Şəkidə “İpək Yolu” festivalı

Şəkidə “İpək Yolu” festivalı
406 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə iyunun 27-dən iyulun 1-dək Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu barədə Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən – o cümlədən, Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunub.

Festivalda xarici ifaçılarla yanaşı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcək. Tədbirin açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi kimi hazırlanan bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilib.

Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına həsr ediləcək. Şəki Xan Sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər – Şirin Pancaroğlu), Şəki Yay Teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim ediləcək.

Festivalın konsert proqramında Yaponiyanın “Vas-Liqa” musiqi ansamblı və İranın “Təbriz” musiqi ansamblı da təmsil olunub.

Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcək.

Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında Festivalın yekun konserti təqdim olunacaq.

Qeyd edək ki, festival 2010-cu ildən keçirilir.