"Hürrəm Sultan"dan maraqlı müsahibə

"Hürrəm Sultan"dan maraqlı müsahibə
3403 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur “Möhtəşəm yüz il” serialının Hürrəmi Məryəm Üzərli bir müddət əvvəl “yorulmuşam” deyərək Berlinə yollanmağı ilə bütün gündəmi özünə cəlb etdi. Bəziləri buna inanmayıb onun serialdan aldığı qonorardan narazı olduğunu dedi.
 
Almaniyada müalicə alan Üzərli haqqındakı bütün dedi-qodulara jurnalist Ayşe Armana verdiyi müsahibə ilə son qoyub.
 
Axşam.az Kulis.az-a istinadən həmin müsahibəni təqdim edir:
 
Berlində Məryəmlə birlikdə idim. Onun sevdiyi yerlərə getdik. Məryəm artıq Hürrəm deyil, ulduz deyil, məşhur da deyil. 31 yaşında adi bir qadındır. Məni parklara, kafelərə apardı. Yeni evini göstərdi və Türkiyədə keçirdiyi 3 ildən danışdı. Mən onun səmimiyyətinə inandım, oxuyun görək siz nə hiss edəcəksiniz...
 
- May ayında Türkiyədən qaçdın. Səndən sonra həyatımıza “tükənmişlik sindromu” anlayışı daxil oldu. Müalicən necə gedir?
 
- Ağır günləri geridə qoymuşam. İndi daha yaxşıyam. Saçlarımı kəsdirmişəm, rəngini tündləşdirmişəm. Təbii vəziyyətimə qayıtmışam. Yenidən velosipedə minməyə başlamışam. Bu ilin sonuna qədər müalicəm davam edəcək.
 
- Nə müalicəsidir bu?
 
- İlk 15 gün həkim nəzarətində oldum. Əvvəlcə kimyəvi dərmanlar verdilər, indi bitki əsaslı dərmanlar qəbul edirəm.
 
- Bütün Türkiyə geri qayıtmağını gözləyir. Belə bir ehtimal varmı?
 
- İndi yoxdur. Bəlkə gələn il. Amma Hürrəm rolu üçün bir də qayıda bilmərəm, mümkün deyil.

 
- Berlində özünü daha yaxşı hiss edirsən?
 
- Əvvəlcə narahat idim. Klinikada zəng çalınanda elə bilirdim Türkiyədən gəliblər, məni zorla aparacaqlar. Başım çox dumanlı olduğuna görə Almaniyaya gəldim. Əlbəttə Türkiyədə də yaxşı xəstəxanalar və həkimlər var. Ancaq ana dilim almandır, nə baş verdiyini burada daha yaxşı izah edə bilərdim.
 
“Ulduz kimi yaşadığımız həyat virtualdır”
 
- Dedilər daha çox qonorar istəmisən. Belə deyildisə, niyə çıxıb “Yox belə deyil” demədin?
 
- Haqqımda o qədər xəbər çıxdı ki! Həmin vaxt mən xəstəxanada yatırdım. Cavab verməyə gücüm yox idi. Məcbur qalmasam, getməzdim. Dörd bölüm qalmışdı. Hətta ona da gücüm qalmamışdı. 
 
- Berlində fərqli insansan?
 
- Artıq Hürrəm deyiləm, əvvəlki Məryəməm. Hürrəmlə sağollaşdım. Güzgüyə baxanda Hürrəmi görmək istəmirdim. Ona görə dəyişdim görünüşümü. Hürrəm ən çox təsirləndiyim roldur.
 
- Almaniya ilə Türkiyə arasında fərq nədir?
 
- Bura mənim evimdir. Dostlarım, ailəm... Bu şəhərin küçələrini ovcumun içi kimi bilirəm. Burada məşhur deyiləm, sıradan biriyəm. Ulduz deyiləm. Azad, 31 yaşında, altı ay sonra ana olacaq bir qadınam.
 
“Hamiləliyimi rahat keçirmək istəyirəm”
 
- Almaniyadakı insanlar sənin Türkiyədə bu qədər populyar olduğunu bilirlərmi?
 
- Xeyr. Bəziləri serialda oynadığımı bilirlər. Ulduz kimi yaşadığımız həyat əslində virtualdır.
 
- Subay ana olmağın çətinliklərinin fərqindəsən?
 
- Bəli. Hərdən qorxuram. Mənim üçün ən rahatı abort etdirmək olardı. Amma yaşayacağım gözəl anlar hər şeyə dəyər. Yəqin gələcəkdə qarşıma məni anlayan bir insan çıxar.
 
- Harada böyütmək istəyirsən övladını?
 
