Bakıda dolma festivalı keçirilib - fotolar

Bakıda dolma festivalı keçirilib -  fotolar
3671 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçirilib.

Axşam.az-ın məlumatına görə, festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma sərgilənib.

Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən, o cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak edib, milli mətbəxlərinin yeməklərini sərgiləyiblər.

Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirib ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.

Festivalda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Festivalda 6 nominasiya üzrə mükafatlar təqdim olunub: “Ən yaxşı xarici ölkə dolması”, “Ən yaxşı rayon süfrəsi”, “Ən maraqlı tarixi qeyri-adi dolma”, “Ən yaxşı dolma”, “Ən yaxşı xarici təqdimat”, “Ən çox medal toplayan rayon”.

Sonda qalib komandalara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.

Festivaldan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.