“Gənc Səslər, Qədim Nəğmə” sənədli filmi nümayiş edildi - fotolar

“Gənc Səslər, Qədim Nəğmə” sənədli filmi nümayiş edildi - fotolar
1660 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun müəllifi olduğu “Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filminin nümayişi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sədri, filmin icraçı prodüseri Tale Heydərov Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə verdiyi böyük töhfələrdən danışıb. O qeyd edib ki, Azərbaycanın şah əsəri olan muğam bu töhfələr içində xüsusi rol oynayır.

T. Heydərov əlavə edib ki, filmin digər ölkələrdə nümayiş olunması və tanıdılması əsas məqsədlərdən biridir:

“Əsas məqsədimiz işğala, çətinliyə baxmayaraq muğam sənətinin Azərbaycanda yaşadığını göstərməkdir. Bunu yaşadan Qarabağdan gələn məcburi köçkünlərdir. Onların sayəsində, eyni zamanda dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində bu gün muğam Azərbaycanda yaşamaqdadır. Biz bu filmin premyerasını Londonda uğurla nümayiş etdirmişik. Məqsədimiz filmi dünyanın digər ölkələrində də nümayiş etdirməkdir”.

Təqdimatda ekran əsərinin müəllifi Cefri Verbok qeyd edib ki, 16 il əvvəl Azərbaycan mədəniyyəti haqqında film çəkmək ideyası yaranıb:

“Çox şadam ki, biz bu filmi ərsəyə gətirə bildik. Yurdundan didərgin düşən adamların çox çətin həyatını gördüm. Dünyanın çox ölkəsində qaçqınlar var, amma ilk dəfə Azərbaycanda bu qədər qürurlu insanlar gördüm. Mən Azərbaycan mədəniyyətinə vurğunam. Azərbaycanın çox zəngin mədəniyyəti var. Bu mədəniyyətdən dünyanın az məlumatı var. İstəyirdim ki, bu mədəniyyətə bütün dünyaya çatdıram. Azərbaycanlılar layiqdir ki, onların mədəniyyətini dünya tanısın”.

Sonra film nümayiş olunub. Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır.

Təqdimat mərasimi Cefri Verbokun kamançada Azərbaycan muğamının ifası ilə yekunlaşıb.

“Gənc Səslər, Qədim Nəğmə” ekran əsərinin icraçı prodüseri Tale Heydərov, rejissorları Keti-Robin və Cefri Verbokdur. Filmin çəkilişləri Bakı, Bərdə, İmişli və digər yerlərdə aparılıb.