“İki ildən sonra ərimi media qarşısına çıxaracam”

“İki ildən sonra ərimi media qarşısına çıxaracam”
3510 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılovanın "Qafqazinfo"ya müsahibəsi:

- Türkiyədəki işlərinizdən başlayaq. Onları nə vaxt təqdim edəcəksiz?

- Türkiyədə tanınmaq üçün orada yaşamaq lazımdır. Manana Gürcüstandan gəldi, burada yaşadı, məşhurlaşdı. Buradakı işlərim bitdikdən sonra 6 ay Azərbaycana gəlməyəcəm. Albomum hazırdır, 20-yə yaxın mahnım aranjeman olunub. Həmin mahnıların 13-14-ü özümə məxsusdur, bəzilərinin sözlərini isə dostlarla ortaq yazmışıq. Avqust ayında hər şeydən uzaq oldum, yorulmuşdum, əsəblərim pozulmuşdu. Müalicə aldım, dincəldim, enerji yığıb Türkiyəyə qayıdıram. Bu yay istirahət etdim desəm, yalan olar. Orucluq ayında oruc tutdum, sonra Bakıya uşaqlarımın yanına gəldim. Ayın 14-ü yenə gedirəm. Bu dəfə gələndə albomum, klipimlə gələcəm. Prezident seçkilərinə görə, konsertlər, tədbirlər olacaq. “Heydər, İlham, Azərbaycan” adlı mahnı yazmışam, aranjeman olunur, ona klip çəkiləcək. Azərbaycan deyəndə ağıla ilk Heydər Əliyev gəlir, o, böyük şəxsiyyət olmasaydı, Azərbaycan tanınmazdı, inkişaf etməzdi. Biz o insanın sayəsində yaşayırıq, Allah ona rəhmət etsin, oğluna can sağlığı versin.

- Qolunuza Heydər Əliyevin imzasını döydürmüsünüz. Bu çox söz-söhbətə səbəb oldu. Hətta erməni mətbuatı da bu haqda yazdı...

- Ermənilər bizim dahi Heydər Əliyevimizin özündən necə qorxurmuşlar ki, indi onun ruhundan, imzasından qorxurlar. Heydər Əliyevə o qədər sevgim var ki, döymə edəndə onun ağrısını belə hiss etmədim. Qoluma övladlarımın adını və ulu öndərimizin imzasını döydürmüşəm.

- Rəqslə məşğul olurdun. Dərsləri davam etdirirsiz?

- Türkiyədə rəqslə məşğul olurdum, gedib dərslərimi davam etdirəcəm. Müğənni plastik olmalıdır, səhnədə özünü göstərə bilməlidir, hər şeyi bacarmalıdır. Rəqs də bizim sənətin bir parçasıdır. Açıq havada konsert vermək istəyirdim, alınmadı. İnşallah qışda yeni il öncəsi konsert verəcəm. Ona qədər albomum tanınacaq, kliplərim yayımlanacaq.

- Rəqsanə sənətə gələndə hamı ona bayağı müğənni kimi baxırdı. Daha sonra istər xarici görünüşün, istər ifan dəyişdi. Bu dəyişiklik necə baş verdi?

- Şou-biznesə, sənətə təzə gələn insana hər kəs irad tutur. Mənim bayağı adlandırdıqları mahnılarımı toyda ifa edib pul qazanırlar. Əvvəl əsəbləşirdim, indi onlara fikir vermirəm. Mən heç kimdən qorxmuram, hər kəsin etdiyini üzünə deyə bilirəm. Ona görə başım qalmaqallardan açılmır. Məni batırmaq istəsələr də, mən yüksəlirəm, populyaşıram. Sənətimlə daha ciddi məşğul olmağa başlamışam. Artıq öz sözümü deyəcəm.

- Geyim tərzin tamamən dəyişib. Geyim seçərkən nələrə diqqət edirsən?

- Geyimlərimi qızımla məsləhətləşib seçirəm. Bəzən elə paltar geyinirəm ki, onun 10 manat qiyməti olur. Amma onunla elə aksesuar taxıram, elə bəzəyirəm ki, heç kim deməz onun 10 manat qiyməti var. Mən üç qarderobum var. Biri Bakıda, biri Moskvada, biri İstanbuldadır. Bezmişdim onları daşımaqdan. Ona görə hər evimdə ayrı paltarlar var. Alış-veriş etməyi sevirəm. Qadının yaraşığı ayaqqabısı və çantasıdır. Ucuz paltar geyinsən də, gərək ayaqqabı və çantan bahalı olsun.

- Rusiyada ən çox toylara dəvət alan müğənnisiz. Toya neçəyə gedirsiz?

- Bəli, Azərbaycan qadın müğənilərdən Rusiyada toya ən çox məni dəvət edirlər, sağ olsunlar məni sevib hörmətimi saxlayırlar. Amma toy qiymətimi açıqlamayacam. Əsas odur vaxtında vergimi ödəyirəm.

- “Facebook”da tez-tez dini statuslar yazırsız. Rəqsanə dindar insandır?

