"Ailə quracağım xanım azərbaycanlı olmalıdır"

"Ailə quracağım xanım azərbaycanlı olmalıdır"
3136 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Rusiyanın tanınmış estrada müğənnisi, əslən azərbaycanlı Bəxtiyar Əliyev (Bah Tee) Bakıda konsert verəcək. Avqustun 31-nə təyin olunmuş konsert “Sea Breeze”də baş tutacaq.

Konsertdən əvvəl Bah Tee müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Sizin yaradıcılığınız hansı auditoriyaya yönəlib?

- İş ondadır ki, biz yazdığımız musiqiləri daha çox özümüz üçün yazırıq. Düzdür, zamanla auditoriya dəyişir. Və bu onunla əlaqədardır ki, biz özümüz də böyüyürük, böyüklər üçün mahnılar yazmağa başlayırıq. Elə alınır ki, yeni mahnılar yaşı daha çox olan insanlara yaxın olur. Əlbəttə, ilk vaxtlarda yazdığımız mahnılar daha populyardır, onları gənc yaşlarımızda ortaya çıxartmışdıq və bu gün həmin mahnılara yeniyetmələr qulaq asırlar. Bax elə həmin mahnılar əsasında da bizim imicimiz formalaşıb, bizi onlara görə mühakimə edirlər. Auditoriya baxımından konkret istiqamətlənmə yoxdur.

- Sizin milli mənsubiyyət səbəbindən rus müğənniləri ilə münaqişələriniz olubmu? 

- Yox, belə hadisə olmayıb. Əlbəttə, belə fikir də dolaşır ki, “mən rus deyiləm, mən də heç nə alınmayacaq, mən qafqazlıyam, məni irəli getməyə qoymayacaqlar”. Bu, belə deyil. Yaxşı vəzifələrdə oturmuş çoxlu qafqazlı, yəhudi və digər millətlərin nümayəndələri var. Buna görə də, onların qafqazlılar və digərləri üçün maneə yarada biləcəklərini düşünmək yanlış olardı. Məsələn, MuzTV-nin baş direktoru qazaxdır. 

- Əsasən xarici reperlərin yaradıcılığında “mən varlıyam, pulum var, qızlar var, istədiyimi edirəm” mövzuları üstünlük təşkil edir. Bəs siz öz dinləyicinizə nə təqdim edirsiniz? 

- Ondan başlayaq ki, mən heç vaxt özümü reper saymamışam. Mən yalnız yaradıcılığımın əvvəlində reper olmuşam. Pop bir alt mədəniyyətidir, sən bu mədəniyyətin içində olmalı və heç zaman özünü küçə mədəniyyətinin təmsilçisi hesab etməməlisən. Bizim musiqi daha çox soul janrına – qəlbə yaxın, əhvalı əks etdirən musiqiyə yaxındır. Rus repi küçə musiqisidir, burada daha çox “ot”, dava-dalaş mövzularına toxunular, bizdə isə belə şey yoxdur. Biz dinləyicilərə nəyi çatdırmaq istəyirik? Mahnılarımızda daha çox gündəlik həyatımızda baş verən hadisələri təsvir etməyə çalışırıq. Biz düzgün həyat tərzi, düzgün oriyentir və prioritetləri başa salmağa çalışırıq. 
 
- Sosial şəbəkələrdə tez-tez Byanka ilə fotoşəkilləriniz peyda olur və əksər insanlar sizin münasibətlərinizin heç də dost xarakterli olmadığını deyirlər. Sizi nə birləşdirir?
 
- Biz sadəcə dostuq, iki duet mahnımız var. Tez-tez görüşürük, ünsiyyət saxlayırıq, kinoya gedirik. Bu normaldır, mən çox adamlarla dostluq edirəm, amma hər kəslə fotoşəkil çəkdirmirəm. Mən artistlərlə görüşürəmsə, bu o demək deyil ki, kiminləsə münasibətim var.

- Bah Tee-nin ürəyi azaddır?

- “Ürək” mahnısı? Bizim belə bir mahnımız var (gülür). Bəli, mənim həyatımda heç kəs yoxdur, kiməsə qarşı hisslərim də yoxdur. Düzü, hətta buna görə bəzən kədərlənirəm.

- Sizin ideal kimi gördüyünüz qız necə olmalıdır? 

- Harmonik, gözəl, təvazökar, əsl xanım və yalnız mənə məxsus olmalıdır. Onda digər qızlarda olmayan keyfiyyətlər olmalıdır. Və o, azərbaycanlı olmalıdır. Bu mənim qaydam yaxud da prinsipim deyil. Lakin bir neçə il əvvəl başqa cür düşünürdüm. Deyirdim qoy kim olur olsun. Valideynlərim mənə azərbaycanlı qızla ailə qurmağı məsləhət görürdülər. İndi mən artıq böyümüşəm, özüm seçə bilərəm. Və mən hesab edirəm ki, qanı qarışdırmaq düzgün deyil. Yalnız ona görə yox ki, mən azərbaycanlıyam. 

Sadəcə əgər sən russansa, o zaman öz millətinin nümayəndəsi, gürcüsənsə gürcü qızla ailə qurmalısan. Hər bir şəxs öz millətinin mədəniyyəti, adətləri və ənənələrini qorumalıdır. Mən avarla ailə qurmuş dağıstanlı dostum, yaxud da öz Lyudmilası ilə evlənmiş rus dostumun evinə qonaq gedirəm. Və başa düşürəm ki, dağıstanlı yaxud da rus ailəsinə gəlmişəm və bu çox gözəldir. Lakin ukraynalı ilə ailə qurmuş çeçen dostumun evinə qonaq gələndə onların evində nə baş verdiyini anlamıram, bilmirəm hara gəlmişəm. Onların uşaqları da itmiş kimidirlər, bilmirlər hansı millətdəndirlər. 

- Qarşıdakı planlarınızdan danışın. Azərbaycan dilində mahnı ifa etmək barədə düşünürsünüzmü?

- Hazırda çox mahnıların üzərində iş gedir. Əvvəllər ifa etdiyim mahnıların Azərbaycan dilində versiyası olmayacaq, mən mahnıların üzərində təkrar işləməyi xoşlamıram. Hələlik azərbaycanca oxumağa hazır deyiləm. Belə mahnı hər kəsin bəyənməsi üçün çox keyfiyyətli olmalıdır. Axı siz qonağa dadsız yemək təklif etməzsiniz (gülür). 

- Sizin sonuncu gəlişinizdən sonra Bakı necə dəyişib və bu şəhərlə sizi nə bağlayır?

- Mən buraya 8-9 ay əvvəl gəlmişəm və xeyli dəyişikliklərin olduğunu görürəm. Bakı yaxşılaşır, gözəlləşir. Lakin bura mənim doğma şəhərim deyil. Mən Azərbaycanın paytaxtı ilə bağlı nostalji hisslər yaşamıram, çünki Moskvada doğulmuşam. Ailəm Ağcabədi rayonundadır, daim Vətənim, Azərbaycan üçün darıxıram. Bəli, Bakı əla şəhərdir və mən onu sevirəm, instinktiv səviyyədə. Lakin təəssüf ki, paytaxtla məni heç nə bağlamır.

oxu.az