"Bütün toylar bizim əlimizdən keçir" - Elnur+fotolar

"Bütün toylar bizim əlimizdən keçir" -  Elnur+fotolar
2915 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər kəs Elnur Həsənovu şou-biznesin tanınmış simalarının stilisti kimi tanıyır. Amma o, həm də iş adamı, prodüser və modelyerdir.

Axşam.az E.Həsənovla müsahibəni təqdim edir:

- Yay ərəfəsində sizi tez-tez xaricdə istirahətlərdə gördük.

- Artıq neçə ildir ki, dincəlmirdim. Bu il dostlarımla birlikdə istirahətə getdim. İyunda Zamiq Hüseynovla birlikdə Avropa gəzintisinə çıxdım. Ordan İstanbula gəldim. Başqa bir dostumla Antalyaya getdim. Bu yaxınlarda isə Röya ilə Bodruma yollandıq. Bu həm iş məqsədli, həm də istirahət idi. İstirahətə gedəndə də işimi unutmuram. Harasa gedəndə kosmetika mağazalarını gəzir, yeni vasitələr axtarıram, alıram. Bu yaxınlarda Nyu-Yorka gedəcəm. Bu da işlə bağlıdır.

“RÖYANIN O OBRAZINI HEÇ BƏYƏNMƏMİŞDİM”

- Röya Ayxandan söz düşmüşkən,  uzun müddətdir ki, dostluq edirsiniz. Röyanın Türkiyə layihələri zamanı geyim, makiyaj tərzini bəyənirsiniz? Heç irad tutduğunuz anlar olur?

- Çox vaxt etdikləri stili bəyənirəm. Röya şıltaq, çılğındır. Ona uyğun sərbəst saç düzümü, sadə makiyaj edirlər. Röya çox makiyajı sevmir. Sadə makiyajla daha sərt, maraqlı görünür. Türkiyədə bir klip çəkdirmişdi, iki obrazda idi. Obrazından birini heç bəyənməmişdim. Həmin obraz mənə çatmadı. Biz dostuq, bir-birimizə iradı qəbul edirik.



- Müğənnilər arasında seçim edirsiniz?

- Əvvəl etmirdim, artıq başlamışam. Özümə qadağa qoydum. Ölkənin ən tanınmış ulduzları ilə çalışmışam, onlardan yüksəkdə olan yoxdur. Onlardan aşağıda olanlarla isə işləməyəcəyəm. Seçmişəm, üç və ya dörd insanla çalışacağam. Bunlar mənim daimi çalışdığım insanlardır. Bir də hansısa bir layihəsi üçün müraciət edənlər olur. Onlardan isə pulumu alıb çalışıram. Heç kəsə inamım qalmayıb, qəbul etmək istəmirəm.

“HƏMİN İNSANI HEÇ VAXT QƏBUL ETMƏRƏM”

- Uzun müddət dostluq etdiyiniz gənc bir ifaçı (adını E.Həsənovun istəyi ilə yazmırıq - red.) ilə aranızda söz-söhbət olub. Bildiyimizə görə, onunla davadan sonra gənc ifaçılarla çalışmağı özünüzə qadağan etmisiniz?

- Mənim heç bir tanınmışla söz-söhbətim olmayıb. İncikliyimiz ola bilər, bəlkə də zamanla keçib gedəcək. Kimdənsə incimişəmsə, demək, o insan mənim üçün artıq yoxdur. Yenidən barışsaq və mənə müraciət etsə, heç vaxt qəbul etmərəm. Yenə də “heç vaxt” deməyim...

- Deyirsiniz gənc ifaçılarla çalışmayacağam, amma bu yaxınlarda Sevil və Sevinc Səfərova bacıları sizinlə fotosunu paylaşıb, uzun müddətdən sonra qəbulunuza düşdüyünü yazmışdı.

- Mənim dostlarım "Xəzər" telekanalında müəyyən vəzifəyə təyin ediliblər. Bu yaxınlarda həmin kanalda yeni mövsüm anonsu çəkilirdi. Dostlarımın xatirinə layihədə olacaq aparıcıların hamısını mən makiyaj etdim. Burada tək Sevil və Sevinc yox, Xoşqədəm Hidayətqızı, Çiçək və başqaları var idi. Etdiyim işləri reklam etməyi sevmirəm. Elnur Həsənov neçə ildir var, çalışır. Son dörd ildir bir az sosial şəbəkədə aktivəm və dostum olan tanınmışlar fotolarımı paylaşır. Hər şeyə özüm nail olmuşam. Məni hətta kimsə reklam etsə, qaçan adamam. Bir parça çörək almaq üçün pul qazanıramsa, bəsimdir. Çox pulda gözüm yoxdur. Hər şeyi Allahın öhdəsinə buraxmışam. O da məni həmişə önə aparıb.



- Bu yaxınlarda Nazpəri Dostəliyeva ilə də işbirliyiniz olacaq.

- Nazpəri xanım yeni klip çəkdirəcək. Orada birlikdə çalışmağımızı istədi. Mən razılaşmışam, amma hələ dəqiq deyil. Bəlkə işbirliyimiz alınmadı. Onunla çalışsaq, bu, ilk dəfə olacaq.

- Bildiyimizə görə, yeni telelayihə hazırlayırsınız. Burada bir ara aranızda qalmaqal yaşanan stilist Anar Ağakişiyev də yer alacaq.

- Belə bir layihəm var, amma tam təsdiqlənməyib. Burada Anar Ağakişiyev də ola bilər, biz düşmən deyilik. Anar işinin peşəkarı, çox yaxşı stilistdir, Bakıda peşəkar stilist çox azdır, barmaqla sayılacaq qədərdir. Niyə də olmasın? Dəblə bağlı bir veriliş olmalıdır.

