"Ərimin qısqanclıqları mənim üçün xoşdur" - Elnarə+fotolar

"Ərimin qısqanclıqları mənim üçün xoşdur" -  Elnarə+fotolar
7769 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər kəs Elnarə Bəkirovanı məşhurların dəb məsləhətçisi, geyim mağazasının sahibəsi kimi tanıyır. Stilistlə bu dəfə şəxsi həyatından, tanınmışlarla dostluqlarından danışdıq.

Axşam.az Elnarə Bəkirova ilə müsahibəni təqdim edir:

- Elnarə Bəkirova kimdir və bu sahəyə necə gəlib?

- Uşaq vaxtdan modaya həvəsim var idi. Hər zaman xanımlara geyim məsləhətləri verib, onlara kömək etmək arzum olub. Uşaq vaxtı qohumlarım məndən geyim məsləhətləri alırdılar. Bu da mənə stimul verirdi. 8 ildir dəb məsləhətçisi kimi çalışıram, mağazam var. Amma son 1 ildə tanınmışlarla işləməyə başladım və bu sahədə məşhurlaşdım. İlk çalışdığım insan Xatirə İslam olub. Butik sahibi olmazdan əvvəl də onu tanımışam. Məşhurlara yol açmağıma da o kömək edib. İndi tanınmışlar özləri mənə müraciət edir. Bu da mənim uğurumdur. Geyim tərzimlə, məsləhətimlə diqqətləri özümə yönəldə bildim. Məşhurların, adi xanımların mənə müraciət etməsi böyük nailiyyətdir.

"HAQSIZ NARAZIÇILIQLAR ÇOX GÖRÜRƏM"

- Bilirik ki, tanınmış simalarla çalışmaq o qədər də asan deyil. Onların kaprizləri, narazı qaldıqları anlar çox olur.

- Hər bir insanın kaprizi var. Hətta mən də xaricə gedib, nəsə alanda, parça seçəndə kaprizlər göstərirəm. Əsas odur ki, kaprizli xanımları razı sala bilirəm. Mənim hədəfim budur, üzərinə gedirəm və nail oluram. Ola bilsin ki, müğənni, müştəri ilk baxışdan mənim seçdiyimi bəyənməsin, mən onu razı salıram, fikrini dinləyirəm. Məşhurlardan daha çox adi müştərilər kapriz göstərir. Elə an olub ki, əsəblərim tarıma çəkilir və hər şeyi atıb getmək istəyirəm. Amma düşünürsən ki, hara gedirsən, burdan çörəkpulu qazanırsan. Haqsız narazılıqlar çox görürəm.



- Qalmaqal yaşadığınız müğənni olub?

- Hərdən olur... Heç özümdə bilmədən müğənni var ki, məndən küsüb. Konfliktdən uzağam, onlara fikir vermir, üstündən keçib gedirəm. Hamısını yola verirəm.

- Məşhurların ətrafındasınız. Hərdən özünüz “ulduz xəstəliyi”nə tutulmursunuz?

- Heç vaxt. Hərdən mənə qohumlarım deyirdi ki, sən efirə çıxırsan, bizi saymazsan. Tam əksini gördülər, tanındıqca daha sadələşdim. Səbrli oldum, insanlarla rəftarım dəyişdi. Düşündüm ki, bu aləmdə hamıdan fərqlənim. Sadəliyimlə insanların sevgisini qazandım.

"BU HƏRƏKƏTİM RÖYANI ƏSƏBİLƏŞDİRMİŞDİ"

- Bir dəfə Röya Ayxanla ciddi söz-söhbətiniz olub. Ona hədiyyə kimi göndərdiyiniz libası başqa bir xanım ifaçıya da vermisiniz. Nəticədə Röya sizdən inciyib, xəbər göndərib ki, gözümə görünməsin...

- Röya Ayxanı uşaq vaxtlarımdan sevirəm, bizim ulduzumuzdur. Belə bir hadisə yaşamışdıq. Amma günah məndə idi, anlaşılmazlıq oldu. Mən bir az üzüyumşaq insanam. Digər müğənni ilə dostluğum var idi, həmin libasdan istədi, sözündən keçə bilmədim. Həmin libasın eynisindən ona da verdim. Bu da Röya xanımı əsəbiləşdirmişdi. Röya özü bu haqda heç yerdə danışmayıb, mənim haqqımda mənfi nəsə deməyib. Özü olmadığı halda, durub onun haqqında danışmağım düzgün deyil. Ona iki geyim hədiyyə göndərdim, qəbul etdi. Mənim üçün böyük bir uğur oldu. Birinci göndərdiyim geyimi bəyənmiş, mənə təşəkkür etmişdi. İkinci geyimlə bağlı narazılıqlar olsa da, məclislərin birində dostlarımız sayəsində görüşdük və danışdıq. Hazırda hər şey qaydasındadır.

