“Koroğlu” operasının diskinin təqdimatı keçirilib - fotolar

“Koroğlu” operasının diskinin təqdimatı keçirilib -  fotolar
433 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının DVD diskinin təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, DVD əməkdar artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb. Gecədə bəstəkar Arif Məlikov, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti İlham Namiq Kamal, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbəri Akif Məlikov, eyni zamanda tanınmış ictimai xadimlər, sahibkarlar, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Qonaqların hər birinə “Koroğlu” DVD-si təqdim edilib.

Təqdimatdan sonra, Ramil Qasımov Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına xorun müşayiətiylə (dirijorlar əməkdar incəsənət  xadimi Nazim Hacəlibəyov və Şəhla Ələkbərova) konsert proqramı ilə çıxış edib. Açıq hava altında keçirilən mərasimdə çıxış edən Ramil Qasımov bildirib ki, Azərbaycan prezidenti müvafiq sərəncamına əsasən bu günü sahibkarlıq günü elan edib. 

Ramil Qasımov çıxışında bildirib ki, bu gün Azərbaycanda gənclərə qayğı və diqqət əvəzsizdir:

“Biz hər birimiz dövlətimizə, xalqımıza, nədəsə faydalı olmağa çalışırıq. Ölkəmizdə  saysız hesabsız gənclər var. Onlardan da biri  mənəm. Hər zaman göstərilən etimadı dogrultmağa çalışıram və bundan sonrakı fəaliyyətimdə də, sədaqətlə xidmət edəcəyəm. DVD-nin işıq üzü görməsində, eyni zamanda tədbirin keçirilməsində əziyyəti olan və tədbirə təşrif buyuran hər kəsə təşəkkür edirəm”.

Tədbirdə Ramil Qasımovun ifasında sözləri Səməd Vurğuna, musiqisi Arif Məlikova məxsus olan “Azərbaycan” mahnısı da səslənib.