“Toyda Aygün və Röya bir-birinə bokal atmışdı” - "Maqazin Klubu"

“Toyda Aygün və Röya bir-birinə bokal atmışdı” - "Maqazin Klubu"
7376 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni mövsümün açılışı olaraq “Maqazin klubu”nda  bu dəfə şou-biznesin ən səs-küylü qalmaqallarını müzakirə etdik. Mövzuya son həftələrin əsas xəbəri olan SSRİ xalq artisti Zeynəb Xanlarova və müstəqil Azərbaycanın ilk xalq artisti Flora Kərimova arasında baş verənlərlə başladıq. 

"FLORA KƏRİMOVA ŞANTAJ XARAKTERLİ FİKİRLƏR SƏSLƏNDİRDİ" 

Pərviz:
- Flora xanımın məlum ittihamlarından sonra Zeynəb Xanlarova  tərəfindən hələ də susqunluqdur. Sizcə, bu qalmaqal kimə lazım idi? Kim bundan nə qazandı?

Zəhra:
- Əslində, bu qalmaqal çoxdan var. Sadəcə, mediada bu qədər yayılmırdı. Flora xanımın dediyinə görə, o, bunu jurnalistlə öz arasında müsahibədənkənar danışıb. Hətta, müsahibəni dərc olunmadan ona göndərilməsini xahiş edib. Lakin jurnalist bunu birbaşa yayımlayıb.

Elvin:
- Tutaq ki, jurnalist səhv edib.Amma qeyd edim ki, jurnalistin dostu olmur. Flora Kərimova səhv edib. Jurnalist elə bu mövzunu yazmalıdır, yazana haqq qazandırıram.  Amma Flora Kərimova jurnalisti günahlandırırsa, 2-ci, 3-cü jurnalist xalq artistinin yenidən mövqeyini öyrənmək istəyəndə niyə danışdı? Bu zaman Flora xanım məsələnin lap kökünə gedərək şantaj xarakterli fikirlər səsləndirdi.

Pərviz:
- Flora xanım heç vaxt sözünü geri götürən adam deyil. Məsələ üzə çıxıb deyə, dediyinin də arxasında qaldı.

Zəhra:
- Ümumilikdə, bu söz-söhbətdə qazanan saytlar, jurnalistlər oldu. Oxucu qazandılar. Bir də bu məsələyə müdaxilə edən digər şəxslər gündəmə gəldilər. Zeynəb Xanlarovanın qardaşı qızı Mehriban Xanlarova bibisini müdafiə edən açıqlamalar verdi. Məlumdur ki, onların da münasibəti soyuqdur. Yəqin, Mehriban xanım bunu bibisi ilə barışmaq üçün bir imkan görüb. Xalq artisti Faiq Ağayev də məsələdə əsas rol oynadı. Flora Kərimovayla ədavətini üzə çıxardı. Bu halda Flora xanım iki tərəflə qalmaqal yaşadı. O, yenə də Faiq Ağayev haqda illərdir dediyi ittihamları səsləndirdi. Faiq Ağayev bunu bəzi saytlardan yığışdıra bildi, amma özü sosial şəbəkədə daha sərt ittihamlar yazdı.



“DÜNƏNKİ CÜCƏLƏR BU MÖVZUDA DANIŞMASINLAR"

Elvin:
- Mənim üçün hər iki sənətkar eyni statusda adamdır. Biri xalqın içində olan xanımdır, biri klassik musiqini ən səviyyəli şəkildə təqdim edən. Flora-Zeynəb davasında haqlı-haqsız tərəf axtarmaq, fikir bildirmək heç kimin həddi deyil. Biz indi məsələni sadəcə jurnalist kimi müzakirə edə bilərik. Bu qalmaqala Canəli Əkbərov, Arif Babayev kimi o dövrün sənətkarları reaksiya bildirə bilər, yerdəki cücələrin çıxıb bu barədə danışması yersizdir. Sadəcə, Flora Kərimova bununla özünü gözdən saldı. Flora xanımı sevən insanlar konkret bir kütlədir. Yaşlı adamlar deyirlər ki, o vaxt Flora oxuyanda kanalı çevirirdik, gözləyirdik Zeynəb oxusun. Çünki o, xalqın sevimlisi idi. Flora isə daha çox savadlı musiqinin təmsilçisidir. İndi də onu sevənlər daha çox gənclərdir. Heç gənclər arasında Zeynəbin mahnılarını dinləyən yoxdur. Mən bircə Flora Kərimovanın gözdən düşməsindən qorxuram. O vaxt İlhamə Quliyevaya necə deyirdi ki, “doğum evindəki hadisəni yada salaram”, indi də Zeynəb Xanlarovaya deyir ki, “Şəki məsələsini yada salaram”. Bu, şantajdır. Belə olmaz axı?

