“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı”nın açılış mərasimindən fotolar

“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı”nın açılış mərasimindən   fotolar
975 dəfə oxunub
  • A-
  • A
  • A+

“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi çərçivəsində silsilə tədbirlər davam edir.

Axşam.az xəbər verir ki, tədbir iştirakçıları mayın 4-də Cavad xan küçəsində təşkil edilən “Qədim Gəncə” adlı sərgi ilə tanış olublar. Burada Gəncə sənətkarlarının hazırladığı əl işləri, misgərlik, zərgərlik, dulusçuluq məmulatları, həmçinin bir sıra el sənətkarlığı nümunələri nümayiş olunub. Sərgi ilə tanışlıq zamanı qonaqlara Gəncənin milli mətbəxi və şirniyyatları təqdim edilib.

Məhsəti Gəncəvi Mərkəzinin qarşısında qonaqlara Göygöl Mahnı və Rəqs Ansamblının ifasında maraqlı konsert proqramı təqdim olunub. Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarına həsr olunan səhnəciklər, incəsənət ustalarının çıxışları maraqla qarşılanıb.

Sonra qonaqlar Gəncə çayı sahilində yeni salınan park-bulvar kompleksinə gəlib. Onlar burada gənc rəssamların, heykəltəraşların əl işlərindən ibarət sərgiyə baxıblar. Bulvarda uşaqlar üçün salınan əyləncə mərkəzinin qarşısında qonaqları Azərbaycan xalq nağıllarının və cizgi filmlərinin personajları qarşılayıb.

Daha sonra Gəncəçay bulvar ərazisində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin ofisinin açılışı olub. Bildirilib ki, ictimai birlik il ərzində Gəncə şəhərində çoxsaylı tədbirlərin təşkilində yaxından iştirak edəcək, bir sıra layihələrin icrasına öz töhfəsini verəcək.

Sonda Azərbaycan əsgərlərinin Bayraq Meydanına gətirdiyi uzunluğu yüz metrdən çox olan Azərbaycan bayrağı gənclərin vətənpərvərlik hislərini coşdurub, tədbir iştirakçılarına xoş təsir bağışlayıb.

“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi çərçivəsində keçirilən tədbirlərin ikinci günü geniş konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb. (AzərTac)