- Sosial şəbəkələrdə sənət adamları, aparıcılar sizin haqda yazır, geyimlər üçün təşəkkür edir. İnsanlara da maraqlıdır ki, Elnarə Bəkirova bu libasları onlara hədiyyə edir, yoxsa pulla satır?

- Həm əməkdaşlıq edirik, həm də onlar mənim alıcılarımdır. Gəlirlər pullarını verib alırlar. Qiymətdə güzəştə gedirəm. Günay İbrahimli ilə çox çalışdıq, kliplərində geyimlərini mən etdim. Onlar arasında reklam xarakterlisi də oldu, bəzilərini isə pul verib aldı.

- Libasları alan adi müştəri ilə müğənni arasında qiymət fərqi qoyursunuz?

- Elə bir şey çox olmur. Amma şou əhlinə güzəştlər edirik.

- Bu günlərdə modelyer kimi də fəaliyyətə başlamısınız.

- Məni çox vaxt modelyer kimi təqdim edirdilər, əsəbiləşirdim. Bilmədiyim sahənin adını üstümə götürə bilmirdim. Mən moda məsləhətçisi, stilist idim. Təhsilsiz o cür adların verilməyinin tərəfdarı deyiləm. Getdim İstanbulda 4 ay təhsil aldım. Maraqlı idi, məşhur modelyerlərlə görüşdüm, seminarlara qatıldım. Gülgölge Sayqı, Zeyneb Tosun, Raşit Bağzı Bağlı və Kıvanç Tatlıtuğun həyat yoldaşı, modelyer Başak Dizerlə görüşdüm, dərs aldım. Modellərlə görüşəndə onlara heyran qalırdım. Modellərin davranışını görəndə, başa düşdüm ki, Azərbaycanda model yoxdur. Onlar işlərini sevirlər. Gəlirlər makiyajsız formada əllərini salırlar yanlarına ki, məni geyindir. Bizdə modellərin kaprizləri dəhşətdir... Modellərimiz müğənnilərdən kaprizlidirlər. Mən özümə qadağa qoymuşam, heç bir modellə çalışmayacağam. Bir həftə əvvəl modelyerlik diplomumu almışam. Butikimizdə dərzilik xidməti də var. Müştəriləri hər formada razı salmağa çalışırıq. Parçalarımızı Türkiyədən gətiririk. Bir də kitab yazıram. Orada xanımlara bədən ölçülərinə uyğun geyim tərzlərindən, məkana uyğun geyimlər, bütün məlumatlar veriləcək. Bu kitab xanımlar üçün geyim tərzlərini formalaşdırmağa təkan verəcək.



- Moda evi açdığınız ərəfədə sizi bu yoldan döndərmək istəyənlər olub. Hətta mağazanıza iki dəfə oğru girib. Bildiyim qədəriylə bunun planlaşdırılmış iş olduğunu düşünürsünüz.

- Butikə oğru girdi. Məkanı dəyişdim, elə bildilər qorxdum. Əksinə qorxub qaçmadım, məkanı böyütdüm. Oğurluğun bir il sonra eyni gündə baş verməsi məni narahat etdi. Düşündüm ki, şəxsi qərəzlikdir. İlk dəfə itkim çox oldu. İkincidə isə zərər verdilər, qapımı, kameramı sındırdılar. İstəyirlər ki, qorxum, geri çəkilim, bu işdən uzaqlaşım. Belə bir şey olmayacaq, daha da böyüdəcəyəm. Polislər hələ də araşdırır, kim olduğu bəlli deyil. Bilirəm ki, bu şəxsi qərəzlilikdir. Nə istəyirlər etsinlər, mən divayam, buradayam (gülür).

- Bu yay sizi türkiyəli məşhurlarla da tez-tez bir arada görürdük.

- Seminarlarda görüşürdük. Bu yaxınlarda oradakı bir stilistlə işbirliyimiz olacaq. Oradakı seriallarda və bir-iki məşhur sima mənim geyimlərimi geyinəcək. Bu serial arasında “Kara sevda”nın adı hallanır.

- Bildiyimiz qədəri ilə Türkiyədəki müəlliminiz adı Bülent Ersoyla sevgili kimi hallanan Semih olub. Bülentlə bağlı bir çox macərlarınız da var.

- Semih Doğruelin yanında praktika keçirdim. Çox məşhur simalar onun müştərisi idi. Bizim rəqqasə Aytən də onun yanında libas tikdirirdi. Əsl ulduz kaprizini orada gördüm. Bülent Ersoy qədər kaprizli insan yoxdur. Günorta saat 2-də gəlir, gecə saat 4-ə qədər oturur, libasının tikilişinə nəzarət edir. Biz də onunla birlikdə gecə yarısına qədər qalmalıydıq. Heç kimin o məkandan getməyə, onun bir sözünü iki etməyə ixtiyarı yox idi. Bütün bu proseslər də onun gözü önündə olmalıydı. Paltarın biçiminə, kəsiminə, tikiminə baxırdı. Qaşların vurulduğunu belə özü görməliydi.

