Əməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu

Əməkdar artist və qızı kimsəsiz uşaqlar üçün oxudu
3013 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə “Dostluq körpüsü” layihəsi çərçivəsində konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın məlumatına görə, konsertdə müğənni ilə yanaşı səhnəni qızı Aynişan Quliyeva, Tacikistan sənətçisi Təhminə Niyazova, qazaxıstanlı Alişir Karimov, Kubadan Emiliya Morales, Türkiyədən Oya Ergün, eləcə də əməkdar artist Səlim Abbasov, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupu bölüşüblər. Konsertin aparıcısı Saleh Bağırov olub.

Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan konsertin əsas tamaşaçları paytaxt qəsəbələrində yerləşən bir neçə internat evində məskunlaşmış kimsəsiz və fiziki qüsurlu uşaqlar olub. Konsertdə eləcə də millət vəkili Qənirə Paşayeva, "12 May" Şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb, kinorejissor Eldar Quliyev, aktrisa Məlahət Abbasova və digər tanınmış ictimai-siyasi qonaqlar da iştirak ediblər.

Açılışdan sonra aparıcı ilk ifa üçün səhnəyə Aybəniz Haşımova və rəhbəri olduğu "Bülbüllər" qrupunu dəvət edib. Sonra Q. Paşayeva çıxış edərək dövlətimizin, eləcə də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara olan diqqət və qayğısından söz açıb. Millət vəkili çıxışından sonra əcnəbi və yerli sənətçilərə xatirə olaraq hədiyyələr təqdim edib. Sonra "12 May" şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb və şirkətin direktoru Pərviz Əzimov da çıxış edərək uşaqlara olan qayğının vacibliyindən söz açıblar.

Konsertdə maraqlı məqamlardan biri Səlim Abbasovun müşayiəti ilə Kuba müğənnisinin "Bessame Mucho" mahnısını ifa etməsi olub. Qazaxıstan müğənnisi səhnədə öz mahnıları ilə yanaşı  Rəşid Behbudovun repertuarından da bir bəstə səsləndirdi. Konserti çıxışı ilə bağlayan Aybəniz Haşımova səhnədə uşaqları başına toplayaraq onlara "Lay-lay" oxuyub. Sənətkar valideyin qayğısından məhrum olmuş uşaqlara "Mən sizin ananızam" deyərək, onları və digər tamaşaçıları öz ifası ilə kövrəldib. Konsertin gedişatında təşkilatçılar tərəfindən tamaşaçı uşaqlara şirniyyatlar paylayıb.
 
Bu gün proqrama əsasən əcnəbi qonaqlar "12 May" Şirkəti və Aybəniz Haşımovanın təşəbbüsü ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini, "Bülbül" adına Orta İxtisas Musiqi Məktəbini ziyarət ediblər.