Akademikin yubileyi qeyd edilib - fotolar

Akademikin yubileyi qeyd edilib - fotolar
630 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 2-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli alim və tanınmış ictimai-siyasi xadim, akademik Vəli Axundovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin qatıldığı tədbir “Akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli Sərəncamına əsasən təşkil olunub.

Tədbir Vəli Axundovun həyat yolundan bəhs edən fotoslaydın nümayişi ilə başlanıb.

Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar açaraq Vəli Axundovu dəyərli vətəndaş, böyük insan, vətənpərvər bir şəxsiyyət kimi xarakterizə edib.

Xalq Yazıçısı ictimai-siyasi xadim, akademik Vəli Axundovun anadan olmasının 100 illiyinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunduğunu söyləyib.

Azərbaycanın işıqlı simalarından sayılan Vəli Axundovun həyat yoluna nəzər salan natiq deyib ki, o, ölkəmizə çətin illərdə rəhbərlik edib. Millətçilik probleminin hökm sürdüyü bir şəraitdə görkəmli ictimai xadim hər zaman Azərbaycanın mənəvi dəyərlərini, mədəniyyətini qorumağa çalıb. O, siyasi fəaliyyətində daim xalqın birliyinə, firavanlığına, azad düşüncəyə sahib olmasına səy göstərib. Bu baxımdan, milli ideologiyanın formalasmasında Vəli Axundovun xidmətləri danılmazdır.

Yazıçılar Birliyinin sədri xüsusi olaraq vurğulayıb ki, Vəli Axundovun adı hər zaman iftixarla çəkiləcək və onun gördüyü işlər heç zaman unudulmayacaq.

Xalq Yazıçısı Anar Vəli Axundovun sənət adamlarına diqqət və qayğısından, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği istiqamətində gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, o, Azərbaycan ədəbiyyatı ilə yanaşı, rus və dünya ədəbiyyatına da dərindən bələd idi.

Anar Vəli Axundovla, atası Xalq Şairi Rəsul Rzanın səmimi münasibətlərindən danışaraq onunla bağlı bır sıra xatirələrini bölüşüb.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ssenari müəllifi Yüsif Şeyx, rejissoru Yavər Rzayev olan "Vəli Axundov. XXI əsrdən baxış" sənədli filmi təqdim olunub.

Filmdə xalqımızın ümummilli lideri Heydər Əliyevin 1996-cı ildə akademikin 80 illiyinə həsr olunan yubiley yığıncağında səsləndirdiyi fikirlərdən geniş istifadə olunub.

Ekran əsərində alimin ictimai-siyasi və elmi xidmətləri ilə yanaşı, bütövlükdə həyat yolu qızı Nigar Axundova tərəfindən tamaşaçılara çatdırılıb.

Bildirilib ki, Vəli Axundov 1916-cı il mayın 14-də Bakının Saray kəndində anadan olub, 1935-ci ildə Bakı Sənaye Texnikumunu, 1941-ci ildə isə Azərbaycan Tibb İnstitutunu bitirib. Vəli Axundov hərbi həkim kimi 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, ordudan tərxis olunduqdan sonra Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda işləyib, instituta və Səhiyyə Nazirliyinə rəhbərlik edib. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində çalışıb. Vəli Axundov eyni vaxtda Sov.İKP MK-nın Zaqafqaziya bürosunun üzvü olub. 1969-cu ildə Elmlər Akademiyasının vitse-prezidenti seçilib, 1972-ci ildə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna direktor təyin edilib.

Vurğulanıb ki, o, hansı vəzifədə çalışmasından asılı olmayaraq elmlə əlaqəsini kəsməyib, elmi tədqiqatlarını uğurla davam etdirib. Vəli Axundov əsasən ətraf mühitin, o cümlədən su təchizatı, torpağın gigiyenası sahəsində tibbi-ekoloji problemlərin aktual aspektlərini tədqiq edib, 5 monoqrafiya, 100-dən çox elmi məqalə yazıb. Onun rəhbərliyi ilə 5 doktorluq və 30-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

Qeyd olunub ki, V.Axundov, həm də gözəl və qayğıkeş ailə başçısı olmaqla yanaşı, övladlarının cəmiyyətə layiq vətəndaş kimi yetişməsi üçün əlindən gələni edib.

V.Axundov çoxillik siyasi, ictimai, elmi və təşkilati fəaliyyətinə, eləcə də Böyük Vətən müharibəsi illərində göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla təltif olunub.

1986-cı il avqustun 22-də V.Axundov Bakı şəhərində dünyasını dəyişib, Fəxri xiyabanda dəfn edilib.

Konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli bəstəkarlarımızın əsərləri səsləndirilib.(AZƏRTAC)