Cavid Gül: "Kişi aparıcılarına “mikroseksual oriyentasiyalı” adını verirlər"

Cavid Gül: "Kişi aparıcılarına “mikroseksual oriyentasiyalı” adını verirlər"
6547 dəfə oxunub
  • A-
  • A
  • A+

 “Məşhur Sima”da bu dəfə teleaparıcı Cavid Güllə görüşdük. BDU-nun jurnalitika fakültəsinin məzunudur.

“İnternyus”da “BBC” təcrübəsini keçəndən sonra “ATV”nin xəbərlər bölməsinə gəlib. Departament təzə formalaşan vaxtı xəbərlərin ağırlığına səbr etməyib, üz tutub şou bölməsinə. Radio aparıcılığı ilə başlayıb, indi də televiziya və radio aparıcılığı ilə davam edir. Uşaqlıqdan aparıcı olmağı ağlına belə gətirməyib. Həmişə düşünüb ki, ciddi, qəliz iş sahibi olacaq.

Hələ ki, cavandır. Televiziyadadır. 4-5 ildən sonra onu televiziyada görməyəcəyik. Bunu mən yox, özü deyir...

- Çox qəribə soyadınız var - Gül...

- Soyadım Güliyevdir. Qısadılmış formada təqdim etmişəm.

- Adətən gül qadına xitab olunur. Mənim kimi ətrafda soyadınızdan təəccüblənən olub?

- Təxəllüsdür də. Ulu babamdan gələn familiyadır. Gül də müxtəlif cür olur. Qızılgül zərifdirsə, tikanı da var. Güllər də növbənövdür.

- Aparıcılar izləyici auditoriyasına görə kateqoriyalara bölünür. Hər nə qədər tanınsalar da, onlar ya kütləvi olur, ya da müəyyən auditoriyanın aparıcısına çevrilir. Misal üçün Emin Musəvi etiraf etmişdi ki, o, kütlənin aparıcısı deyil. Bəs siz?

- Əvvəla mən Emin Musəvi iə razı deyiləm. O, “Qəfəs” və “Nömrə-1” kimi reytinqli şouların aparıcısı olub. Mən özüm hamının tanıdığı olmasam da, Azərbaycan televiziyasına baxan tamaşaçıların 90 faizinin izlədiyi aparıcıyam.

- Tanınmadığınız yer olub o zaman. Hər halda o 10 fazilə rastlaşmısınız.

- Hə. Dəfələrlə olub. Niyə olmayıb ki. Efirdə insan işıqlar altında olur bir az fərqli görünür. Adi həyatda isə bir az fərqli görünürsən. Yəni diqqətlə baxmaq lazım gəlir. Belə hallar çox olur.

- Sizin barənizdə mübahisənin şahidi olmuşam. Biri dedi metroda ara-sıra Cavid Gülü görürəm. Biri də etiraz etdi ki, yox onun avtomobili var. Mən də mübahisəyə son qoymaq üçün dedim ola bilər tıxacda qalanda işə vaxtında gəlmək üçün metrodan istifadə edir.

- Belə bir şey olmayıb. 2005-ci ildə güclü qar yağanda bütün işçilər metroya minmişdi, mən də onların sırasında idim. Metro kart sisteminə keçəndən yeraltı nəqliyyatdan istifadə etməmişəm. Moskvada, İstanbulda metrodan istifadə etmişəm. Maşınım olmayanda belə metroya minməyi sevməmişəm. Avtobusdan istifadə etmişəm.

- Belə çıxır ki, sizə bənzəyən insanlar çoxdur.

- Ola bilər. Bəzən məni Azər Şirinlə də səhv salırlar.

- İllər əvvəl özünüzü müğənni kimi də sınamışdınız. Müğənni Xəyalə Manaflı ilə duetiniz yadımdadır. Davamı olmadı.

- Yox. Müğənnilik fikrində-filan deyildim. Xəyalə mənə demişdi ki, mahnımda ya səsinlə, ya qısa ifanla nəsə bir şey etməlisən. Girdik studiyaya və birlikdə oxuduq. Elə-belə oldu. Xəyalə də narazı olurdu ki. mənlə səhnəyə çıxmırsan. Ara-sıra studiyaya girib tədbirlərlə, ekstralarla bağlı nə isə edirəm. Bunun müğənniliklə bir aidiyyatı yoxdu.

- Sizin aparıcısı olduğunuz “4 çarx” verilişində oxumağınızı tamaşaçlarınız bəyənməmişdi. Hətta etiraz etmişdilər ki, olmazdı ki, verilişin musiqisini bir müğənni oxusun?

- (Gülür) Mən oxumamışam axı... DJ Rash oxuyub... Görürsünüz, haqqımda qeyri-dəqiq fikirlər çoxdur.

- İnsan yaşadıqlarından, əldə etdiyi təcrübədən sonra müəyyən qənaətə gəlir. Ya dəyişmək məcburiyyətində qalır, ya da həyat prinsipi dəyişir.

