"Həyat, sən nə qəribəsən" serialının aktrisası Rusiyaya gedir

"Həyat, sən nə qəribəsən" serialının aktrisası Rusiyaya gedir
4115 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi iyunun 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutacaq.

Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə də ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndənin iştirakı nəzərdə tutulur.

Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər xarici ölkə teatr xadimləri ilə yaradıcılıq görüşləri də təşkil ediləcək.

Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyagin, eləcə də, digər peşəkar rus teatr xadimlərinin rəhbərliyi ilə baş tutacaq. Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri hazırlayacaq.

2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc aktyoru – Günel Məmmədova və Eşqin Quliyev 1 ay müddətində sözügedən məktəbdə iştirak edib.

Xatırladaq ki, A.Atakişiyeva "Həyat, sən nə qəribəsən" serialında da çəkilir.