Arif Quliyevin “sevgilisi”: “Onun səfərlərdə etdiyi “səhvləri” yoldaşına deməmişəm”

Arif Quliyevin “sevgilisi”: “Onun səfərlərdə etdiyi “səhvləri” yoldaşına deməmişəm”
3693 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəyin oğurlanması” filmindəki bu epizod yadınızdadır?

- Mən sənə demək istəyirdim ki.
- Elə mən də.
- Nəyi?
- Səni sevdiyimi.
- Onda gələrsən.
- Hara?
- Oraaaaa?

Amma ora olmadı və “Bəyin oğurlanması” bu aktrisanın çəkildiyi ilk və yeganə film kimi yadaşlarda qaldı. Maraqlısı budur ki, adı belə olmayan bu rol aktrisanı indi də insanlara xatırladır. Beləliklə, Modern.az saytının suallarını aktrisa Naibə Əlibəyova cavablandırır.

- 1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olmuşam, “Sovetski” adlanan məhəllədə böyümüşəm. Əslimiz İmişlidəndir. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin (O vaxt İncəsənət İnstitutu idi –İ.V) mədəni maarif fakültəsinin kütləvi tamaşalar rejissorluğuna qəbul olmuşam. Bizimlə eyni vaxtda Azad Şükürov, Elçin Həmidov, Qorxmaz Əlili, Firəngiz Mütəllimova oxuyurdu. Mədəni maarif fakültəsində oxusam da, aktyorlarla daha çox dostluq edirdim. Universiteti bitirəndən sonra təyinatla Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri göndərildim. Üç il təyinat müddətimi başa vurandan sonra Bakıya qayıdıb Musiqili Komediya Teatrına işə düzəldim və 1992-ci ilə qədər orda işlədim.

- Sizi “Bəyin oğurlanması” filmindəki epizodik rolla daha çox xatırlayırlar. Bu rola dəvət almağınız necə baş verdi?

- 1985-ci ilin avqustunda Şamaxıya qastrola getmişdik. Həmin vaxt rəhmətlik Ceyhun Mirzəyevlə Vaqif Mustafayev Şamaxıda “Bəyin oğurlanması” filmini çəkirdilər. Həm filmin çəkiliş qrupu, həm də biz eyni mehmanxanada qalırdıq. Oturub çay içdiyimiz yerdə Ceyhun Mirzəyev Arif Quliyevə dedi ki, “Arif, bəlkə sənə bir rol təklif edim”. Arif razılaşdı. Çox pis oldum ki, mən də orda otura-otura heç bir rol vermirlər. İki-üç gündən sonra yenə də bir yerdə oturub çay içəndə rəhmətlik Ceyhun dedi ki, “Arif bəlkə sənə bir sevgili də verək”. Arif də qayıtdı ki, “mən sevgilini hardan tapım”. Ceyhun Mirzəyev məni göstərdi. O vaxt mənim 22 yaşım var idi. Çəkilişlər başladı və oktyabrın axırına kimi Şamaxıda qaldıq.

- Həmin epizodlar bir dubla çəkilib?

- Yox, bəzən 2-3 dubla da çəkilirdi. Bilirsən niyə? Çünki biz teatr aktyorlarıyıq. Kinoaktyor tamam başqadır. Arif Quliyev o vaxt tanınan sənətkar idi, mən sənətə yeni gəlmişdim.

- O vaxt sizi tanımırdılar?

- Mən də Məhərrəm Bədirzadənin “Səhər görüşləri”nə, “Komediyalar aləminə səyahət”ə çəkilirdim. Onu da qeyd edim ki, Məhərrəm Bədirzadə mənim ilk müəllimim olub. Onun sayəsində bu sənəti sevmişəm. Allah ona şəfa versin.

- Çəkilişdə hansı maraqlı məqamlar olub?

- Ariflə qaçırıq. O, mənə yaxınlaşdı, sözünü dedi və qaçmağa başladı. Məni isə sözümü deyirəm, amma dayanmışam. Arxadan qışqırdılar ki, “Stop, stop!”. Sən demə, Arif mənə yaxınlaşanda bir yerdə qaçmalıyıqmış. İndinin özündə məni bu rolla tanıyırlar.

- Deyəsən o rolun adı da yox idi.

- Elədir. Orda çox epizoda çəkilmişik. Amma bəzi yerləri montajda çıxarılıb.

- Səhv etmirəmsə, ondan sonra heç bir filmə çəkilməmisiniz.

- Hə, qismət olmayıb. Amma oynadığım tamaşalar çox olub. 1992-ci ildə Arif Quliyev “Satira” teatrını yaratdı və mən Musiqili Komediya Teatrından çıxdım. Bu gün də həmin teatrın üzvüyəm.

- Sonuncu dəfə nə vaxt qastrolda olmusunuz?

