İlham Zəkiyev milli geyimdə

İlham Zəkiyev milli geyimdə
728 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparıb.

Axşam.az-ın məlumatına görə, İ.Zəkiyev həmin vaxt milli geyimdən istifadə edib. Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.

G.Xəlilova idmançı ilə işbirliyindən bəhs edib:

"Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iki ay əvvəl mənə zəng vurdu  və bayraqdarımızın Rio Paralimpiya Oyunlarının açılışında milli geyimdə olması ideyasını təklif etdi. Bu ideya çox xoşuma gəldi, mən də böyük məmnuniyyətlə belə geyimin tikilməsi üzərində işə başladım.  İşlər həqiqətən maraqlı, eyni zamanda pəhləvanımızın ölçüsünü nəzərə alaraq bir o qədər çətin idi – onun üçün 3 nəfərin ölçüsündə geyim tikməli olduq (gülür). Eyni zamanda, işləri  gizli saxlayırdıq ki,  hamı üçün xoş sürpriz olsun. İlqar Rəhimov və vitse-prezident Natiq Qasımov bu işə böyük məsuliyyətlə və diqqətlə yanaşdılar, geyimin əyinə ölçülməsində iştirak etdilər, açılışda milli geyimin ən yaddaqalan olması üçün məsləhətləşirdik. Belə də oldu! İlham Zəkiyev bütün bayraqdarlardan xeyli fərqlənirdi və onun açılışda milli geyimdə iştirakı çox böyük maraq doğurdu. Bildiyimə görə, bu, olimpiya hərəkatının tarixində yenilik oldu ki, bu da çox sevindirir və hamımıza böyük qürur hissi verir. Rioda bizim bütün paralimpiyaçılarımıza böyük uğurlar arzulayıram".