“Leyli və Məcnun”un ABŞ uğuru - fotolar

“Leyli və Məcnun”un ABŞ uğuru - fotolar
310 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu günlərdə ABŞ-ın bir neçə şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada böyük uğurla təqdim olunub.

Operadakı ifaları iştirakçılara xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Konsertlər ABŞ-ın Kaliforniya ştatındakı nüfuzlu Berkli Universitetinin, Sietl şəhərindəki Vaşınqton Universitetinin və Ənn Arbor şəhərindəki Miçiqan Universitetinin geniş konsert zallarında keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Hər şəhərdə dörd tamaşa təqdim olunub.

“Leyli və Məcnun” layihəsində Böyük Britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.

“Leyli və Məcnun” layihəsində, həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçısı kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Aida xanımın təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.

“Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli, tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız – Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonra “Nyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır:
 
“Konsertlərdən zövq aldığımızdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”.

Azərtac