- Həyat fəlsəfəmiz, inancımız, həyata baxışlarımız Canla (Üzərlinin keçmiş sevgilisi Can Ateş –red.) eyni olsaydı, Türkiyəyə də köçə bilərdim. Amma elə olmadığı üçün Almaniyada yaşayacağam böyük ehtimalla. Serialdan qazandığım pulla Berlində balaca bir ev almışdım, hamilə olduğumu öyrənəndə bir az böyük ev almağa qərar verdim. Dinc hamiləlik keçirmək istəyirəm. Mən həqiqəti bilirəm, Allah da bilir, bu, mənə yetər. Onsuz da övladımı ilk aylarda neqativ enerji ilə çox yükləmişəm...
 
- Bəlkə barışdınız yenidən...
 
- Bağışlamaq çox vacibdir. Hamımız hər şeyi bağışlamalıyıq. Əks təqdirdə bu bizim üçün böyük yük olar. Yəqin Canı bir gün bağışlayacağam. Amma bir daha birlikdə ola bilmərik.
 
“Mən bir adamı sevdim, o adamsa əslində yox idi”
 
- İntihar etmək istədiyin düzdür?
 
- Bəli. Antalya Televiziya Mükafatları gecəsində. Mükafatı otel otağımda yerə atdım, parçaladım. Dəli kimiydim. Hər yerim kəsildi. Can da yanımdaydı. Balkondan atmaq istədim özümü. Son çarə artıq ölmək idi.
 
- Necə oldu bu vəziyyətə gəldin?
 
- İşim, şəxsi həyatım... Hər şey üst-üstə gəldi. Yaşadıqlarımı daşıya bilmirdim.
 
- Hər şeyin səbəbi şəxsi həyatında yaşadıqlarındır?
 
- Xeyr. Olanlara  görə bir insanı günahlandıra bilmərəm. Bu, səhv olardı. Türkiyəyə gələndən bəri çoxlu səhvlər etdim. Özümə ev tutmadım. Məsələn oteldə qaldım, bu, səhv addım idi . Robot kimi işləməyə başladım. Birinci sezon çox çətin keçdi, çünki hər serialda olduğu kimi iş saatları və komanda hələ oturuşmamışdı. Hər nə qədər “türkəm” desəm də, əslində mədəniyyət, dil mənə yad idi. Yuxusuzluq insanın psixologiyasını məhv edir. İşimdə mükəmməlliyə can atıram. Dialoqları unutmaq istəmirdim. Türk aktyorların yarım saatda əzbərlədiyi şeyləri mən bütün gecə oturub əzbərləyirdim. İkinci sezon da ağır keçdi. Meral Okay xəstələndi deyə, ssenari və məkanlar tez-tez dəyişirdi. Heç kimin günahı yoxdur, amma komanda olaraq çox əziyyət çəkdik. Ətrafımda çoxlu insan olsa da, mən tək idim...
 
“Güvənmək istəyirdim”
 
 - Dostların yox idi?
 
- Vardı, həm də yox idi. Həqiqi dost idik, amma dostluq, inam yoxuydu. Həssas insanam mən. Ona görə bəlkə də yaxşı oynaya bilirəm. Rola girə bilirəm. Hürrəm çox çətin roldur və məndən çox uzaqdır. “O güclü, mən zəifəm” demirəm, mənim də güclü tərəflərim var, amma biz Hürrəmlə tamam fərqli qadınlarıq. Hürrəm olmaq asan deyildi. Son nəfəsimə qədər Hürrəm üçün yaşadım. İndi Hürrəmin şəklini görəndə sarsılıram. Ağlamağa başlayıram. Bu mənim günahımdır, Məryəmi məhv etdim, 3 il Hürrəmlə yaşadım. Son aylarda onu yaşatmaq üçün gücüm qalmadı. İçim bomboş idi. Güvənə biləcəyim birini axtarırdım mən əslində...
 
- Və tapa bilmədin...
 
- Bəli tapa bilmədim. Qadın-kişi münasibətləri baxımından qəribə bir şey var Türkiyədə. Orada qadın olmaq daha çətindir. Rahat ola bilmirsən. Güvənə bilmirsən, insanların ağlından nə keçir başa düşmürsən, göründükləri kimi deyillər, həmişə özünü qorumalısan. Almaniyada mənim hər təbəqədən dostlarım var. Amma Türkiyədə elə olmur. Ya varlılarla oturub durmalısan, ya Cihangir kafelərində oturanlarla. Bunlar məni yordu. Mədəniyyətlərini başa düşə bilmədim...
 
“Səbəb Can deyil”
 
- Canla necə tanış oldun? Onu hələ də sevirsənmi?
 
