"Milyonçu deyiləm, villalarım yoxdur" - Elməddin Cəfərov

"Milyonçu deyiləm, villalarım yoxdur" -  Elməddin Cəfərov
4851 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Elməddin Cəfərovu yalnız "Eks bacanaqlar" serialında Taleh obrazını canlandıran görürük. Amma o, ATV-də efirə gedən "Qardaşlar", "Qız atası" kimi ekran işlərinin də baş prodüsseridir. Müsahibəmiz "Eks bacanaqlar"ın çəkiliş məkanında baş tutdu. Efirdə tamaşaçıları güldürən bu serialın çəkilişləri daha ciddi ab-havada baş tutur.

Axşam.az Elməddin Cəfərovla müsahibəni təqdim edir:

- Elməddinin rəhbərlik etdiyi üç serialın sırasına bu mövsüm dördüncüsü əlavə olunub. "Kişi sözü" digərlərindən nə ilə fərqlənəcək?

- Yeni serialımızda "Eks bacanaqlar"dan Qismət obrazını canlandıran Elnur Hüseynov rol alacaq. Qalan bütün aktyorlarımız yenidir. Cavid Gül, Nurlana Cəfərova, Əjdər Həmidov, Nahidə Orucova, Aydan Axundova və başqaları rol alacaq.

"BİZ REYTİNQƏ İŞLƏYİRİK"

- Niyə dörd serialınızın hamısına tanınmış simaları çəkirsiniz? Bu reytinq yığmaq üçün düşünülmüş bir addımdır?

-  Aparıcılarla yanaşı, teatr aktyorlarına da müraciət edirik. Tamaşaçı tanınmış simaları daha tez qəbul edir. Onların siması artıq hamıya doğmadır. Çoxları ilk dəfədir seriala çəkilir. Həm də reytinqi düşünürük. Dünyada belə bir qanun var ki, baxılmayan ekran işi efirdən yığışdırılır. Buna görə də biz reytinqə işləyirik. "Kişi sözü" Azərbaycanda ilk romantik-komediya janrında serial olacaq. Türkiyədə belə bu cür serial var. İstədik Azərbaycanda da olsun.

- "Eks bacanaqlar", "Qardaşlar" və "Qız atası" seriallarına da yeni tanınmış simalar dəvət olunub...

- Təranə Səmədova, Pərvin Abıyeva, Nigar İbrahimova yeni mövsümdə seriallarımızda rol alacaq. Hər serialımızda dəyişikliklər etmişik. Bəzi aktyorlarımız isə ekran işlərindən getdilər. Onlar arasında "Eks bacanaqlar"da Qismət - Elnur Hüseynov, Xəyalə - Aysel Nazim, "Qız atası"ndan Coşqun yer alıb.
 

- Dörd serialı 1 həftəyə necə çatdırırsınız?

- Çox çətindir. Hər seriala 1 gün ayırırıq. Hər serialın montajı da bir gün tələb edir. Amma biz dörd serialı üç günə montaj etməyə çalışırıq.

- Niyə bütün seriallarınız ATV-də yayımlanır?

- Bizə inanıb, qapısını açan ilk kanal bura oldu. Mənə güvənən insanla işləmək daha rahatdır. Başlanğıcda mənə çoxları inanmadı. Buranın rəhbərliyi biz yenilik edəndə qarşı çıxmır. Bilir ki, MTRŞ-nın qərarlarına, əxlaqi dəyərlərə əməl edirik. Etikadan kənara çıxmırıq. Əgər işdən yorğun gələn, hansısa dərdi olan insanların üzünü güldürürüksə, demək, bu işi bacarırıq.

"BU CÜR HAL İNSANIN HƏYATINI BƏDBƏXT EDİR"

- Ötən mövsüm "Eks bacanaqlar" serialı çox tənqid olundu. Taleh obrazı çərçivəsində ikiarvadlılığı təbliğ etdiyiniz deyildi, müzakirələr oldu... Hətta sizin tamaşaçıya pis örnək olduğunuz deyildi.

