Özbək müğənni Azərbaycana velosipedlə gəlir

Özbək müğənni Azərbaycana velosipedlə gəlir
1760 dəfə oxunub
  • A-
  • A
  • A+

Özbəkistan müğənnisi Xursənd Şerov Azərbaycanın və SSRİ-nin Xalq Artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin şərəfinə Daşkənddən Azərbaycana velosipedlə səfərə başlayıb.

Bu münasibətlə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yolasalma mərasimi keçirilib.

Özbəkistanın mədəniyyət və incəsənət xadimlərinin, diasporumuzun üzvlərinin, jurnalistlərin iştirak etdikləri tədbirdə Mərkəzin direktoru Samir Abbasov Xursənd Şerovun zəmanəmizin tanınmış müğənnisi Müslüm Maqomayevin pərəstişkarı olduğunu bildirib, məhz onun şərəfinə bu gün Özbəkistandan Azərbaycana velosipedlə səfərə çıxacağını qeyd edib.

S.Abbasov deyib ki, Xursənd Şerov Azərbaycan mədəniyyətinin və musiqisinin təbliği sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Fərmanına və xüsusi mükafata layiq görülüb.

X.Şerov deyib ki, arzusu Müslüm Maqomayevin ana vətəni Azərbaycana velosipedlə səfər etmək, oktyabrın 25-də Bakıda Müslüm Maqomayevin anma mərasiminə qatılmaq, korifey sənətkarın məzarını ziyarət etmək və onun ölməz mahnılarını oxumaqdır.

Qeyd edək ki, müğənni Səmərqənd, Buxara, Xivə şəhərlərini keçərək Türkmənistana, oradan isə Bakıya getməyi planlaşdırır.

Azərtac