"Üstümdə silah tapılmışdı" - Hüseyn Dərya

"Üstümdə silah tapılmışdı" - Hüseyn Dərya
2698 dəfə oxunub
  • A-
  • A
  • A+

Hüseyn Dərya narkotikdən, həyat yoldaşından, övladlarından və toy hazırlığından danışdı

“Üstümdə silah tapılmışdı, ona görə həbs olunmuşdum. Əslində buna ona iş düşmürdü ki? Sadəcə özüm xahiş elədim ki, mənə altı ay iş verilsin”.

Bunu Lent.az-ın qonağı olan  bəzən ailə, bəzən də narkotiklə gündəmi zəbt edən tanınmış reper Hüseyn Dərya kimi tanıdığımız Hüseyn Cahangir oğlu Muradov deyir. Hüseynlə çox şeylərdən danışdıq. Alim Qasımovdan tutmuş...məhkəmənin kəsdiyi alimentə qədər...
 
- Başlayaq yaradıcılıq işlərindən...
 
- Yeni albom hazırlayıram. Hazırda “Can vətən” adlı musiqi parçama klip çəkdirirəm. Ekran işinin son çəkilişləri gedir. Bu iş yekunlaşdıqdan sonra, “Sarı gəlin” adlı mahnı hazırlayacam. Azərbaycanın regionlarına turneyə çıxmaq niyyətindəyəm. Buna görə bir prodakşnla danışığım olub. Razılıq əldə olunsa, gerçəkləşdirəcəm.
 
- Dünya şöhrətli xanəndə Alim Qasımovla növbəti dəfə bir araya gəlib, mahnı ifa edəcəkdin...
 
- Bəli. Elə haqqında danışdığım mahnıda xalq artisti Alim Qasımov da olmalı idi. Amma o, imtina etdi. Səbəb kimi isə mahnımızı yazdıracağımız studiyanın uzaq olmasını göstərdi. Dedi ki, evimin yanında səs yazma studiyası tap, mən də oxuyum. Buralarda studiya kimdə var ki? Bir dənə studiya “Çapayev”də (“Təbriz” küçəsi) Tünzalə Ağayevanın studiyasıdır, Nəriman Nərimanovda Səyyad Əlizadənin və Nadir Bayramlının studiyalarıdır. Bir sözlə Qara Qarayevə gələ bilmirdi. Mən də elə bir studiya seçmişdim ki, özü də vaxtı ilə orada oxuyub. Alim Qasımovun digər sənətçilərdən fərqi ondadır ki, bir az ərköyün xarakteri var. Onun da damarını tutmaq lazımdır. Məndə tutmuşdum. Sadəcə, mənim vaxtım olmadı ki, Alim Qasımovu gözləyim. Həm də gecikirdim deyə, əməkdar artist Cabir Abdullayevə müraciət etdim. Sağ olsun, gəldi, oxudu.
 
- Müsahibələrinin birində demişdin ki, şou-biznesdə çoxu narkotik aludəçisidir. Bu fikirdən sonra sənə təzyiq olmadı ki?
 
- Yox, qətiyyən. Heç reaksiya da olmadı. Ola da bilməzdi. Bilirsiniz adamı yandıran nədir? Narkotik pisdir deyirlər. Amma niyə məhz təkcə repçiyə eyham vururlar? Məsələn, deyirlər ki, narkotika pisdir, buyurun, reperlər nümunə. Hansı marka maşın yaxşıdır? Buyurun, müğənninin maşını nümunə. Olmaz bu cür müqayisə. Səhiyyənin, təhsilin, ticarətin böyüyü var. Rep yazığa yiyə duran yoxdur. Buna görə də, indiki rep küçə uşağına oxşayır.
 
- Həbsxana Hüseyn Dəryaya nəyi öyrətdi?
 
- Heç bir şeyi. Sadəcə, ömrümün bir ilini evimdə olmadım. Ömrümün 10 ilini orada keçirtsəydim, dəyişə bilərdim. Mən ora girəndə də, çıxanda eyni düşüncəyə malik idim.
 
 
- Artıq 2 dəfə evlənmisən. Mətbuatda “3 dəfə ailə həyatı quracam” demisən. Toy nə zamandı?
 
- Konkret bu gün evlənirəm deyə, bir şey yoxdur. Evlənməyə namizəd var, həmişə də olub. Çünki, gözəl insanlar dinozavr deyil ki, kökü kəsilsin. İstəyirəm 2014-də ailə həyatı qurum. Amma görürəm ki, yaradıcılıq işlərim şəxsi həyatıma vaxt ayırmağıma imkan vermir.
 
- Bəs övladlarını istədiyin vaxt görə bilirsən?
 
- Adım onların üstündədir. Birinci evliliyimdən olan qızım orta məktəbin 3-cü sinfinə, 2-ci evliliyimdən olan oğlumsa, bu il 1-ci sinfə gedir. Sentyabrın 15-də onu məktəbə mən aparacam.
 
- İkinci həyat yoldaşın Sona xanım məhkəməyə vermişdi. Proses hələ də davam edir, yoxsa?
 
- Məni aliment vermədiyimə görə, məhkəməyə vermişdi. O, sadəcə əsəbiləşmişdi. Həmişə belə olub. O, əsəbiləşəndə ya efirə çıxır, ya da məhkəməyə gedir. O, heç vaxt deməyib ki, gəl oturaq söhbət edək, hər şeyi öz yoluna qoyaq. Nə vaxt pulum oldu, o vaxtda ödəyirdim. İmkanıma bağlıdır.
 
- Məhkəmə nə qədər aliment ayırıb?
 
- 100 manat aliment kəsib. Hansı ixtiyarla? Başqasına 40-50 manat, mənə 100 manat? Niyə? Hüseyn Dəryayam ona görə? Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Muradov Hüseyn Cahangir oğluyam. Mənim rəsmi qazanc yerim var? Yoxdur. Bəs haradan bilirsən ki, mən aya 500 manat qazanıram, 100 manatda aliment kəsirsən? Yeri gəlsə, məhkəmənin özünə məhkəmə qurmaq olar. Xeyir ola bu qədər aliment? Adam tanıyıram 2 uşağına aliment verir, 45 manatdan. Mənə isə işləmədiyim halda 100 manat?
 
- İkinci həyat yoldaşınla münasibətlərin normaldır?
 
- Dava-şava hər bir ailədə olur. Bu, normaldır. Bir də diqqət mərkəzində olan insanam. Ona görə mənim həyatımda baş verənlər hər kəsin gözü önündə baş verir. Bunu qəbul edirəm. Amma biz rəsmi olaraq ayrılmışıq. Ancaq bu o demək deyil ki, bir-birimizi tanımırıq və yaxud nifrət edirik.
 
- Demək olar ki, Hüseyni həyat yoldaşı Sona ilə yalnız övlad birləşdirir?
 
- Yox. O, məni sevib ki, məndən uşaq dünyaya gətirib. Bir məni sevən insan kimi, uşağımın anası kimi, dəyər verirəm.
 
- Yenidən bir araya gəlməyin mümkündürmü?
 
- Yox. Körpülər elə yanmadı ki, onu bir də tikək. Barışsaq, yenə eyni davalar olacaq. Mən gecə saat 3-də gəlirəm. Bütün ailələr də qısqanclıqdan dağılır. Misal üçün mənim ad günümdə bir sənətçi mənə zinət əşyası bağışlayıb. Deyirdi ki, niyə bağışlayıb? Və ya sənətçi xanımla hansısa məkanda iş görüşməsinə getmişəm. Buna da qısqanırdı.