- Biz tamaşaçıya örnək olmaq üçün ssenari yazmırıq. Örnək olacaq kitablar var. Kitabxana deyilik, bu televiziyadır, şoudur. İnsanların üzündə təbəssüm yaradır, stressdən çıxarırıq. Əxlaq dərsini məktəbdə alsınlar. İki arvadlıq isə təbliğ yox, örnək idi. Onunla göstərmək istəyirdik ki, bu cür hal insanın həyatını bədbəxt edir. Onu yumor formasında təqdim etdik. Tənqidi təbliğ kimi qəbul edənlər var. Mən doğrunu deyirəm, başqa yan mənlik deyil.

- Dörd serialı ərsəyə gətirmək böyük məbləğ tələb edir. Elməddin maddi dəstəyi haradan alır?

- Hər serialın öz sponsorları var. Dördüncü serialımızın maliyyə dəstəyi isə ATV özüdür.

- Heç başqa kanallardan təkliflər almısınız?

- 8 il ərzində dəfələrlə təkliflər gəlib. Mənim üçün doğmalıq önəmlidir. Bir gənc üçün ən önəmlisi azadlıqdır. ATV-də bunu gördük.

"ÇƏTİNDİR, AMMA ÖHDƏSİNDƏN GƏLƏCƏM"

- Artıq 8 ildir "Bacanaqlar" serialı yayımlanır. Eynilik sizi yormadı?

- İki il əvvəl serialı bitirmək istəyirdim. Komanda yığışdı, iclas etdik, məndən başqa heç kim bitməyi istəmədi. Sonra gördüm ki, baxılır, reytinq verir. Düşündüm ki, tamaşaçı baxırsa, demək davam etməliyik. Serialı bitirsək belə, əfsanə olmayacağıq. Bu Hollivud filmi deyil. Yeni mövzular var. Aktyor kimi tükəndiyim anlar olur. Amma ssenaristlər sağ olsun, yeni mövzular düşünürlər. Bu mövsüm oynayacağım obraz mənim üçün yenidir. Çətindir, amma öhdəsindən gələcəm.

- Bu qədər aktyoru bir araya yığmaq çətin deyil?

- Çox çətindir. Onlar bizə inanmalıdırlar... 50 nəfərə yaxın heyətdir. Onların kaprizləri, küsməkləri, barışmaqları var. hamısını razı salmalısan. Bəzən gecikirlər, mühitə uyğunlaşmalıdırlar. Biz artıq bir ailə olmuşuq. "Qız atası"nda heç vaxt problemimiz olmur. Komanda o qədər bir-biri ilə doğmalaşıb ki... "Bacanaqlar"da da hamı bir-birinə öyrəşib. Hər serialda bir-iki kaprizli aktyorumuz var. Çəkilişə gecikməkdən, "mən bu insanla çəkilmək istəmirəm"ə kimi, hər cür kapriz olur.

- Heç iki küsülü aktyoru eyni səhnədə çəkmisiniz?

- Çox olub. Qonaq aktyor dəvət edirik.  Birini dəvət etmişik. Sən demə, bu tanınmışın bizim aktyorla qalmaqalı olub. Efir yayımlayıb, saytlar yazıb, xəbərim yoxdu. Serialda isə bunların obrazı isə yaxın rəfiqələrdir, öpüşüb-görüşməlidirlər. Amma bizi başa düşdülər, çəkilişdən sonra barışdılar da. Bizim serialda Aygün Kazımova, Röya Ayxan, Namiq Qaraçuxurlu -  hamı çəkilib. Amma bir gənc tanınmış dəvət etdik, yox dedi. Bu yaxınlarda biri də səhhətində problem olduğunu deyib, razılaşmadı. Amma bilirdim ki, bizə güvənmədi.

"ONUN KAPRİZLƏRİNDƏN QORXURUQ"

- Serialınızda çəkilməsini arzuladığınız məşhur var?

