“Ən böyük uğurum…” - Pərviz Abubəkirov 50 yaşında

“Ən böyük uğurum…” -  Pərviz Abubəkirov 50 yaşında
4548 dəfə oxunub
  • A-
  • A
  • A+

İTV-də yayımlanan “Qanundan kənar” layihəsinin aparıcısı Pərviz Abubəkirov bu gün 50 yaşını qeyd edir. Bir vaxtlar hər həftə sonu ANS-də yayımlanan “Cinayət işi” verilişi ilə ekranlara gələn, uzun müddətdir ki, yazılı mediadan uzaq düşən Pərviz Abubəkirov yubileyində AzNews.az-a müsahibə verib.

Axşam.az müsahibəni təqdim edir:

- Pərviz bəy, əvvəlcə doğum gününüz münasibətilə sizi təbrik edirik. Ondan başlayaq ki, 50 ildə nələrə nail olmusunuz? Təbii ki, uğurlarınızın bir hissəsi göz qabağındadır. Söhbət “Cinayət işi” və “Qanundan kənar” verilişlərindən gedir. Bəs siz başqa nələri öz uğurunuz hesab edirsiniz?

- Uğurlardan danışmaq mənim üçün bir qədər çətindir. Peşəkar jurnalist olmadığım üçün bu sahədə gördüyüm işlər barədə danışmağa ehtiyat edirəm. Mən orta məktəbdə də, institutda da rus dilində təhsil almışam. Rusiyanın Tolyatti şəhərində Politexnik İnstitutunu bitirmişəm. Jurnalistikaya gəlməyim isə təsadüf nəticəsində baş verib. Bu işin uğurlu olub-olmamasını tamaşaçılardan soruşmaq lazımdır. Ən böyük uğurum ailəm və yetişdirdiyim övladımdır.

- “Cinayət işi” bir vaxtların ən məşhur kriminal verilişi idi. Hər həftə sonu veriliş başlayanda uşaqlar qulağını tıxayıb qaçmağa yer axtarırdı, böyüklər isə gözlərini dörd açıb verilişi izləyirdi. Niyə o verilişdən ayrıldınız? ANS-in rəhbərliyi ilə problemləriniz yaranmışdı?

- “Cinayət işi №” layihəsini başlayanda kimisə qorxutmaq məqsədimiz olmayıb. İstəyimiz insanları maarifləndirmək və cinayət əməllərindən çəkindirmək olub. Elə bu gün də daha çox qanunların izahına üstünlük veririk. Kiminsə qulağını tıxayıb ekran qarşısından qaçması mənə inandırıcı gəlmir (gülür).

Mənim heç zaman heç kimlə problemim olmayıb. İstər iş yeri olsun, istər rastıma çıxan insanlar. Sadəcə müəyyən bir vaxt gəlir çatır ki, ayrılmaq lazım olur. 2010-cu ildə mən həmin vaxtın gəldiyini anlayıb getdim. Bir qədər sonra isə İTV-dən gələn təklifi dəyərləndirdim.

- Sanki “Cinayət işi” sizin səsinizlə, təqdimatınızla bir başqa ab-havadaydı. Sonradan o veriliş həminki olmadı, verilişə maraq azaldı. Siz necə düşünürsünüz?

- Verilişə maraq azalmışdısa da, artmışdısa da o artıq mənə aidiyyəti olmayan məsələ idi. Açığı gedəndən sonra o verilişin heç bir buraxılışına baxmamışam. Bunu tam səmimiyyətimlə deyirəm.

- “Qanundan kənar” “Cinayət işi” qədər tanındımı?

- Yeni layihəmizdə tamaşaçılara mübahisəli məsələlərin qol gücü ilə deyil, məhkəmə yolu ilə həllini izah edirik. Tamaşaçılardan aldığımız sualları real həyatda baş verən hadisələri nümunə gətirərək cavablandırıq. Bu işdə Ədliyyə Nazirliyi bizə yardım göstərir. Nə dərəcədə tanınmağımızı ekran qarşısında əyləşənlər bilər. Hər halda reytinqimiz az deyil (gülür).

- Hansısa vəzifə təklifi almısınızmı?

- Belə bir təklif olsa, mütləq hamı biləcək. Hələ olmayıb.

- Uzun müddətdir yazılı mətbuatdan uzaq düşmüsünüz. Bunun səbəbi nədir? Sizi yada salmırlar, yoxsa özünüz mediadan qaçırsınız?

- Yəqin maraqlı müsahibə verə bilmirəm, ona görə məni çox axtarmırlar. Ümumiyyətlə, özüm barədə danışmağı xoşlamıram. Başqaları barədə isə heç danışmıram.

- TV-dən ayrılıb özünüz üçün hansısa media qurumu yaratmaq, sayt açmaq fikriniz varmı?

- Xeyr. Elə bir fikrim olmayıb, yəqin ki olmayacaq da. Yazılı mətbuat mənim üçün bir qədər yad sahədir.

- Sonda qayıdaq yubileyinizə. Pərviz bəy, 50 il insan ömrü üçün elə də az rəqəm deyil. Bu illər ərzində ətrafınız da formalaşıb. Ətrafınızdan razısınızmı? Heçmi olmayıb quyunuzu qazanlar, xəyanət edənlər...?

- Həyat bir yoldur. Bu yolda müxtəlif insanlarla rastlaşırsan. Sənə pislik edən də olur, yaxşılıq edən də. Mən pisləri yaddaşımdan da, həyatımdan da silib atıram. Ona görə də sizin dediyiniz quyu qazanlar yadımda qalmayıb.