"FLORA KƏRİMOVA MUXTAR RESPUBLİKA KİMİDİR"

Zəhra:
- İlhamə Quliyeva qalmaqalında hamı Flora Kərimovanın tərəfində idi, indi isə dedikləri ilə tam tərsi baş verir. Hamı onu ittiham edir, hətta İlhamə Quliyevanı da haqlı bilənlər var.

Pərviz:
- Flora xanım heç kimdən asılı deyil və qorxmur, ona görə doğru bildiklərini deyir. Faiq Ağayev şou-biznesin mərkəzindədir, Zeynəb Xanlarova Milli Məclisin deputatıdır, Flora Kərimova isə muxtar respublika kimidir. Şou biznesdə heç kimlə o qədər də yaxın deyil, rəfiqə deyil. Ona görə, gözləntiləri yoxdur, rahatdır, azaddır.

Müzakirəmizin bu yerində aramızda fikir ayrılığı baş verir.

Elvin:
- Flora Kərimova İlhamə Quliyevaya qarşı olan hər kəslə dost olurdu, onları müdafiə edirdi.

Pərviz:
- Amma şou- biznesin başqa qalmaqallarına baş qoşmur, bu, sadəcə 10 illərdir davam edən böyük düşmənçilikdə tərəf məsələsi idi.

Zəhra:
- Flora xanım  İlhamə xanımın  ölümündən sonra da onun haqqında danışmaqla gündəmdə qaldı.

Pərviz:
- Bu məsələdə jurnalistlər günahkardır. Flora xanımı görən kimi İlhamə haqda sual verirlər. Bundan sonra da əminəm ki, Zeynəb Xanlarova haqda soruşacaqlar.

Zəhra:
- Cavab verməyə də bilər...

Pərviz:
- O zaman da deyəcəklər ki, sualdan yayındı. Flora xanımın heç vaxt cavab vermədiyi sual olmayıb. Sənəti, ailəsi, oğlu, qızı haqda hər suala cavab verir.

Elvin:
- Məsələyə digər tərəfdən baxaq. Bu iki sənətkar deməli bütün gündəmi dəyişmə qüdrətinə sahibdirlər. Hətta, qalmaqalın öncədən planlaşdırıldığını deyənlər də var.

Pərviz:
- Məncə, bu məsələ hələ uzun müddət gündəmdə qalacaq.



İki böyük sənətkarımızın arasındakı xoşagəlməz ittihamları bitirib digər qalmaqallar haqda danışmağa başlayırıq. Şou-biznesimiz elə də yaşlı deyil. Lakin bu o qədər də uzun olmayan illər ərzində ulduzlar arasında qalmaqallar az olmayıb. İllərdir davam edən, hələ də səs-küyü bitməyən Aygün Kazımova və Röya Ayxan mübarizəsi...

AYGÜN-RÖYA: SƏNƏT, STATUS MÜBARİZƏSİ, YOXSA UCUZ ŞOU?

“Toyda Aygün və Röya bir-birinə bokal atmışdı”

Zəhra:
- Aparıcı Kamilə Babayevanın toy mərasimində iki müğənni arasında baş verən dava yadıma düşdü. Şahidlər deyir ki, Aygün və Röya bir-birlərinə bokal da atıblar. İndi də bu hadisəni bəzən lətifə kimi də danışırlar.

Elvin:
- Aygün sənətdə çox yeniliklərin banisidir. Röya sənətə gələndə Aygünün adından çox yaxşı istifadə etdi, özünü uğurlu reklam etdi. Açıqlama verirdi ki, “Məni Aygünə bənzədirlər”, Aygün də deyirdi “Mən onu Vaqif Gərayzadənin tələbəsi kimi tanıyıram”. Lakin sonra Röya ulduz olmağa başlayanda Aygün başladı onun reklamından istifadə etməyə. O, öz bek-vokalçısı olmuş biriylə belə ucuz qalmaqala getməməli idi. Hər maqazin verilişində ona söz atırdı. Bu, Aygünün ən böyük səhvi oldu.