- Təxminən 5-6 ay əvvəl Cəlilabad və Biləsuvarda qastrollarımız olub. Biz dəvətlə gedirik.

- Əvvəl sizi tez-tez cəbhə bölgələrində görürdük.

- Cəbhə bölgələrində hələ müharibənin qızğın vaxtlarında konsertlər verirdik. Səngərdə düşmənlə üz-üzə dayanmış Azərbaycan oğlunun alnındakı qırışın bir neçə dəqiqəlik də olsa, təbəssümlə əvəz olunması bizimçün dünyanın ən böyük sərvəti idi. İndinin özündə də cəbhə bölgələrində uşaq evlərində, qocalar evində çıxışlarımız olur. Amma bu barədə efirdə, mətbuatda o qədər də geniş məlumat verilmir.

- Bir müddət öncə səhhətinizdə ciddi problem yaranmışdı. İndi necəsiniz?

- Hə, vəziyyətim çox pis idi. Beynimə qida getmirdi. Bir müddət İranda müalicə olundum. İndi yenidən ora gedib müayinədən keçməliyəm. Məndə paralicin əlamətləri var idi. Hər şey ola bilərdi. Amma çox şükür ki, bu gün hər şey qaydasındadır.

- Çox istərdim bu suala səmimi cavab verəsiniz. İndiyə kimi də çox adam düşünür ki, siz Arif Quliyevin sevgilisi olmusunuz.

- İnanın səmimiyyətimə ki, Arif müəllimə hər zaman çox təmiz yanaşmışam. Heç ağlıma gəlmir ki, o da mənə başqa niyyətlə yaxınlaşsın. Biz sırf işimizi görmüşük və ailəvi dostluğumuz da indiyə qədər davam edir. Qastrollara gedəndə yoldaşı Gülzar deyirdi ki, “Arifdən muğaat ol”.

- Bəs qastrollarda Arif Quliyevin yol verdiyi “səhvləri” yoldaşına demisiniz?

- İstənilən kişi gözəl qadın görəndə çaşa bilər (gülür). Amma heç vaxt onun səfərlərdə etdiyi “səhvləri” yoldaşına deməmişəm. Kişidir də, hər şey ola bilər (gülür). Hər sözü danışmaq olmaz. Onların arasına niyə dava salım axı? Bir-birimizin səhvini hər zaman üzümüzə demişik. Elə olub ki, küsmüşük. Sonra bir birimizdən üzrə istəyib barışmışıq və səhvlərinizi başa düşümşük.

- İstərdim ailəniz haqda danışasınıız.

- Ailəliyəm, bir qızım və Rüqayyə adlı bir nəvəm var. Qızım iqtisadçıdır. Həm kürəkənim, həm qızım ibadət edir. Çox şükür ki, gözəl ailəm var. Ailəmə baxanda keçmişə olan ağrı-acımı onların xoşbəxtliyi ilə unuduram.

- Epizodik rol olsa da, sizi çox məşhurlaşdırmışdı “Bəyin oğurlanması” filmi. Amma elə bil əldə etdiyiniz populyarlıqdan istifadə edə bilmədiniz. Yənii başqa filmlərə çəkilmədiniz və sair.

- O vaxt Musiqili Komediya Teatrı ilə çox qastrollarımız olurdu. Ev telefonumuz, mobil telefon yox idi. Bəlkə də rejissorlar məni axtarıb tapa bilməyiblər.

- Ona qalsa digər aktrisaların da mobil telefonu yox idi. Fəxri ad almaq ürəyinizdən keçib?

- Fəxri ad yaxşı şeydir. Amma indi bu adları o qədər ucuzlaşdırıblar ki. Fəxri ad daşıyan aktyorlarla, müğənnilərlə bir yerdə harasa gedirəm, məni daha tez tanıyırlar nəinki onları. Bunun özü mənimçün böyük fəxrdir. Məni tanıyırlar, hörmət edirlər.

- Demək olarmı ki, artıq sənətdən uzaqlaşmısınız?

- Yox, niyə ki? Satira teatrındayam, məşqlərimiz tamaşalarımız, səfərlərimiz olur. İndi məzuniyyətdəyik. Arif müəllim hələ dayanmır, onun motoru çox möhkəmdir (gülür).

- Teartdan əməkhaqqı alırsınız?

- Aylıq əməkhaqı da alıram, qastrollarda da qonorarımız olur.

- Necə dolanırsınız?

- O qədər yüksək məvacib almasam da, ailəmlə köməkləşib dolanırıq, heç kimdən də geri qalmırıq.

- Seriallara dəvət alırsınız?

- Bəlkə də getsəm, məni götürərlər. Sadəcə özüm çəkilməyə, kiməsə ağız açmağa can atmıram. İstəyən axtarsın tapsın. Telekanallar sağ olsun ki, məni dəvət edirlər. Kim necə bacarırsa, elə də yaşayır, çəkir.