Üzeyir Hacıbəyov - 128

Üzeyir Hacıbəyov -  128
2213 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür.

Axşam.az-ın məlumatına görə, bəstəkar 1885-ci ildə Şuşada (Ağcabədi k.)  dünyaya gəlib. Ü. Hacıbəyov dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı,  Elmlər Akademiyasının akademiki (1945), professor (1940),  Bəstəkarlar İttifaqının sədri (1938-1948),  Dövlət Konservatoriyasının rektoru (1928-1929,1939-1948),  EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada dünyaya gəlib. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Bəstəkarın atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Ona görə də ilin çox hissəsini orda keçirib. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlib. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salıb. Ancaq bacıları onu tez buraxmaq istəməyib. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayıb. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilməyib. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirib. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.
Bəstəkar Müslüm Maqomayevin bacanağı, Niyazinin əmisi olub.

Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın xalası oğludur.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayılqəzasının Hadrut kəndinə müəllim təyin edib.
Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyib, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirib.
Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə edib.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaradıb.

Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil edib.
1926-cı ildən Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaradıb.

O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr edib. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil edib.
1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb.

O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub.

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.

Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparıb.

Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilib.

2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində "Üzeyir Hacıbəyli – 125" Beynəlxalq Musiqi festivalı keçirildi

Dahi bəstəkar 1948-ci il noyabrın 23-də dünyasını dəyişib.