Pərviz:
- Razıyam. Məsələn, Tarkanın bek-vokalçısı olan Murad Boz da sənətə gələndə meqastara söz atırdı. Tarkan isə reaksiya vermədi. Bizim şou-biznesdə olanların çoxu isə Aygün Kazımovanın adından istifadə edərək gündəmə gəliblər. Sadəcə, Aygün xanım bu qalmaqalların hamısına gedib. Amma bir müddət sonra həmin adamla küsülü olduğunu unudur, barışır. Bu, Aygün xanımın kinli olmamasını göstərir. Heç kimlə sona qədər mübarizə aparmayıb. Hətta o vaxt deyirdi ki, Namiq Qaraçuxurlu mənə deyir ki, “dünən filankəs sənin haqqında belə deyirdi, indi niyə onunla  gülürsən axı?”

Zəhra:
- Məncə, belə qalmaqallarda hər iki tərəf itirir. Bir vaxtlar Röyaya qalmaqal lazım idi. İndi isə bu, heç birinə lazım deyil. Hər ikisinin sevəni, hər ikisinin uğurlu işləri var. Bu gün nəsə baş versə, yenə də qazanan media olacaq.



"NATAVAN ANCAQ AYGÜN KAZIMOVA İLƏ GÜNDƏMƏ GƏLİR"

Pərviz:
- Aygünlə özünü ən çox reklam edən Natavan Həbibi olub. “Nömrə 1” şousunda Aygünü udandan sonra Natavanın özünəinamı yarandı, adı ancaq Aygünlə qalmaqalda hallandı. İllər sonra yadına düşdü ki, həmin gün kulisdə Aygün məni təhqir edib falan... Məhkəmələr oldu.. O gün də çıxıb deyir ki, Aygünlə barışaram. Yəni, o, hələ də Aygün Kazımova adıyla gündəmdədir. Məsələn, Nura Suri bir dəfə etiraf etmişdi ki, biz çoxumuz səhnəyə gələndə Aygünün adından istifadə edib süni qalmaqal yaratmışıq. Amma bu gün Nura artıq öz kütləsini tapıb, sosial şəbəkədə ən aktiv müğənnilərdəndir və heç kimlə qalmaqal etmir. Aygünün zəif tərəfi qalmaqallara getməsi, kinsiz və unutqan olmasıdır.

Zəhra:
- Natavan Aygün Kazımova ilə qalmaqalı sayəsində media ilə dostlaşdı. Natavan buna görə Aygünə təşəkkür etməlidir. Aygün Natavanın barışıq təklifinə isə susdu. Məncə, o, bu dəfə Natavana reklam vermək istəmir.

Elvin:
- Onu deyim ki, onlar arasında ədavət böyükdür. Onların barışmasına inanmıram. Natavanın barışıq açıqlaması da, televiziyanın montaj siyasətidir.

BRİLLİANT, FAİQ, ZÜLFİYYƏ - ŞOU ALƏMİNİN ƏZƏLİ DÜŞMƏNLƏRİ

Pərviz:
- Şou-biznesin ən böyük qalmaqallarından və ən uzunmüddətli küsülülüklərindən biri də Faiq Ağayev, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva üçlüyüdür. İllərdir bir araya gəlmirlər. Məncə, onların şəxsi ədavəti çox kəskindir. Sonuncu dəfə “Beşinci element” verilişində bir-birləri haqda açıqlama vermişdilər.

Zəhra:
- Faiq Ağayev demişdi ki, Zülfiyyənin mahnılarını dinləyirəm. Xanbabayeva isə tam əksini demişdi, verilişdə kəskin mövqeyini bildirmişdi. Zülfiyyə xanım dedi ki, mən tədbirlərdən birində Faiqə əl uzatdım, salamımı almadı, bu təhqiri heç vaxt unutmayacağam.

Elvin:
- Bu qalmaqalın pərdəarxası o qədər məlum deyil. Zülfiyyə xanım kimi qalmaqallardan uzaq adam bu qədər kin saxlayırsa, deməli, ortada böyük ədavət var. Bu, heç mediaya da dəqiq bəlli deyil. Əvvəl onlar üçlü idilər Aygün-Zülfiyyə-Brilliant... Sonra Aygün Faiqlə barışdı. Brilliantla Zülfiyyə də buna görə Aygündən tamamilə uzaqlaşdılar, hətta bir vaxtlar rəfiqə olduqlarını belə qəbul etmədilər. Aygün də, bayaq sən dediyin kimi, kinli olmadığı üçün yenə də küsülülüyü unudub.

