Hacıbaba Bağırovun anadan olmasından 84 il ötür

Hacıbaba Bağırovun anadan olmasından 84 il ötür
989 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 84-cü ildönümüdür.

Axşam.az-ın məlumatına görə, 1932-ci ildə Bakı şəhərində anadan olub.
 
Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində böyük təsiri olub.

Teatrla yanaşı kino sahəsində də fəaliyyət göstərib. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

1974-cü ildə əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. H. A. Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən «Şöhrət» ordeni ilə təltif edilib.

Hacıbaba Bağırov 6 oktyabr 2006-ci ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.