Qalstuk - tarixi də qəribə, mənası da...

Qalstuk - tarixi də qəribə, mənası da...
3730 dəfə oxunub
  • A-
  • A
  • A+

Əksər kişilər qalstuku düzgün bağlamağı bacarmırlar. Deyirlər ki, bu, kimə lazımdı? Ya da köynəyin yuxarıdakı iki düyməsini açıb özlərini rahat hiss edirlər. Belələri, qalstuku kişi qarderobunda lazımsız aksessuar sayırlar. Amma qalstuk bağlamağın əsas mənasını, yəqin ki, çox adam bilmir. Elə mənşəyini də.

Əvvəlcə sözün hərfi mənasının nə anlam daşıdığını aydınlaşdırmaq üçün tarixə qısa ekskurs edək. Rus dilinə "qalstuk" sözü almancadan keçib; "halstuch" almancadan tərcümədə «boyun yaylığı» mənasını verir. Bu söz daha çox yayılmış orfoepiyasını isə fransızların marağına borcludur desək, yanılmarıq. Belə ki, 1635-ci ildə 30 illik müharibə zamanı xorvatlarla fransızların görüşündə ikincilər əllərini qarşı tərəfdəkilərə uzadaraq «bu nədir?» - sualını veriblər. Xorvatlar isə səhvən fransızların onlardan milliyyətlərini soruşduqları qənaətinə gələrək, fəxrlə «khroat» yəni «xorvatıq» cavabını veriblər. Beləcə, dəb dünyasında liderliyi hər zaman qoruyub saxlamağı bacaran fransızların yeni moda aksessuarına marağı bu gün əksər Avropa ölkələrinin və qardaş türklərin də «kravat» adlandırdıqları qalstuku isimləndirdi.

Qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə meydana gəldiyi iddiasındadırlar. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyi ilə əsaslandırmağa çalışırlar. Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. Bunu imperator Şi Xuan Dinin müasir qalstuka bənzər aksessuar taxması ilə əlaqələndirirlər. Hərçənd ki, həmin qalstuklar müasir xələflərindən xeyli dərəcədə fərqlənirdilər, düyün vurulmurdu və bugünkündən fərqli olaraq konkret məna kəsb edirdi.

Amma ilk qalstuklar barəsində bir maraqlı versiya da var. Belə ki, keçmiş zamanlarda edam əsnasında ölüm hökmü ləğv edilən, əfv olunmuş insan boynunda qırılmış kəndir gəzirdi və onu bəxtigətirmiş hesab edirdilər. Bəlkə də elə buna görə kişilər nədənsə sıxılanda instinktiv olaraq qalstuku boşaltmağa əl atırlar.

Hazırda qalstuk xeyli dərəcədə uğur mənasını ifadə edir. Yüksək vəzifə sahibləri mütləq kişi qarderobunun bu atributundan istfadə edirlər. Ancaq təkcə qalstukun varlığı deyil, onun necə bağlanması da kişinin həyat tərzindən xəbər verir. Məsələn, «deputat düyünü»nün vurulmasının çətinliyi də şəxsin vəzifəsinin yuxarı olmasından xəbər verir. Leninin pioner qalstukunu «Herakl düyünü» formasında bağlaması da təsadüfi deyil. Çünki bu, mənəvi gücü bildirir. Kişinin qalstukunun uzunluğundan onun evli, yaxud subay olmasını müəyyən etmək olar.

Müasir modelyerlər çox sayda qalstuk çeşidi təqdim edirlər - boğaz yaylıqlarından tutmuş «kəpənəklərə» qədər. Amma qalstuk seçərkən hara və niyə getdiyinizi nəzərə alın. Unutmayın ki, qalstuk həyatınızda böyük rol oynaya bilər.

Firəngiz AĞALAR