"Geyimimə görə evdə çox danışdılar" - Günay İbrahimli

"Geyimimə görə evdə çox danışdılar" - Günay İbrahimli
7738 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimlinin “Yaşıl Teatr”da verdiyi ilk solo konsert müzakirəsiz ötüşməyib. Bir çoxları müğənninin açıq-saçıq geyindiyindən danışıb, onu tənqid ediblər. Lakin bəyənənlər də olub... Axşam.az xəbər verir ki, bu barədə Günay  Lent.az-a danışıb.
 
- Konsertiniz necə keçdi, özünüzdən razı qaldız?
 
- Konsertin təşkilatçısı Nahid Emiloğluna təşəkkür edirəm. Bu konsert arzum idi, gerçəkləşdirdim. Düzdü, bir az həyəcanlıydım, amma 1-2 mahnı oxuyandan sonra hər şey qaydasına düşdü. Tamaşaçılar sarıdan narahat idim, biləndə ki, biletlər yaxşı satılıb, insanlar gəlib, çox sevindim və ürəklə səhnəyə çıxdım. Amma öncədən özümü psixoloji cəhətdən hazırlamışdım, tamaşaçı az da olsa oxuyacaqdım. Düşünürdüm ki, konsertdən sonra yorğun olacam, borca düşəcəm, əksinə oldu. Konsert yorğunluğumu çıxardı, borca da düşmədim.
 
 - Ancaq geyiminizə görə çox tənqid olundunuz. İfanızı yox, geyimlərinizi daha çox müzakirə etdilər...
 
-  Tənqid də, tərif də normaldır. Vay o günə ki, məni nə tərif, nə də tənqid edələr. Demək, azdan-çoxdan bir iş görmüşəm ki, barəmdə danışırlar. İlk konsertim idi də, müzakirələrə görə pis olmadım. Mən heç vaxt tədbirlərdə, toylarda açıq-saçıq geyinməmişdim. Sadəcə, konsertə görə belə geyindim, fərqli görünmək istədim. Həm də düşündüm ki, geyimim qeyri-adi olmalıdır.
 
 - Bir çoxları bildirdi ki, Günay konsertdə yalnız geyimləri ilə diqqət çəkmək istədi...
 
- Bu fikirləri mən də eşitmişəm. Mahnılarım tələb edirdi ki, belə geyinim. Məncə, mahnılarla geyimlər bir-birini tamamlayırdı.
 
- Tənqidlər olacağını bilirdinizmi?
 
- Əlbəttə... Çünki tamaşaçı məni bu cür geyimdə görməmişdi. Geyimlərim açıq olsa da vulqar deyildi. Xaricdən açıq-saçıq geyimdə gələnləri elə hörmətlə qarşılayırlar ki...Amma  öz müğənnilərimiz açıq-saçıq geyinəndə söz-söhbət baş alıb gedir. Abırlı geyinən elə adamlar tanıyıram ki,  min hoqqalardan çıxırlar. Gərək mən də onlar kimi pozğun olam? Adama geyimə görə qiymət verməzlər. Geyimlərimdən çox razıyam, peşman deyiləm, konsert gözlədiyimdən də yaxşı keçdi.
 
- Konsertdən öncə kimlərdən məsləhət aldın?

- Konsertimdən öncə mənə sənət adamları zəng etdilər ki, “konsertini təşkil etmə”, “ziyana düşəcəksən”, “sənin sponsorun yoxdur”, “sən uduzacaqsan” və başqa bu kimi neqativ sözlər dedilər.
 
- Sizcə, onların Günaya ürəyi yanırdı?
 
- Yox. Qətiyyən. Mən bilirəm ki, onlar mənim konsert gerçəkləşdirməyimi istəmirdilər.
 
- Bəs kimsə zəng edib, dəstək oldumu?
 
- Oldu, sağ olsun, Aygün Kazımova. Mənə söylədi ki, heç kimə fikir vermə, konsertə 2-3 gün qalmış telefonlarını söndür, geyin-keçin konsertini ver. Könül Kərimova, Faiq Ağayev dəstək verdi. İlk gül dəstəsi Röyadan gəldi. Baxmayaraq ki, onunla tanışlığım yoxdur. Düzdür, aramızı vurmaq istəyənlər olub, ancaq bu, alınmayıb. Röya gül göndərməklə bildirdi ki, söz aparıb- gətirənlərə əhəmiyyət verməyim.
 
- Günay, şou-biznesdə rəqibin kimdir?
 
- Heç kimi... Prinsipim budur: pislik edənə  yaxşılıq elə.
 
- Konsertdən sonra valideynlərin nə dedilər? Onların geyiminə münasibətləri necə oldu?
 
- Çox danışdılar, amma evdəkilərə söylədim ki, mən sənət adamıyam. Qohumlarıma demək istəyirəm ki, pis günümdə yanımda olublar ki?  Bir çox qohumlarım məni indi tanındığıma görə axtarır. Amma vaxtı ilə atama deyirdilər ki, qızın filan kanaldadır, qızın müğənni olacaq, qoyma, kliplərim efirlərdə gedəndən sonra mənə qarşı fikirləri dəyişdi. Heç nəyi unutmuram. Ağı qaradan yaxşı seçirəm.