- Nebahat Çehre bizi tanış eləmişdi. Mən olmayan bir adamı sevdim. Onu ideallaşdırdım. Bir şəkli sevməyə oxşayırdı. Arxası boş idi. Getdikcə ona vuruldum, əziyyət çəkdim. Bir illik münasibətimizdə hər şeyimi ona verdim. Özümü unutdum. Amma heyif səhv insana vuruldum...
 
- O “səhv insanı” da sən seçmişdin amma!
 
- Əlbəttə. Ona görə də “hər şey Canın günahıdır” demirəm. Onunla Türkiyədəki üçüncü ildə tanış oldum. Fiziki və psixoloji baxımdan güclü deyildim. Balacalaşmış, öz içimdə lap balaca qalmışdım. Can həyatıma girəndə “Kimdir bu adam? Necə biridir?” deyə maraqlanmadım heç. Araşdırmadım. Biri mənə: “Manyaksan? Əvvəlcə bir Google-a girib onu araşdırardın” dedi. Təəccübləndim. “O səni aldadar. Gözəl qadınlarla birlikdə olan playboydur” dedi. Amma Google-lamaq heç ağlıma da gəlməmişdi...
 
“Çox tənha idim...”
 
- Bəs sonra...
 
- Bir neçə dəfə görüşdük. Dost qalmaq istəyirdim. Amma o qədər tənha idim ki, özüm də fərqinə varmadan onunla görüşməyə başladım. Məni bəyənən, məni sevən birinin olmasına sevinirdim. Sonra vuruldum. Almaniyada müalicə alanda psixoloqum məndən: “Səncə bu adama niyə vuruldun? Almaniyada olsan, onu sevərdin?” deyə soruşdu, cavab verə bilmədim. Almaniyada yəqin ki onu sevməzdim...
 
- Münasibətiniz necə idi?
 
- Əvvəllər Can çox pozitiv idi. “Bu adam mənə güc verəcək” dedim. Amma tamam əksi oldu. Bir müddətdən sonra depressiv, problemləri olan biri ilə qarşılaşdım. Ona yazığım gəldi. “Onu heç kim anlamır. Çox həssasdır, həyatının ağır dövrlərini keçirir” dedim, ona dəstək oldum. Onun həyatı ilə yaşamağa başladım. Amma özüm də gücsüz idim, onun dərdini çəkmək də məni lap gücsüzləşdirdi. Mənim işim onun üçün vacib deyildi, ancaq ona vaxt ayırmağımı istəyirdi.
 
- Bəs hamiləlik...
 
- Belə bir planımız yox idi. Təsadüfən oldu. Mən dərman istifadə etmirəm. Heç vaxt istifadə etmədiyim başqa bir qorunma vasitəsinə müraciət etdik. Can belə istəmişdi. Dedim, bu vasitəyə çox güvənmirəm, amma o çox əmin idi. Olan oldu. Mən hamilə qalmaq istəmirdim. Hürrəmi hamilə vəziyyətdə oynaya bilməzdim ki.
 
- Evlənmək istəyirdin?
 
- Yox. Mən evliliyə inanmadığımı əvvəlcədən demişdim. Çətindir, bir-birinə çox uyğun iki ruh olmaq lazımdır. Etiraf edirəm, amma birlikdə yaşamağa “yox” deməzdim. Can istəməzdi bunu. Çünki bu onun azadlığını əlindən alardı. Mənimlə gəzməyi, birlikdə kafelərə getməyi sevirdi. Axırda o evinə, mən otelə qayıdırdım. Bir evim də yox idi. Bu münasibətdə “qonaq” idim. İndi düşünürəm və görürəm ki, o mənimlə sevgili olmayıb, sadəcə gəzib. Mənimlə görünmək, jurnalistlərin şəkillərimizi çəkməyi xoşuna gəlirdi.
 
- Bir ara deyəsən pəhriz saxlayırdın. Serialdan istəmişdilər?
 
- Yox. Onlar çəkimdən razı idilər. Məmnun olmayan Can idi. “Səni seksual baxımdan cazibədar hesab etmirəm, arıqlasan yaxşı olar” dedi. Bunu mənim yaxşılığım üçün istəyirmiş guya. Onunla birlikdə olanda özümə inamım məhv oldu. Geyindiklərimi də bəyənmirdi. Özünə yaraşdırmırdı. Özümdən nifrət etməyə başladım, o qədər çarəsiz və gücsüz idim ki, ona etiraz edə bilmirdim. Beş gün əhvalım yerlə bir olurdu, bir gün yaxşı. Bir günün xoşbəxtliyinə görə beş günün əhvalsızlığına dözürdüm. Və sonunda tükəndim.
 
- Sevgilin müsahibəsində xəstəliyin iş şərtlərinin ağırlığından qaynaqlandığını demişdi...
 