- Mən indi durub uşaqlığımdan danışmayacam ki, o vaxt belə olmuşam. Bircə onu deyə bilərəm ki, məktəb yaşlarımdan bu yana necə var idimsə, bax elə də qalmışam. Təbii ki, insan yaşadıqca səhvlər etməməyə, eyni şeyləri təkrarlamağa çalışır. İnsan 12-13 yaşından formalaşır və elə də davam edir. Müəyyən şeylərdə vəziyyətə görə dəyişir. Ay ulduzam, filan yerə getmirəm, filankəslə küsülüyəm filan-kimi şeylər yoxdur. Tanıdığım insanlarla səmimiyəm, tanımadıqlarımı isə özümə yaxın buraxmıram. Onlarla necə səmimi ola, zarafat edə bilərəm. Təbii ki, məsafəli davranacam. Normal insan necədirsə, eləyəm. Məktəb, institut vaxtından kimlərlə oturub-durmuşamsa, onlarla da davam edirəm.

- Çalışdığınız kanalda iki nəfər var ki, adekvat, soyuq və hər şeyə biganə təəssüratı yaradır. İlkin Həsəni və siz...

- Bəli. Oxşarlıq var. İkimiz də ambissiyasız insanlarıq. Bəziləri var ki, qarşısındakı məqsədə çatmaq üçün müxtəlif vasitələrdən, maneələrdən keçir. Bizdə bu xüsusiyyət yoxdur. Kiminləsə problemim varsa, söhbətlə təklikdə həll edirəm. Şikayətlə, torba tikməklə aram yoxdur.

- Televiziya rəqabətdir axı. Hər gün irəliləmək lazımdır.

- Rəqabət işdə olur. Rəqabətin formulları var. Yaxşı bir şeyi gedib hardasa pisləmək rəqabət sayılmır.

- Sizin yeni layihəniz “talk-show” formatındadır. Sizin kimi soyuq və kimsəni incitməyən adam bu layihənin öhdsənindən gələ bilər?

- Lari Kinq, Okan Bayülgən soyuq və kəskin sözünü deyən adamlardır. Onların reytinqi məşhurluğu elə bu xaraketerlərinə görədir.

- Siz kəskin danışırsınız ki? Təsəvvür edə bilmirəm. Bu obrazı təsdiqləmək lazımdır axı.

- (Gülür) Əksinə mənə “balta” ləqəbi veriblər. İstər müğənni, istər real həyatdakı insanlara münasibətdə gördüyüm mənfi nə varsa, üzə deyirəm. Kiminsə arxasınca danışa bilmirəm. Ona görə də kobud, özündənrazı və s. kimi təəssüratlar yaradıram. Ətrafım “balta” deyir buna görə. İnsanları mədəni şəkildə yola verə bilirəm. Lakin qıcıqlandıran nə edirlərsə, o dəqiqə qarşılıq alırlar.

- “Facebook”da aktivsiniz. Yeri gəlmişkən televiziyadan fərli olaraq orada insanın real statusunu, nüfuzunu müəyyənləşdirmək mümkündür. Sizin vəziyyətiniz nə yerdədir?

- Orta stabil. ( Gülür) Nə “like”-lar partladır, nə də biganə münasibət var. Bir şey var ki, tanımadığım insanı ora aid etmirəm. 5 minlik dost limitimi 3 minə endirmişəm. Çalışıram özümü cilovlayım. Səhər yuxudan müxtəlif əhval-ruhiyyə ilə oyanır insan. Bir gün sevincli, bir gün kədərli olursan və paylaşanda insanlar fərqli, bəzən qıcıqlandıran şəkildə yanaşır. Ona görə də çalışıram özümü cilovlayım. Çox informasiya yükləməyim, işimə bağlı yayımlar edim.

- Bəzən mənim əsas səhifəmdə sizin kəskin xəbərdarlıqları oxuyuram. “Mənə inboxa heç kim “salam, necəsiniz” yazmasın!!”.

- Doğrudur. İnsanın şəxsi həyatı var. Məsələn, mən tanıdıqlarımla və ya tanımadığım insanların işimlə bağlı ağıllı sual və məsləhətlər barədə yazışmaq istəyirəm. “Salam, necəsən”lə başlayan bütün yazışmaların sonu boş vaxt itkisidir. Təcrübəmdən bilirəm. Konkret sualı olan salam verəndən sonra mətləbə keçir. Gün ərzində nə qədər boş, mənasız məktub almaq olar?

- Belə ultimatiumlar nə qədər səmimi olsa da, insanları soyudur. Teleaparıcı hər gün bir az daha auditoriyanı genişləndirmək barədə düşünməlidir.

- İki il bundan əvvəl bir film izlədim. Çox gözəl bir film idi. Orda bir fraza vardı: “Səni sevənlər səndən üz döndərəcək”. Cavabı isə belə olur: “Əgər üz döndərəcəksə, deməli sevməyib”. Bəyənən onsuz da bəyənəcək. Bir keyfiyyət və ya münasibət xarakteri həll eləmir. Mən belə düşünürəm.