- Sizə "Xəzər" telekanalında bir vəzifə də təklif edilib...

- Sözügedən kanalda baş stilist olaraq çalışmağım təklif olunub. Hələ buna cavab verməmişəm, fikirləşirəm. İnşallah, yaxşı olar.

- Rəqabət apardığın stilist var?

- Burada heç kim nə öndə, nə də arxadadır. Hamımız eyni markanın kosmetikasından istifadə edir, eyni insanları makiyaj etmişik. Hər kəsin öz tərzi var. Birimiz rəngli, digərimiz parlaq, o birimiz “nude” makiyajı sevirik. Bizi fərqləndirən ancaq budur, səviyyə yox. Zövqlü və zövqsüz stilistlər var, zövqsüzlərin adını çəkmirəm.

- 2003-cü ildən stilist kimi çalışırsınız. Bu iş sizə mənəvi və maddi nələr qazandırdı?

- İnsanları tanımağa başladım. Əvvəl hamıya inanırdım, indi yox. İnsan psixologiyasını öyrəndim. İnsan olub ki, dost bilib sirrimi açmışam, gedib başqasına danışıb. İndi heç kimə sirr danışmıram. Hər şeyimi danışdığım dostum Zamiq Hüseynovdur. Bu sahədə çalışmaq məni böyütdü. Yoxsa hələ də hamıya inanan, uşaq Elnur qalmışdım. Maddi tərəfdən isə çox şey qazanmadım. Ailəmlə yaxşı dolanıramsa, bəsimdir. Avtomobilim də yoxdur. Hərdən deyirəm, pulumun çoxu taksiyə gedir, maşın alacağam. Amma tez də fikrimi dəyişirəm, maşın sürməyi sevmirəm. Yoxsa bu gün almağa belə imkanım var. 

“AZƏRBAYCANDA BİR İLK EDƏCƏYƏM”

- Qazancınızı nəyə xərcləyirsiniz? Vizajistlik ömürlük peşə deyil, dar gün üçün nələr yığmısınız?

- Daimi müştəri yoxdur. Bəlkə bu gün qazandığımı 5 il sonra qazana bilməyəcəyəm. Geyinməyi, alış-verişi, dostlarıma hədiyyə almağı sevirəm. Bədxərcəm, pul xərcləməyi xoşlayıram. Ona görə də özümə çox şey yığmamışam.

- Bildiyimiz qədəriylə toy təşkilatı ilə məşğul olan şirkətiniz var.

- Kənan Bayramovla birlikdə şirkət açmışıq: "KEvents group". Düşündük ki, birimiz Röya, digərimiz Zamiqlə çalışırıq. Bütün toylar bizim əlimizdən gəlib keçir. Niyə də belə bir biznes qurmayaq? Ona görə də şirkət açdıq. İndi işlərimin çoxluğundan ona az vaxt ayırıram. Amma o sahədə hər şey yaxşıdır.



- Başqa nə biznesi qurmaq istəyərdiniz?
 
- Bir planım var, o alınsa, Azərbaycanda bir ilk edəcəyəm. Allah o imkanı mənə versə, böyük bir iş olacaq. Nə olduğunu deməyim, çünki oğurlayanlar var. Bir də "A glamour" moda evinin sahibəsi Afa xanımla birlikdə moda nümayişinə hazırlaşırıq. Həmin kolleksiyada mənim eskizlərim əsasında hazırlanan qadın və kişi geyimləri nümayiş olunacaq. Bu mənim ilk kolleksiyam olacaq. İstanbulda da bir layihəm var. Ora köçməyi düşünürəm. Hələ birdəfəlik getməyə risk edə bilmərəm. Hər şeyi atıb getsəm, necə olar? Mənim əlimdə çox yaxşı işlərim var birdəfəlik ata bilmərəm. Burada müştərilər yığmışam. Birdən ora getdim, nəsə alınmadı, geri qayıtsam çətin olacaq. 

- Sosial şəbəkədəki paylaşımlarınızdan çoxları sizi qlamur həyat yaşayan biri kimi tanıyır.

- Əslində heç də qlamur həyat yaşamıram. Gecələr klublara, restoranlara getmirəm. Dostlarımla haradasa otura bilərəm. Tanışlarımın açılışlarına gedib, 15 dəqiqədən artıq qala bilmərəm. Getdiyim məkanın ancaq liftində foto paylaşaram.

- Birlikdə çalışdığınız müğənni Zamiq Hüseynov da son günlər gündəmdən uzaqlaşıb.

- O da mənim kimi bütün yayı dincəlirdi. Yeni fotosessiya, albom və mahnılar hazırlayırıq. Klip də gözlənilir. Mənim çalışdığım yeganə kişi ifaçısı Zamiqdir. Yeni fotosessiyada ona maraqlı stil hazırlayıram.

“20 KİLOQRAM ARIQLAMIŞAM”

- Son günlər həm də çox arıqlamaqla gündəmə gəldiniz. Pəhriz saxlayırsınız?
 
- Türkiyədən dietoloq gəlmişdi, mənə məsləhətlər verdi, onun yazdığı pəhrizi saxlayıram. Fevraldan indiyənə qədər 20 kiloqram atmışam. Hazırda 90 kiloqramam. 10 kiloqram da atmalıyam. Həkim daha çox icazə vermir. Hər şey yeyirəm. Çörək, şirniyat və digər un məmulatlarını qida rasionumdan çıxarmışam. Məsələn, toya gedəndə bütün yeməklərdən yeyirəm. İndi çox xoşbəxtəm. İdman sevməsəm də, gedirəm, sağlamlığım üçün vacibdir.

Zəhra ƏHMƏDOVA

Foto: Ramin ASLANOV