"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" - Əkiz bacılar+fotolar

"Əgər bacımın xətrinə dəysə, onu məhv edərəm" -  Əkiz bacılar+fotolar
7988 dəfə oxunub
  • A-
  • A
  • A+

Əkiz bacılar Sevil və Sevinc yaradıcılıq yeniliklərindən danışıblar.

Müğənnilərin Axşam.az-a müsahibəsini təqdim edirik:

- Son günlər əməkdar artist Röya Ayxanla layihə hazırladığınız xəbəri yayılıb. Bu işbirliyi nədən ibarətdir?

- Yeniliyimizdən birini mayın 27-də Röya Ayxanın konsertində təqdim edəcəyik. Sənətə yeni gələn hər bir insan bizim yerimizdə olmaq istəyər. Bir çox xanım müğənninin konsertində səhnəyə çıxıb onunla duet oxumuşuq. Amma Röya Ayxanla olan başqa səs-küy yaradacaq. Əslində Röya xanımla hər zaman dostluğumuz olub. Onunla olan münasibətimizi açıqlamağa çəkinmişik. Şou-biznesdə aravuran, gözügötürməyən insanlar çoxdur. İllərlə əlləşirik ki, hörmət qazanaq. Bir nəfər kəlməsi ilə qazandığın hörməti yerə vura bilər. Hər zaman dostluğumuzu gizli saxlamışıq.

Öz yaradıcı işlərimizi də unutmuruq. “Hərdən” mahnısına çəkdirdiyimiz klipi təqdim etməyimizdən 1 ay ötməyib, artıq izlənmə sayı yarım milyonu keçib. 1 ay tamam olsun yeni iş təqdim edəcəyik. Bu mahnı “Ey ürək” adlanır. Müəllifi Nurlan Təhməzlidir.

- Bildiyimizə görə, Nurlan Təhməzliylə uzun müddətdir küsülüsünüz...

 - Onun bizim üçün yazdığı “Əzab” adlı lirik mahnını remiks edib oxumuşduq. Nurlan da çox əsəbiləşmişdi. O vaxtdan sonra danışmırdıq. Onunla hansısa işə imza atanda elə olmayıb ki, dalaşmayaq. Özü də biz küsəndə bir-iki günlük getmirik, illərlə danışmırıq. İndi barışmışıq. Yay üçün hit mahnılar istəyirdik. Onu da Nurlandan aldıq. Klip də çəkdirəcəyik. Yenə də rejissor Nazim Şərbətə müraciət edəcəyik. Beş mahnımız var, bir-bir təqdim edəcəyik. Həmişə deyirdik ki, Nailə Mirməmmədlinin mahnısını oxumaq üçün böyümək lazımdır. Artıq böyüdük və ondan bəstə aldıq. Mahnını eşidəndə hamı şok olacaq. İlk dəfə onu başqa müğənni oxumaq istəyirmiş. Bizim klipin sonunda hamı görəcək ki, o hansı ifaçıdır. Bu klipi sentyabrda təqdim edəcəyik.

- Bəs konsert planı yoxdur?

- Artıq Tolik bununla bağlı danışıqlara başlayıb. “Yaşıl teatr”da konsert düşünürük. Albomu da onunla birlikdə təqdim edəcəyik.

- Hərdən sizi çox dəyişməkdə günahlandırırlar...

- Hansısa məclisə gedəndə hamıyla bir-bir görüşə bilmirsən. Kimsə gözündən qaçırsa, tez tutur qolundan ki, “Böyümüsən?”. Həm insan olduğu kimi qalmır, get-gedə dəyişir. İnsan-insana beş dəfə salam verməlidir?

- Ötən il “Hər şey daxil” verilişiniz yay tətilinə çıxmadı. Bu il istirahət düşünürsünüz?

 - Bu il gedəcəyik, payızda isə fərqli Sevil və Sevinc gələcək. “Hər şey daxil” olduğu kimi qalır. Bizi bu verilişdə hamı şıltaq qızlar kimi tanıyır. Yeni bir verilişimiz olacaq. Burada qlamur, nazlı xanım kimi görünəcəyik. “Xəzər” telekanalı yeni binaya köçüb, studiyamız da dəyişəcək. Eyni zamanda radioda aparıcılığa başlayacağıq.

- Geyimlərinizdə nələrə üstünlük verirsiniz?

- Əvvəl zövqlü xanımlar siyahısında adımız çəkilmirdi. İndi stilistlər bizim adımızı da çəkir. Bu da sevindiricidir. Ötən ilki verilişlərə baxanda deyirik, “Bu nədir biz geyinmişik?”. İndi tam dəyişmişik, efirdə reklam etdiyimiz paltarları tamaşaçılar gedib alır. Özü də reklam xatirinə hər geyimi geyinmərik. İmicimizi qoruyub saxlayırıq.

- Bir ara bağ evi tikmək üçün torpaq sahəsi almışdınız. Bağınız hazırdır?

- Tolik məcburən hasar tikdirdi. Sonra da bizi məcbur etdi ki, qapı qoyun. Ancaq hasarın tikib, qapısını qoymuşuq. Hələ tikdirməmişik.

- Bu yaxınlarda sizi ilk dəfə tək bir layihədə gördük...

- Sevinc: Verilişi bir ara iki həftə Sevilsiz apardım. Bir gecə özümü pis hiss edirdim, Sevildən xahiş etdim ki, verilişi sabah tək apar. Dedi, ölərəm, tək aparmaram.

Sevil: Əgər bacımın kimsə xətrinə dəysə, onu məhv edərəm. Bu məsələdə cəsarətliyəm. Amma verilişi tək aparmaqda cəsarətli ola bilmirəm.

Foto: Ramin ASLANOV