Şəki VII Beynəlxalq musiqi festivalı baş tutub - fotolar

Şəki VII Beynəlxalq musiqi festivalı baş tutub -  fotolar
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı başlanıb.

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Yaponiya, Türkiyə, İran və türkdilli ölkələrdən gəlmiş musiqi və rəqs kollektivləri, sənətçilər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Festivalın açılış mərasimi iyunun 27-də Şəki şəhərindəki Yay teatrında keçirilib. Mərasimdə festivalın təşkilatçı qurumlarının və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Mərasimi festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə açaraq möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq 7-ci dəfədir keçirilən Şəki “İpək yolu” Beynəlxalq musiqi festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vurğulayıb.

Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb.

Rəsmi hissədən sonra TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və türkdilli ölkələrin solistləri geniş konsert proqramı ilə çıxış ediblər.

Orkestrin bədii rəhbəri və dirijoru Qazaxıstanın tanınmış musiqiçisi Marat Jalbirovdur.

Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikaları və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alıb.