Habil Əliyev adına I Respublika Müsabiqəsi başa çatıb - fotolar

Habil Əliyev adına I Respublika Müsabiqəsi başa çatıb - fotolar
1901 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən Gənc Kamança İfaçılarının Habil Əliyev adına I Respublika Müsabiqəsi başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, müsabiqənin əsas məqsədi milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi, həmçinin kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması və onların dəstəklənməsidir.

Müsabiqə 2 turdan ibarət olmaqla 3 yaş qrupunu əhatə edib. Respublikamızda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi və humanitar kolleclərdən, Bülbül adına Orta İxtisas Musiqi Məktəbindən 150-dək şagird və tələbə müsabiqədə iştirak edib.

Müsabiqənin I turu Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Goranboy, Ağcabədi rayonlarında keçirilib. I turda müvəffəqiyyətlə iştirak edən 53 şagird və tələbə II tura keçib. Müsabiqənin II turu Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində baş tutub.

Müsabiqə iştirakçılarının çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə və Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Manafovdan ibarət münsiflər heyəti qiymətləndirib.

Müsabiqədə uğurla çıxış etmiş şagird və tələbələr, onların müəllim və konsertmeysterləri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərmanlar və mükafatlar təsis edilib.

Qaliblərin mükafatlandırılması və yekun konserti 2016-cı il mayın 25-də Beynəlxalq Muğam Mərkəzində olacaq.