- Bir nəfər var, onu çəkməyi çox istəyirəm. Amma həmin insanı çəkməyi risk etmək istəmədik. Bu mənim arzumdur, o insanla nə vatxsa işləyəcəyəm. Danışığımız da olub, hətta onu çəkməyə maliyyə də tapacağam. Amma onun kaprizlərindən qorxuruq. İşimizin surəti aşağı düşəcək, bütün komanda onun qulluğunda durmalıdır. Düşündük, dördüncü serialımızda o qəhrəman olsun, amma çatdırmadıq.

- Heç film çəkməyi düşündünüz?

- Filmə çəkilmirəm. "Xoxan", "Naxox"a çəkilmişəm. Çox təklif gəlir, amma istəmirəm. Bu yaxınlarda bir film təklifi gəldi, bəlkə orda rol aldım. Amma özüm film çəkmək arzusunda deyiləm. Qətiyyən o bazara girmək istəmirəm. Çəkənlərə uğurlar arzulayıram. Həmin aktyor, həmin ssenarist, həmin rejissoruq. İstəsək bunu bacararıq. Film 8 ay vaxt aparır. Bu vaxta biz 30-40 bölüm serial çəkərik.

"DİNCƏLMƏYƏ GETDİM, XƏSTƏXANADA YATDIM"

- Həftənin 7 günü işləyən Elməddin dincəlməyə vaxt tapır?

- Neçə müddətdir ağır işləyirəm. Qərar verdim ki, ailəmlə birlikdə Türkiyədə dincəlim. Gedəndə təyyarəyə gecikdik, başqası ilə uçdur. Ora çatdıq terror oldu. İkinci günü qulağıma su doldu, pis oldum, xəstəxanada yatdım. Bakıya qayıtdım beş gün də burada müalicə aldım. Sonra kollektivlə getdik rayonlardan birində həm dincəlib, həm ssenari yazmağa. Hava çox sərin idi, məkan yaxşı. Amma xidmət bizi qane etmədi. Kənd həyatı idi, dedik uyğunlaşarıq. Dörd gün səbr etdik, gördük alınmır. Bakıya qayıtdıq, buranın istisində dincəldik.

- Bəs ailəniz onlara vaxt ayırmamaqda şikayətlənir?

- Belə məqamlar əvvəl çox olurdu. İndi məni başa düşürlər. Həyat yoldaşım ziyalı xanımdır, məktəbdə müəllimə çalışır. Məni hər şeydə başa düşür. Övladlarım böyüyüb. İstəkləri, məndən tələbləri var. Onları qarşılamaq üçün işləməliyəm. Vaxtımı onlara sərf etsəm, istəklərini qarşılaya bilməyəcəyəm. İndi böyük oğlum deyir ki, mənə maşın sürməyi öyrət. Söz vermişəm öyrədəcəyəm. 



"OĞLUMUN BU SAHƏDƏ OLMASINI İSTƏMİRƏM"

- Bir vaxtlar oğlunuz da sizin serialda rol alırdı...

- 4 ildir çəkmirəm. İstəmirəm bu sahədə olsun. İlk növbədə serial dərslərinə təsir edir. Oğlum əlaçıdır, geriləməsini istəmirəm. Rahatçılığı itmişdi, diqqət mərkəzində olurdu. Bu yükü daşıya bilmirdi. İstəyirəm başqa sahədə olsun. Bu nəsilə bir məşhur bəsdir. 

- Ümumiyyətlə, Elməddin ailəsini mediadan uzaq tutur...

