Gənc xanəndə beynəlxalq müsabiqədən mükafatla döndü

Gənc xanəndə beynəlxalq müsabiqədən mükafatla döndü
1360 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə keçirilən Muğam müsabiqəsinin diplomantı olan gənc xanəndə Rəna Mehmanqızının ifa etdiyi mahnı beynəlxalq müsabiqədə mükafatlandırılıb.

Axşam.az-ın məlumatına görə, bu barədə açıqlama verən R.Mehmanqızı bildirib ki, ifa etdiyi “Dərdimin dərmanı” adlı lirik mahnı Türkiyədə keçirilən Beynəlxalq Bəstəkarlar Müsabiqəsində mükafata layiq görülüb:

“Gənc bəstəkar Rübail Əzimov müəllifi olduğu bu mahnını oxumağımı təklif etdi və kompozisiyanı dinlədikdən sonra çox bəyəndim. “Dərdimin dərmanı” adlanan mahnını oxudum və mənə çox uğur gətirdi. Əsərin sözlərinin müəllifi də elə bəstəkar özüdür”.

Gənc xanəndə onu da qeyd edib ki, “Dərdimin dərmanı” mahnısına klip çəkdirmək fikrindədir:

“Gənc prodüser Rauf Sahiboğlu təklif etdi ki, bu mahnıya klip çəkilsin. Mahnının ekran əsərini tanınmış rejissor Nail Naiboğluna həvalə edəcəyəm. Onun işlərini izləmişəm və çox bəyənirəm”.

Xalq mahnılarımızı və muğamlarımızı tar və kamançanın müşayiəti ilə ifa etməyə davam edəcəyini deyən gənc xanəndə böyük muğam ustadlarıyla yanaşı, estrada mahnılarını da dinlədiyini bildirib.