Pərviz:
- Onlar qalmaqala başlayanda dördü də sənətinin zirvəsində idi. Faiq Ağayev ona qarşı kampaniyaya o qədər cavab vermədi. Məncə, indi də heç onlarla barışmaz.

Zəhra:
- Faiqlə Aygünün arasında indi də soyuq küləklər əsir. Faiqə sual verilmişdi ki, son zamanlar Aygünün konsertlərində görünmürsüz, heç ad günündə yox idiniz. O da demişdi ki, dəvət olunan yerlərə gedirəm. Ondan sonra da bir arada görünməyiblər.

Bu arada fikir veririk ki, ən kəskin qalmaqalları səhnəmizdə sözünü demiş insanlar edib. Heç gənc ulduzlar arasındakı qalmaqallar yada da düşmür.

"O DEYİR Kİ, MƏNİM DƏ QARŞIMI ZEYNƏB XANLAROVA KƏSİB"

Elvin:
- Böyük incikliklərdən biri də Nisə Qasımova və Zeynəb Xanlarova haqdadır. Nisə xanım dəfələrlə söz atıb ki, mənim qarşımı Zeynəb Xanlarova kəsib. Burada Ələkbər Tağıyev amili də var. Bir bəstəkara görə bəzi sənətkarlar küsülü oldular. Nisə xanım o vaxt səhnəyə çıxanda ona “nemes”, “yəhudi” deyirdilər. Ona qarşı böyük kampaniya aparılmışdı. Bu kampaniyanın banisinin qarşı tərəf olduğu iddia edilirdi.

Pərviz:
- Yaşlılar deyir ki, Nisə xanım səhnəyə gələndə hər kəs onu “İkinci Zeynəb” adlandırırdı. Amma bəzi qüvvələr sonra Nisə Qasımovanı ölkədən uzaqlaşdırmağa nail oldular.



Pərviz:
- Bəzən oxucular yazırlar ki, o vaxtın sənətkarları Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova heç qalmaqal etmirdilər. Amma əslində indi baş verənlərin beş qatı o vaxtın kulislərində yaşanırdı. Ən böyük sənətkarlar arasında elə şəxsi qalmaqallar olub ki... Sadəcə media güclü deyildi, hər şey nəzarətdə idi.

Zəhra:
- Əslində, bütün qalmaqalların arxasında şəxsi məsələlər var. İndi gənclərin də qalmaqalları üzdə başqa cür görünür, efirdə elə deyirlər ki, guya mahnılarını bəyənmirlər, amma əslində başqa cürdür.

TAMAŞAÇILARA GİZLİ OLAN KÜSÜLÜLƏR KİMLƏRDİ?

Mediadan və tamaşaçılardan gizli, qalmaqalları, bir-birindən küsülüləri sadaladıq:
Sevda Yahyayeva-Kamalə Piriyeva, Günay İbrahimli–Sevil və Sevinc, Ayan-Sevil və Sevinc, Abbas Bağırov-Ramal İsrafilov, Röya-Sevda Ələkbərzadə, Röya-İradə İbrahimova

Zəhra:
- Oksana Rəsulova və Aygün Kazımova da küsülü idi. Aygünlə Rəhimin konsertində Oksana səhnəyə çıxdı, amma yenə Aygünlə bir araya gəlmədi.

Elvin:
- Oksana Aygünlə Natavana görə barışmaz. Çünki, Natavanla Oksana bir vaxtlar yaxın idi. Oksana Natavandan ona görə küsdü ki, Həbibi Toliklə barışdı. Oksana da dedi ki, mən sənə görə Toliklə küsdüm, sən barışdın. Oksana çox ağıllı qadındır. Natavandan acıq çıxmaq üçün xalq artisti ilə yaxınlaşmaz.

Zəhra:
- Aygünlə Oksana arasındakı qalmaqal əslində elə də böyük şey deyil. O vaxt Oksana Namiq Qaraçuxurlu ilə eyni təyyarədə yol gəlmişdi və bu, mediada başqa cür təqdim edilmişdi.

