Xalq rəssamının yubiley sərgisi keçirilib - fotolar

Xalq rəssamının yubiley sərgisi keçirilib - fotolar
542 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 7-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Baba Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisi açılıb.

Axşam.az xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli rəssamın həyat və yaradıcılığından söz açıb.

Bildirilib ki, sənətə gəlişi Böyük Vətən müharibəsi illərinə təsadüf edən rəssamın yaradıcılığında əsas yeri cəbhədə igidlik və mərdlik nümunəsi göstərən döyüşçülərin bədii obrazları tutur. Onun “Təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığı” əsəri, komissar Novruz Aslanovun və polkovnik S.Suprunun portretləri məhz bu illərə təsadüf edir.

Vurğulanıb ki, müharibədən sonrakı illərdə Baba Əliyev də digər rəssamlar kimi sadə zəhmət adamlarının bədii ümumiləşdirilmiş obrazlarının yaradılması istiqamətində böyük zəhmət sərf edib. İnsanların dərin məna və həyəcanverici obrazlarını yaratmaq bu illərdə rəssamın qarşısına qoyduğu əsas bədii istiqamətlərdən biri idi. Onun “Yeni növbə”, “Neftçilərin istirahəti”, “Tankçıların istirahəti” adlı çoxfiqurlu kompozisiyaları bu qəbildəndir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib. Unudulmaz rəssamın Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə toxunan F.Xəlilov onun portret, mənzərə və natürmortları ilə hər zaman ümumittifaq və respublika sərgilərində müvəffəqiyyətlə iştirakını qeyd edib. F.Xəlilov görkəmli fırça ustasının pedaqoji fəaliyyətlə məşğul bir insan kimi də təmsil etdiyi sahədə böyük işlər gördüyünü xüsusi vurğulayıb. Qeyd olunub ki, Baba Əliyev Azərbaycanda gənc rəssamların yetişməsində müstəsna xidmətlər göstərib.

Tədbirdə çıxış edən digər şəxslər rəssamın həyat və yaradıcılığı ilə yanaşı, insani keyfiyyətlərindən söz açıblar.

Daha sonra qonaqlar sərgi ilə tanış olub.

Sərgidə rəssamın müxtəlif mövzulu Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı, ailə kolleksiyasında qorunan 50-dək sənət əsəri nümayiş etdirilib. Rəssamın “Qızıl əllər”, “Yeni neft yatağında”, “Şeh”, “Çay qırağında”, “Meşədə səhər”, “Tut ağacı”, “Neftçilərin istirahəti”, “Səhərin şəfəqləri”, “Təyyarəçinin portreti” və digər tabloları maraqla qarşılanıb.

Sərgi iyunun 11-dək davam edəcək.(AZƏRTAC)