- İkinci övladımı bir dəfə rejissorumuz bir kadra çəkib. Mən istəmirdim, məcbur etdi. Amma ailəmi bu aləmdən uzaq tutmağa çalışıram. Aktyor kimi tamaşaçıya aidəm. Ailəm mənə aiddir. Şəxsi həyatımı uzaq saxlayıram. Mənim İnstaqramım, "Facebook" səhifəm yoxdur. Şəxsi həyatımı heç kimlə paylaşmıram, həyatımı özüm yaşayıram. Əvvəl necə yaşayırdıq? Hamının özünə aid dünyası var idi. İndikilərin öz dünyası yoxdur. Səhər yuxudan oyanan kimi şəkil çəkib İnstaqrama qoymağa çalışırlar. Mən hər şeyimi paylaşa bilmərəm, mənə aid nəsə qalsın da... İlk başda bunlar xoşbəxtlikdir. Kimə istəyirsən yazırsan, cavab alırsan. Amma sonra bunun içində depressiya var. Ətrafında bu qədər insan olduğu halda belə depressiyaya düşürsən. Heç kimin səni anlamadığı an var. Ən yaxşısı heç kimin olmamasıdır. Mənim oğlumda da İnstaqram var.

Bir də ən sıxıldığım şey tərifdir. Tərifdən utanıram, xəcalət çəkirəm. Birdən insana elə söz yazırlar ki, utanırsan. Layiq oldun-olmadın tərifləyirlər. Birdən də yaxşı bir iş görürsən, başlayırlar pisləməyə. İnsanlar üçün Taleh yaşayır. Elməddin Allah, ailəsi və özü üçün yaşayır.

- Aktyorların əksəriyyəti küçədə sərbəst gəzə bilməməkdən şikayətlənir. Hərdən insanların küçədə onlarla obrazına uyğun davrandığını deyir, şikayətlənirlər. Sizin başınıza belə hal gəlib?

- Çox səmimi olmaq istəyənlər olur, cavabın verirsən oturur yerində. Yumor aktyorlarını küçədə görəndə zarafat etməyə çalışırlar. Bunlara normal baxıram. Özümü 90 faiz tanınmış hesab etmirəm.

"MİLYONÇU DEYİLƏM, VİLLALARIM YOXDUR"

- Bu seriallar Elməddinə maddi və mənəvi nə qazandırdı?

- Aktyor kimi peşəkarlaşdırdı, tanıtdı. Çox şey öyrəndim. Əvvəl tənqid ediləndə qəbul etmirdim. Dostlar qazandırdı. Eqolarım var idi, indi silmişəm. İş ortamında özümə bunu qadağan etmişəm. Maddiyə gəldikdə isə... Hansı sahədə olsam, çörəyimi qazanacam. Milyonçu deyiləm, villalarım yoxdur. Başımı soxmağa evim, normal yaşamaq üçün pulum var. Bura Hollivud deyil, o qədər çox qazanmırıq. Mənim yaşama məqsədim ailəmdir.

Bu qədər insana maaş verirəm. Hərdən xeyriyyəçilik edirəm. Maaş zamanı başıma o qədər hadisə gəlib ki... Maaşı vermişəm, artıq pul qalıb paylamışam. Sonra görmüşəm ki, başqa işçilərin maaşını nəzərə almamışam. Geri ala bilmirəm, gedib borc tapıb vermişəm. Hətta bir dəfə maaş verəndə pul artıq qaldı, payladım işçilərə. Sən demə, öz maaşımı götürməmişəmmiş. Evə getdim, yoldaşım deyir maaş hanı. Bölgünü düz aparmadığım anlar çox olur. Heç vaxt verdiyim artıq pulu geri almıram.

Xeyriyyə üçün çox müraciət edənlər də olur. Bacardığımı edirəm. Bu yaxınlarda biri deyir dərmanımı al. Dərman 2 min manat, 3 ədəd alınmalıdır. Deyirəm, mən 6 min manatı hardan alım? İnciyib getdilər. Mən heç bir aya 2 min qazanmıram.
 
- Efirdə hər zaman deyib-gülən Elməddini nə əsəbiləşdirir?

- Evdə belə problemlər yaşamıram. Amma xəyanətə, adımdan istifadə edilməsinə çox əsəbiləşirəm. Bu cür hallar da çox olur.

- Hansı serialları izləyirsiniz?

- Komediya seriallarını izləmirəm. Baxıram, yadımda hansısa məqam qalır, gəlib istər-istəməz təkrarlayıram. Camaatda baxanda deyir ki, filan yerdən oğurladı, "copy-past" edirsiniz. Bircə "Möhtəşəm yüz il"ə baxıram.

