Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərləri

Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərləri
1573 dəfə oxunub
  • A-
  • A
  • A+
2013-cü ilin ilk həftələrindən teatrlarda yeni səhnə əsərlərinin hazırlanması başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrında 4 tamaşanın məşq prosesi gedir.

Onlardan biri İsveç dramaturqu Lars Norenin "Müharibə" pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Müharibənin insan taleyinə gətirdiyi çətinliklərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Qeyd edək ki, Azərbaycan teatrında ilk dəfədir ki, İsveç dramaturgiyasına müraciət olunur. Əsər bir ailə dramını canlandırmaqla müharibənin insanları mənəvi şikəst etdiyini də diqqətə çatdırır. Rolları Kəmalə Hüseynova, Rasim Cəfər, Qurban İsmayılov, Nigar Məmmədova, Roza İbadova oynayırlar. Tamaşanın martın sonunda təhvil verilməsi nəzərdə tutulub.

Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında hazırlanan "Qaraca qız" tamaşası əvvəl də teatrın repertuarında olub. Bu il isə bir qədər fərqli və yeni quruluşda hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elşən Aslanovdur. Rəqslərə quruluşçusu Rasim Cəfər verir. Rollarda Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Manaf Dadaşov, Roza İbadova, Sona Babayeva, Almaz Mustafayeva və digərləri çıxış edəcəklər.

Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" povesti əsasında rejissor Nicat Kazımov tərəfindən hazırlanan, dəfələrlə milli teatrımızın səhnəsində oynanılan tamaşanın musiqi tərtibatı Zaur Rəşidov, bədii tərtibatı Zəminə Orucovaya aiddir. Rollarda Kəmalə Hüseynova, Vüsal Mehrəliyev, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Manaf Dadaşov və digərləri oynayırlar.

Hazırda məşqləri gedən sonuncu tamaşa bolqar yazıçısı Panço Pançevin "Dörd əkiz qardaşlar haqqında nağıl"dır. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Musiqi tərtibatı İradə Muradova, rəqslər və plastika Vüsal Mehrəliyevindir. Rollarda Naibə Allahverdiyeva, Nübar Novruzova, Kərəm Hadızadə, Günel Məmmədova, Elnur Hüseynov, Anar Səfiyev, Zümrüd Quliyeva və digərləri oynayırlar.