- O müsahibə də belə oldu. Mənə zəng vurdu. “Hamı mənə zəng vurur, suallar verirlər. Bir jurnalist dostum var...” dedi. “Müalicə alıram, yaxşılaşıram deyə bilərsən” dedim. Sonra verdiyi müsahibəni gördüm. İş şərtlərim çətinmiş, insanlıqdan deyilmiş, hamısı ona görəymiş, aldığım pul az imiş, çəkilişdə ürəyim gedibmiş filan.
 
- Hamilə olduğunu necə öyrəndin?
 
- Can mən Almaniyaya köçəndən cəmi 3 dəfə yanıma gəldi. Axırıncı dəfə iyunun 20-də gəldi və “Nə olub sənə? Döşlərin şişib” dedi. Ağlımda hamiləlik heç yox idi. “Hamiləlik testi elə” dedi. Zarafatlaşdım. Amma aptekdən bir test alıb yoxladım. Gözlərimə inanmadım, iki zolaq vardı. Hamiləydim!
 
 “Şoka düşdük”
 
- Reaksiyası necə oldu?
 
- Şoka düşdük. “Mənim onsuz da iki uşağım var. Bu uşağı istəmirəm. Qəbul etməyəcəm. Abort etdirməlisən. Sənin üçün də ən yaxşısı bu deyil?” dedi. Sonra “Heç kim serialı xəstəliyinə görə atdığına inanmaz. Serial səni məhkəməyə verər. Bu uşaq səni məhv edər. Qurtul bu uşaqdan!” deyə davam etdi. Mənsə susurdum. Psixoloqa getdik. “İçim razı olmur. Abort etdirmək özümü Allahın yerinə qoyub “doğulsun, ya da ölsün” qərarını vermək kimidir. Ürəyim istəmir” dedim. Can əsəbiləşdi. “Sən hər şeyi əvvəlcədən düşünmüşdün. Əsl üzünü indi gördüm” dedi mənə. Məcburən “ata olacaqsan” deyə bilmərəm ona. Ayrıldıq...
 
- Atasının istəmədiyi uşağı dünyaya gətirmək uşağa haqsızlıq olmaz?
 
- Amma uşağının atasız böyüməsi qərarını mən vermədim ki. O gün Can məni dəhşətli sözlər dedi. Üzümə tüpürürdü elə bil. Can həmin gün gözümdən düşdü. Ona daha heç vaxt inana bilmərəm. Allahlıq edə bilmərəm mən. 12 həftə ərzində düşə də bilərdi, amma düşməyib. Həyata gəlmək istəyir demək. Bu mənim inancım və qərarımdır. Sonra mənə mesaj yazdı. Mənə daha hörmət etmirmiş, uşağa da heç vaxt hörmət etməyəcəkmiş, onu saymamışammış, Türkiyədə heç bir qadın belə edə bilməzmiş filan. Həmin dövrdə çox ağladım, sonradan özümə gəldim. Uşağım üçün yoluma tək davam edəcəm. 31 yaşım var. Bəlkə bundan sonra heç ana ola bilmədim, çünki nəslimdəki qadınların belə problemləri olub.
 
Türkiyədə ən xoşbəxt olduğum anlar:
 
- İçində osmanlıca kəlmələr olan dialoqları çəkilişdə səhvsiz deyəndə.
 
- Beyaz Show-dakı dəqiqələr.
 
- “Qızıl Kəpənək” mükafatını qazandığım an.
 
- Oteldə sütlaç, süfle, paxlava kimi şirniyyatları üst-üstə yediyim vaxt.
 
- Sevgi dolu pərəstişkarlarımla qarşılaşanda.
 
- Çəkilişlərdə aktyor dostlarımla keçirdiyim gözəl dəqiqələr.
 
Gələcəklə bağlı istəklərim:
 
- “Möhtəşəm yüz il” komandası, Timur (Timur Savcı –red.) və göylərdəki Meral məni bağışlasın!
 
- Tarkanın klipində çəkilmək. Çox sevirəm onu.
 
- Xarici bir cizgi filmində xaricdən gələn bir heyvanı səsləndirmək. Zəif türkçəm və ləhçəmlə.
 
- Yaxşı bir filmdə çəkilmək.
 
- Uşağımla məşğul olmaq, sağlam, rahat bir hamiləlik keçirmək. Sağlam uşaq dünyaya gətirmək.
 
- Uşağıma sonsuz sevgi vermək.
 
- Berlində, sevdiyim dostlarla əylənmək.
 
- Ailəmlə olmaq, səyahətlərə çıxmaq.
 
- Və nəhayət, ürəyimə və ruhuma uyğun sevgi yaşamaq.
 
Mənbə: “Hürriyət” qəzeti