"XALQ ARTİSTLƏRİ BİZİ ÇOX DAŞLADI"
 
- Nə vatxsa sizi ciddi obrazda görə biləcəyik?

- İstəmirəm. Bütün komediya aktyorlarının ən böyük istəyidir, mənim yox. Kimə nəyi sübut eləyim ki? Hə, oynadım, nə olsun? Mən kütlə üçün yaşayan insan deyiləm. Heç elə bacarığımı da yoxlamamışam. Bilirəm ki, oynasam ciddi qəbul olunmayacaq. Yaşar Nuri etdi, alındı. Çünki o insan komediya ilə dramatik rolu paralel aparırdı. Cim Kerri, Kemal Sunal etdi, alınmadı. Mən kiməm ki?
Bilirsiniz, sənətə yeni gələndə bizi daşladılar, geri çəkilməyə məcbur etmək istədilər. Xalq artistləri yol göstərmədi, nəsə öyrətmədilər. Əgər bizə dəstək olsaydılar, bu gün daha irəlidə olardıq. Hər yerdən bizi qovmağa çalışdılar. Onlar qovdular, biz irəli getdik.

"TÜRKLƏR UTANMIRLAR, BİZİ FİLMƏ DƏVƏT EDİB ƏN AZ QONORARI VERİRLƏR"

- Bir çox tanınmışlar Türkiyəyə can atır. Sizdə belə istək olur?

- Türkiyədən dəvət ediblər. Film də, serial da olub. Onlar utanmırlar, başqa ölkədən aktyor çağırır ən az qonorarı verirlər. Biz sənin üçün nəyik? Məni başqa ölkədən çağırırsansa, ən çox qonorarı mənə verməlisən. Mənə orada ev tutmalısan, ailəmi işlə təmin etməlisən. Özününkü bahadır deyə, məni çağırır. Cavabım o oldu ki, öz işinizlə məşğul olun. Dedilər şöhrət qazanacaqsan. Neynirəm orada şöhrəti? Mən Azərbaycanda onsuz da şöhrətli biriyəm.

"10 MİN VERİR Kİ, TOYUMDA TAMADA OL"

- Nə vaxta kimi aktyor fəaliyyətinizi davam etdirəcəksiniz?
 
- Əvvəl düşünrdüm 40 yaşdan sonra aktyor kimi çəkilməyim. Amma indi yox. Hər yaşın öz rolu var. Elə bilirdim din aktyorluğu qəbul etmir. Sonra araşdırdım ki, din Allahla sənin aranda olan bağlılıqdır.

- Əlavə biznesiniz var? Dar gün üçün nələr yığmısınız? 

- İki dəfə biznes qurdum. Bir dəfə elektrik avadanlıqları olan mağaza açdım, ziyana düşdüm. Sonra kafe açdım alınmadı. Üçüncünü etməyəcəm. Bilirəm ki, bu mənim sonum olacaq (gülür). Gərək biznesin üstündə durmalısan. Nə də bu işdə qabiliyyətim var. Mən pul sevən insan deyiləm.  7 il əvvəl 300 manat maaşa işləyirdim, toya isə 1500 manata tamada kimi gedirdim. Toyu dayandırdım. Ayda iki toya gedib, 3 min qazanırdım, imtina etdim. Yüz manatım olsun, evdə qazanım qaynasın, ailəmlə bir olum. Bu xoşbəxtçilikdir. Pul olsun kafe-restoran gəz, xoşbəxtçilik deyil. 7 ildir toy dəvəti alıram, hər dəfədə başa salıram ki, getmirəm. Hətta zəng vurub 10 min də təklif edir. Mən bu məbləqdən imtina edirəm. Əgər on minə razılaşsam, sabah 7 minə də razılaşaq. Qərar verdimsə, bitdi. Tərslik etmirəm, bacarmıram. Tamada deyiləm, ola da bilmərəm.

Zəhra ƏHMƏDOVA
Foto: Ramin ASLANOV