“Çölçü” beynəlxalq film festivalında

“Çölçü”  beynəlxalq film festivalında
1409 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş etdiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, mayın 20-dən 25-dək keçiriləcək festivalın əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği, təcrübə mübadiləsi, kinematoqrafın inkişafına yeni, müsbət meyarların gətirilməsidir.

“Pamanteni” Birliyi və “Black Sea Trust”ın təşkilatçılığı ilə keçiriləcək festivalda 9 ölkənin filmləri nümayiş olunacaq.

Qeyd edək ki, “Çölçü” bədii filmi 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları canlandırıblar.

Film şəhər həyatından uzaqda yaşayan gənc çölçüdən bəhs edir. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq çölçünün həyatında yeni səhifə açır.

“Çölçü” bədii filmi indiyədək 29 beynəlxalq kinofestival və forumlarda nümayiş etdirilib, bir çox mükafat və diplomlara layiq görülüb.