- Bayaqdan ağlımda bir cümlə qalıb. “Məndə ambissiya yoxdur. Ambissiyası olmayan insan kütləyə xitab edən veriliş aparacaq.

- Mən sizə indi də Barış Mançonu misal çəkəcəm. O insan qalmaqaldan tamamilə uzaq olub. Milyonlar da onu sevib. Biz öyrəşmişik ki, indiki aparıcılar yalandan fan-qrup yaratsın, yalançı reytinq nümayişi eləsin. Yalançı iformasiyalar buraxsın. Biz də düzgün yoldan irəliləməyə çalışırıq. Hərə bir yolla irəliləməyə çalışır. Mən o yoldan getməyəcəm. O adamlar isə öz həyatlarıdır, özləri bilər. İlk verilişdə müəyyən reytinq verib bəlli rəy almışıq. Hədəfim estetik, mədəni veriliş təqdim etməkdir.

- Əslində hamı bu konsepsiya ilə yola çıxır. Sonra isə şikayətlənir ki, insanlar səviyyəli veriliş izləmir və özləri də cəfəngiyyatla dolu proqrama imza atır...

- Mənsə iddia edirəm ki, savadından səviyyəsindən asılı olmayaraq, insanların izləmək istədiyi veriliş bizim göstərdiyimiz verilişlərdir. “ATV”-nin 3-4 il öncəki efirində camaatın zövqünü korlayan verilişlər sərgiləyəndən sonra indi oturub demək lazım deyil ki, insanlar səviyyəli veriliş izləmir. Əgər səviyyəli, estetik veriliş izləmirsə, o deməli o proqram zəifdir. Qoy toylarımız azalsın. Maaş digərlərindən az olsun. Bizim kimilər çoxaldıqca, bizim azlığa çoxluq tabe olacaq.

- Toylardan söhbət düşmüşkən, siz də toylara gedirsiniz.

- Dünya təcrübəsində hansı məşhurlar toya getmir? Əvvəllər mən də qarşı idim. Lakin sonra yalnış düşündüyümü anladım. Toy böyük praktikadır.

- İnsanlar ekrana toxuna bilmir. Amma pullu və səviyyəsiz insan öz bölgəsinin ləhcəsində sizə pul uzadıb istədiyi sifarişi verə bilir.

- Belə münasibət təkcə toyda olmur ki... Real həyatda da müxtəlif yanaşmalar ola bilər. Aparıcını adi həyatda da atmaca ilə, münasibətlə aşağılamaq olar. Belədir də vəziyyət, dəyişmək mümkün deyil. Yolla gedirsən, kimsə yaxınlaşıb sənə kobud söz də deyə bilər.

- Sizin ətrafınızda hansı mənfi rəy formalaşıb?

- Kobud, özündən razı sözlərini çox asanlıqla qəbul etməyə formalaşmışam. İnsanı tanımadan haqqında mənfi rəy formalaşdırmaq düzgün deyil. Son dövrlərdə bizdə bəzi kişi aparıcılarına “mikroseksual oriyentasiyalı” adını verirlər. Və yaxud heç tamamilə ünsiyyətdə olmadığı qadın aparıcıdır, başlayırlar fikir yürütməyə. O qadın aparıcının haqqında “fahişə” deyirlər. Bilməyərəkdən belə iftira edənlər də çoxdur. Elə olmaz ki, desinlər ki, mən filankəsi bəyənmirəm?..

- Keçək şəxsi həyata. Sizin həmkarların çoxu ailə sahibidir.

- Bilmirəm. Bir il belə, o biri il başqa cür düşünürəm. Doğrudur indiki düşüncəm səhv düşüncə ola bilər. Ola bilsin ki, bu müsahibə çıxanda başqa cür düşünəm. Peyğəmbərimiz bizə erkən evlənməyi məsləhət edib. Hazırda istəyim yoxdur. Müəyyən bir vaxt olub ki, iş, maddi durum mane olub. Hazırda isə hər şey var, evlilik eşqi yoxdu.


- Populyarlıq mane olur? Qarşısındakı insanın fikrini çözmək də çaşqınlıq yaradır.

- İnsanlarla bir müddət ünsiyyətdə olandan sonra münasibətə başlayırıq da. Gördüyüm anda eşq elan etmirəm. O vaxt ərzində də artıq o insanın niyyətini anlamış olursan. Müxtəlif insanlar da müxtəlif olur.

- Evdəkilər nə deyir?

- Sərbəstlik verib. Daha doğrusu, ailəmdən qərarlarımda sərbəstlik haqqını qazanmışam. Üstümə gələn yoxdur. Münasibətlərimi gizlətmirəm. Belə bir kompleksim yoxdur. Allahın qismətidir. Bir də gördünüz bir aydan sonra evləndim.

publika.az