- Namaz qılmıram, amma oruc tuturam. Müəyyən yaşdan sonra insan hər şeyi daha yaxşı dərk edir. Cavan olanda düşünmürsən ki, mən ölərəm, həyat həmişəlik deyil. O vaxtlar mən ölməkdən qorxurdum. İndi başa düşürəm ki, Allahın verdiyi bu ömrü geri qaytarmalıyıq. Çox istəyirəm namaz qılım, cəhd etmişəm, alınmayıb. Həcc ziyarətinə getməyi düşünmürəm. Mən açıq-saçıq geyinirəm, içki məclislərinə gedirəm, dırnaq saxlayıram, hacıxanıma yaraşmır bunlar. Sənətimi ata bilmərəm, qazanc yerim buradır, ailəmi bununla dolandırıram. Yeni ildən sonra yeddi günlük Ümrə ziyarətinə gedəcəm. Elə insanlar var ki, Allahı yada salmırlar, mən Allaha bağlı insanam.

- Hamıdan gizli ailə qurdunuz və yoldaşınızı mediadan gizlədirsiz. müsahibələrinizin birində demisiz ki, qorxuram ərimi əlimdən alarlar. Niyə belə düşünürsüz?

- O elə bir insandır ki, onu heç kim əlimdən ala bilməz. Çox ağıllı, savadlı insandır. Şou-biznesdə bir-birilərini kişi üstə qırırlar. “Qorxuram ərimi əlimdən alarlar” sözünü zarafata deməmişəm, tam ciddiyəm. Burada hər kəs bir-birinin sevgilisi ilə görüşür, ərlərini yox sevgili-sponsorlarını əllərindən alırlar. Tamaşaçı bilmir ki, pərdə arxasında nə baş verir, bunlar niyə bir-birini qırırlar. Efirdə fərqli şeylər göstərilir, sadəcə deyirlər ki, fılankəslə filankəs dalaşdı. Demirlər ki, onlar kişi üstə dalaşırlar, birinə az birə çox pul xərclədiyi üçün kişinni öldürürlər.

- Rəqsanəninin həyat yoldaşı onun sponsorudur?

- Ailədə sponsor olmur, qazanc bir evə gəlir ortaq xərclənir.

- Həyat yoldaşını nə zaman üzə çıxardacaqsız?

- İki ildən sonra yoldaşımı media qarşısına çıxardacam. Hələ işlərim var. İşlərimi hazır olsun həyat yoldaşımı görəcəksiniz.

- Evlənmisiz, amma üzük taxmırsız.

- Yuxudan durub tələsik bura gəlmişəm, yadımdan çıxıb. Mən əsasən saat taxıram, üzük sevmirəm.

- Yoldaşınızla övladlarının münasibəti necədir?

- Yoldaşım övladlarıma əsl atadır. Onları sevir, qayğısına qalır. Çox xoşbəxtəm ki, övladlarıma ögey ata kimi davranmır və onları doğma balaları kimi sevir, dəstək olur.

- Tez-tez Aysunla bağlı mətbuatda xəbərlər yayılır. Sizcə niyə sizi yox, məhz övladınızı gündəmə gətirirlər?

- Ötən gün səhər tezdən bir jurnalist zəng edib ki, Aysunla bağlı belə xəbər yayılıb. Hər eşitdiyini yazmaq olmaz, araşdırmaq, kökünü tapmaq lazımdır. Reklam, reytinq xatirinə camaatın uşağını qaralamaq olmaz. Lap mənim uşağım pisdir, niyə yazırsınız? Zəng et de ki, sənin uşağın bu işi görüb, yazıblar, necə edək ki, bu yazılanları ört-basdır olunsun, uşağın adına xələl gəlməsin. Hər zaman demişəm ki, övladlarıma görə hər şeydən keçərəm, qarşımdakı insanı öldürərəm. Övladlarımı qoruyuram, onların qarşısında dağ kimi dayanmışam.

- Övladlarınla bağlı hansı arzular və planların var?

- Əsas can sağlığıdır. Mən həyatda pul, var-dövlət istəyən insan deyiləm Ailədə qadın və kişi obrazını özüm oynamışam. Övladlarıma xoşbəxt ailə arzulayıram. Hər bir qadın üçün ailə vacibdir. Ailə qurduqları adam ağıllı olsun, savadlı olsun, cızığından çıxan adam olmasın. Duz-çörəyi olsun, ailəsini öz zəhməti ilə saxlasın. Mən övladlarımın tez ərə getməyini istəmirəm. Adam 23-24 yaşında ailə qurar. 18-20 yaşlar insanın savadının, dünyagörüşünün artdığı, ətrafının genişləndiyi dövrdür. İstəyirəm Aysunun 18 yaşına çatanda öz gəlir mənbəyi olsun, öz ayaqları üstə dura bilsin.Heç vaxt kiminsə əlinə baxmamışam, hər şeyi özüm qazanmışam, heç kimdən asılı deyiləm, bu gün bunu istəmirəmsə, deməli istəmirəm. Qadınlara azad olmağı arzulayıram.

- Bir dəfə demişdiz ki, Aysuya həyat yoldaşını özüm seçəcəm.

- Zəmanə elə dəyişib ki, heç kimə güvən yoxdur. Hazırda Aysunu istəyən çoxdur. İndi onun ər vaxtı deyil. Təbii ki, qızımla məsləhətləşəcəm. İstəyirəm yaxşı ailənin gəlini olsun. Bəlkə kimisə sevəcək, vurulacaq, onu da dərinliyi ilə araşdıracam. Mən anayam istəmirəm, qızım ərə gedib bədbəxt olsun. Əgər gedib üstümə qayıdacaqsa, heç getməsin, otursun yanımda. Üç gündən ötrü ailə qurulmamalıdır, ömürlük olmalıdır. Cavanlarımız qanmır, səhv insanlarla ailə qururlar. Onları görəndə ürəyim ağrıyır.