“999-cu gecə”nin növbəti premyerası

“999-cu gecə”nin növbəti premyerası
444 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrında “999-cu gecə” tamaşasının növbəti premyerası keçiriləcək.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, “Min bir gecə” nağıllarının motivləri əsasında səhnələşdirilən “999-cu gecə” böyüklər üçün hazırlanmış nağıl-tamaşadır.
Tamaşanın süjet xəttinin əsasını çəkməçi Marufla onun ifritə arvadı arasındakı ziddiyyətli, təzadlı münasibətlər təşkil edir.

Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb. İntriqalarla, gözlənilməz situasiyalarla, həyəcan dolu, eyni zamanda, həm də bir qədər kədərli hadisələrlə zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbədən ibarətdir və hər bir mərtəbə də simvolik mənaya malikdir.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Elçin İmanov və Elməddin Dadaşov ifa edəcəklər.