Sonra zəng edib qızıllarımın qiymətini ona dedim. Vüqar da mənə dedi ki, yarım saata zəng vuracam. Beləcə vaxtı uzadırdı. Polisin əli ilə 4 min manat, yəni 2 üzüyümün pulumu geri ala bildim. Amma polislər də yoxlamışdılar ki, o evə oğru girməyib. Bir sözlə 10 mindən artıq qiymətdə olan qızıllarımızın arxasına keçdilər.