Bu arada Elvin şou biznesdə cəbhələşmə olduğunu deyir və onu belə sıralayır:

- Röya indi tamamilə başqa aləmdədir, ətrafına Zamiq və Abbasdan başqa heç kimi buraxmır. İkinci qrup Natavan Həbibindir. Ətrafında Xatirə, Elnur, Səidə Sultan, Xuraman Şuşalı, Tolik və digərləri. Bir də Aygünün ətrafıdır ki, hazırda barmaqla sayılacaq şəxslərdir.

Zəhra:
- Ümumiyyətlə, Aygün xanım hazırda bir qədər qalmaqallardan kənardadır.



“RÖYA QARDAŞINA ALDIĞI EVİ DƏ EFİRDƏ REKLAM EDİR"

Pərviz:
- Röya da şou-biznesdə hamı ilə qalmaqal edib. Səidə Sultandan tutmuş Eltona kimi çoxu ilə atışmalar yaşanıb.

Zəhra:
- Röya illərlə bir səhnədə oxuduğu Elnarə və Natavanla da qalmaqal yaşadı.

Elvin:
- Röya onların bir zamanlar bəlkə də zarafatla dediklərini qalmaqal səviyyəsinə çatdırdı. O, imkan düşdükcə hamıdan üstün olduğunu göstərməyə çalışır.

Pərviz:
- Bu, həm də bir az kompleksdir. Röya indi Azərbaycanda ən yüksək zirvələrdən birindədir. O, illərlə çəkdiyi əziyyətin acığını çıxır. Etdiklərini tez-tez dilə gətirir. Röya qardaşına aldığı evi də efirdə reklam edir.

Zəhra:
- Aygün Kazımova isə tam əksidir, etdiklərini efirdə deməyi sevmir. Bir dəfə Yusifin verilişində bir qadın Aygün Kazımovaya dedi ki, mənim qızıma böyük yaxşılıq etmisiniz, evimizə gəlmisiniz. Aygün isə heç söhbətin üstündə durmadı.

Elvin:
- Ümumiyyətlə, “W-trio”nun üzvlərinin hamısı qalmaqalların içində olub. Onlar səhnəyə gələndən heç sakitcə dayanmayıblar.

Bir zamanlar mediada böyük qalmaqalların çoxunu prodüser Təranə Səmədova edirdi. Onun  həyat yoldaşı Kərim Abbasovla və müğənni Rəqsanə ilə qalmaqalı çoxlarının yadındadır.

Elvin:
- Təranə çox cəsarətli qızdır, ona görə atılan bütün atmacalara yerindəcə cavab verir. O, hansı müğənniylə işləyibsə, ayrılandan sonra onlarla söz-söhbət yaşayıb.

Zəhra:
- Təranə hətta o qədər kompleksizdir ki, bu günlərdə Kərim Abbasovun fotosunu paylaşmışdı. Yada salım ki, iki-üç il bundan əvvəl Əfqan Quliyevin toyunda Kərimlə Təranə arasında dava düşmüşdü. Kərim Təranəyə su atmışdı. Orada olanlar ikilini ayırmışdı.

Sonda ənənəmizə sadiq qalıb mövzumuza uyğun kiçik  siyahı tərtib etdik.

Heç vaxt qalmaqal etməyən müğənnilər:
Samirə, Tünzalə Ağayeva, Ədalət Şükürov, İlqar Muradov...

Qalmaqallı xanım sənətçilər:
Flora Kərimova, Aygün Kazımova, Röya Ayxan

Qalmaqallı kişi ifaçılar:
Əli Mirəliyev, Faiq Ağayev

Şəxsi həyatıyla gündəmdə qalan müğənni:
Rəqsanə İsmayılova

Ən çox qalmaqallı açıqlama verən müğənnilər:
Nadir Qafarzadə, Elza Seyidcahan, Xatirə İslam

Gündəm xatirinə edilən qalmaqalların üzərində durmadan mövzunu yekunlaşdırırıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. “Maqazin Klubu” olaraq yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çadırmışıq. Şərhlərimizdə isə qərəzdən yayınmağa çalışmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov
Söhbət etdi: P.Sadıqov, Z.Əhmədova (Axşam.az)
Elvin Elxan (Qafqazinfo.az)

İnstaqram: @maqazin_klubu
Fotolar:
Ramin ASLANOV

“Çırağan”  restoranına xüsusi təşəkkür