Azərbaycanlı sənətçinin növbəti uğuru

Azərbaycanlı sənətçinin növbəti uğuru
903 dəfə oxunub
  • A-
  • A
  • A+

Vyana Dövlət Operasının cari mövsümdə təqdim etdiyi tamaşalar içərisində bəstəkar Cakomo Puççininin şah əsəri olan “Turandot” operasının xüsusi yeri var.

Hələ bir neçə həftə öncədən bütün biletlərin satıldığı bu tamaşa aprelin 28-dən mayın 12-dək Dövlət Operasının səhnəsində beş dəfə nümayiş etdirilir. Müasir dövrümüzün ən tanınmış opera rejissorlarından biri olan isveçrəli Marko Arturo Marellinin səhnə quruluşunda təqdim edilən “Turandot” tamaşasında azərbaycanlı tenor Yusif Eyvazov baş rolda çıxış edir.

İlk azərbaycanlı tenor kimi Vyana Dövlət Operasının səhnəsində yer alan Yusif Eyvazovun canlandırdığı Kalaf obrazı tamaşaçılar və klassik musiqi tənqidçiləri tərəfindən müsbət qarşılanıb. Opera sənətinin ən çətin ifa edilən ariyalarını özündə ehtiva edən “Turandot” operasındakı partiyalarını, xüsusilə “Nessun dorma” ariyasını yüksək ustalıqla ifa edən Yusif Eyvazov, həmçinin aktyorluq istedadı ilə də tamaşaçıların qəlbini fəth edib. Tatar şahzadəsi Kalaf obrazı ilə Yusif Eyvazovun dünyanın ən sayılıb-seçilən opera teatrlarından biri olan Vyana Dövlət Operasında debütü uğurlu olub.

Qeyd edək ki, opera həvəskarlarının sevimli əsəri olan “Turandot” operasını əsas süjet xəttini təşkil edən şahzadə Turandotun hekayəti dünya ədəbiyyatında ilk dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən “Yeddi gözəl” poemasında öz ədəbi təzahürünü tapıb.

AZƏRTAC