"İnsanların məndən zəhləsi gedəcək" - Aysel+fotolar

"İnsanların məndən zəhləsi gedəcək" -  Aysel+fotolar
21730 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az aktrisa-aparıcı Aysel Nazimin müsahibəsini təqdim edir. Aysel hazırda "Xəzər" telekanalında yayımlanan "Rahat ev" verilişinin aparıcılığını edir.

- Tamaşaçılar sizi ilk dəfə ATV kanalında idman xəbərlərinin aparıcısı kimi tanımağa başlayıb. Niyə məhz idmanla bağlı veriliş?

 - İdman aparıcısı olmaq ürəyimcə idi. Özüm də uşaqlıqdan yüngül atletika ilə məşğul olmuşam. Vaxtım olduqca futbolları stadiondan canlı izləyirdim. Daha sonra seriallardan təkliflər gəlməyə başladı. "Xəzər"dəki "Rahat ev" verilişi isə evlərin təmiri ilə bağlıdır. “Xəzər” də, ATV də mənə doğma kanaldır.

- ATV-də “Eks Bacanaqlar” serialında rol alırsınız. “Xəzər”də aparıcılıq etmək oradakı işinizə problem yaratmadı?

- Xeyr. Həftənin bazar günləri həm “Xəzər”də verilişim, həm də ATV-də serial yayımlanır. Peşəkar aktyorlarla çalışmaq mənim üçün təcrübədir. Onlardan nələrsə öyrənməyə çalışıram. Bir-birimizə çox bağlıyıq. Hər iki işimi də çatdırıram. Düzdür, çox zaman yuxusuz qalıram. İnsan işini sevəndə, hər şeyə vaxt tapır.

- Aparıcılıq və akrisalıq. Hansı peşə sizə daha yaxındır?

- “Eks Bacanaqlar” mənim aktrisa kimi rol aldığım dördüncü ekran işidir. Bundan əvvəl "Region" TV-də yayımlanan “Sənin deyil” serialında rol almışam. İki-üç ay sonra təqdim olunacaq "Sara" filminə çəkilmişəm. Rol aldığım “Gülüm” serialının çəkilişləri isə yarımçıq qaldı. Ona görə də aktrisa kimi “Eks bacanaqlar”da çəkilmək mənə yad deyildi. Firəngiz Mütəllimova, Fidan Axundova, Fatma Mahmudova və Zöhrə Abdullayeva lazım olanda öz məsləhətlərini verirlər.



- Serialda mənfi obrazdasınız. Buna görə sizi tənqid edirlər?

- Mənfi rəylərə rast gəlmirəm. Çünki kiminsə ərini əlindən alan obrazı canlandırmıram. O fikirləşir ki, subay oğlandı. Ona görə də heç kim pis qarşılamır, əksinə, hamı məni sevir. Əsas da balaca uşaqlar, yaşlı nənələr... Küçədə məni görəndə “Aaa, Xəyalə” deyə çağıranlar olur. Düşünürəm ki, aktyor mənfi obrazı o qədər yaradıcı oynamalıdır ki, tamaşaçı inansın. Həmişə bu cür obrazlar canlandırmaq istəmişəm. Bu arzum “Sara” filmində reallaşıb. Həmin film işıq üzü görəndə, insanların məndən zəhləsi gedəcək. Əslində ixtisasım ingilis dili ilə bağlıdır. Aktrisalıq təhsilim yoxdur. Arzum Hollivudda Robert Denironun kurslarına qatılmaqdır.  Həm də düşünürəm ki, bu sahə üçün gərək istedadın ola, təkcə oxumaqla alınmır.

- Tez-tez Türkiyəyə səfər edirsiniz...

- İki il orada yaşamışam. Türkiyə mənim ikinci evim kimidir, özümü yad hiss etmirəm. Mənə oradan film təklifi gəlmişdi. Amma Elməddin Cəfərova "Eks bacanaqlar"da oynayacağımla bağlı razılıq verdiyim üçün təklifi geri çevirdim. Bir işi yarımçıq qoymağı sevmirəm. Türkiyədə olarkən məşhurlarla etdiyim müsahibələr “ATV maqazin onlarla” verilişində yayımlanmışdı. 

- Bir müddət əvvəl həyat yoldaşınızdan boşandınız. Övladınız sizinlə yaşayır?

- Bəli. Oğlum Hakan Efecan Türkiyə vətəndaşıdır.  Boş vaxtım olan kimi film izləməyə gedirik. Hakan karate ilə məşğul olur. 20 gün bundan öncə imtahan verərək Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub. “Canbala” qrupunun üzvüdür. 2 yaşı olanda Röyanın “Bax” klipinə, daha sonra isə Abbas Bağırovun ekran işinə çəkilib. Mənə deyir ki, istəyirəm, küçəyə çıxanda məni tanısınlar, şəkil çəkdirsinlər.



- Keçmiş həyat yoldaşınızla münasibətləriniz necədir?

- Normaldır. İnşallah, oğlumuzun ad günündə də gələcək. Mən onun anası olduğum qədər, o da atasıdır. Biz onunla pis ayrılmamışıq. Sadəcə, qismətdir. Heç kim ayrılmaq üçün evlənmir. Bəzi şeylər olur və insan məcbur qalır. Nə olsun ki, biz boşanmışıq? Heç bir zaman onun arxasınca danışmaram, o da həmçinin. Biz qarşılıqlı razılıq əsasında ayrılmışıq. Sevgi bitdikdən sonra davam etməyin mənası yox idi. Heç kimə də icazə vermərəm ki, onun haqda pis söz danışa. İkinci dəfə ailə qursa, pis baxmaram. Amma bilirəm ki, o bunu istəmir.



- Bəs siz ikinci dəfə ailə qurmaq haqda düşünürsünüz?

- Bu mənə çətin gəlir. Oğlum böyüyəndən sonra bəlkə də mümkündür. Onun toyunda tək olmamaq üçün bu addımı ata bilərəm. İndi sırf karyeramı düşünürəm. Çünki oğluma gözəl gələcək qurmalıyam.
 
- Bir az da baxımdan danışaq. Üzünüzə necə qulluq edirsiniz?

- Dərini çox yükləmək lazım deyil. Tonal kremden istifadə etmirəm. Təbii məhsullara üstünlük verirəm. Gündəlik həyatımda kosmetikadan uzağam. Məkana uyğun geyinirəm. Brend xəstəsi deyiləm, amma bədxərcəm. Xoşuma gələni alıram. Ən bahalı geyimim 2500 manat, ən ucuz isə 40-50 manat dəyərində olub.

Sərvər MEHTİYEV,

Foto: Ramin ASLANOV