- Sənət aləminin iki əsas siması Aygün Kazımova və Röya Ayxan. Röya ilə çalışmısınız, amma nədənsə sizin Aygün Kazımova ilə işbirliyiniz hələ də yoxdur.

- Aygün Kazımova ilə işləməyi düşünürəm. Ona da bir hədiyyə göndərməyi fikirləşirəm.

"ƏN BAHALI LİBASI 1500 MANATA SATMIŞAM"

- Bu günə kimi ən bahalı libası neçəyə satmısınız?

- Hazır geyimlər arasında ən bahalı paltarı 1500 manata satmışam. Əl işi, tikilmə 3 min manata olub.

- İşinizlə yanaşı, şəxsi həyatınız da tamaşaçılara, oxuculara maraqlıdır. Bilirik ki, ailəlisiniz və həyat yoldaşınız Nicat bəy bu sahədən uzaq biridir.

- Həyat yoldaşım işimdə mənə çox dəstəkdir. Sevil və Sevinc bacılarının verilişinə dəvət olunanda, çəkinirdim. Həyat yoldaşım ilk vaxtlar dedi ki, olmaz, efirə çıxa bilməzsən. Sonradan fikrini dəyişdi. İndi onun mənə dəstəyi böyükdür. Məşhurlarla işləməyə icazə verməyən həyat yoldaşları var. Özü bu sahədən tamam uzaqdı, gömrük komitəsində işləyir.

- Hətta deyirlər, çox qısqancdır və geyimlərinizə müdaxilə edir.

- Çox qısqancdır (gülür). Efirə çıxanda, saytlara müsahibə verib şəkil çəkdirəndə ilk sözü “geyiminə fikir ver” deməkdir. Daha çox şalvar geyinməyimi istəyir. Efirə ətək geyinmək olmaz, olsa da uzun paltar seçməliyəm. Bu qısqanclıqlar mənim üçün qəbuldur və xoşdur. Onun bu sahədə çalışmağıma icazə verməsi böyük dəstəkdir.

- Qayınananız da jurnalistdir...

- Nailə xanım mənə çox dəstək olur. Özü də bu sahənin adamıdır. İlk vaxtlar efirə çıxmağa tərəddüd edəndə, mənə məsləhətlər verirdi: sən savadlı qızsan, çəkinmə, bu sahədəsənsə, buna alışmalısan. Hətta həyat yoldaşımı da razı salmaqda onun rolu olub.



- İki övladınız var. Onlara necə vaxt ayırırsınız?

- Həyatımın ən vacib adamları onlardır. Birdən olur ki, işdən yorğun gedirəm, saat axşam 9-da 10-da gəzmək istəyirlər. Sözlərindən çıxmıram, hər istədiklərini edirəm. Həyatda etdiyim hər şey onlar üçündür. Onlara görə çalışır, kiminsə kaprizini götürürəm. Bizdə iş rejimi elədir ki, həftənin 7 günü çalışırıq. Onlar üçün bazar günü günortaya kimi işləyir, qalan vaxtımı övladlarıma sərf edirəm.

- Qardaşınız yoxdur. Atanız da oğlu olmadığı üçün sizi oğlan kimi böyüdüb.

- Evdə iki bacıyıq. Bacım həkimdir. Atam iş adamı, anam müəllimədir, hazırda çalışmır. Uşaq vaxtı oğlan kimi böyüyürdüm, evin bazarlığına  gedirdim, anamı, bacımı qısqanırdım. Elə bilirdim mən nə desəm o olmalıdır. Həyat yoldaşım ilk vaxtlar əlimdən çox əziyyət çəkib. İndi də atamın ümidi mənəm. Gürcüstanda çox olur, bura gələndə mənimlə danışır, dərdləşir. Ümidi mənəm. Deyir, inanıram ki, çalışıb, pullu iş adamı olacaqsan.

- Bir dəfə verilişdə qonaq olanda səhhətinizdə problem olduğunu, qadın xəstəliyindən əziyyət çəkdiyinizi demişdiniz.

- Bu mövzuda danışanda həmişə pis oluram (kövrəlir). İndi şükür hər şey yaxşıdır, ötüb keçir. Pozitiv olduğum üçün, fikirləşmirəm. Hər bir xəstəliyi üstələmək olar, onu sevməlisən. Xəstəliyimlə mübarizə aparıram, elə bilirəm sağlamam. İki dəfə əməliyyat keçirdim. Səhhətində problem olan hamıya demək istəyirəm ki, həyatı sevin, davadan uzaq olun. Yadıma düşmür ki, nə vaxtsa tam müalicə alım. Hətta əməliyyatdan sonra qısa vaxtda ayağa durub, işimə qayıtmışam.

Zəhra ƏHMƏDOVA

Foto: RAMİN ASLANOV