Aktyorumuz festivaldan diplomla qayıdıb

Aktyorumuz festivaldan diplomla qayıdıb
420 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev Moskvada keçirilən “Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi təmsil edib. 

Axşam.az xəbər verir ki, festival-məktəbin Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi Rusiya tamaşaçısının, festivalın tələbə-iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir.

Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxil olub. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edib.
 
10 gün ərzində davam edən festivalda dünyanın ən tanınmış teatr xadimləri -  İan Vuldric (Böyük Britaniya), yan Fabr (Belçika), Ştefan Keqi (Almaniya), Qjeqoj Yajina (Polşa), Murad Merzuki (Fransa), Tilman Xeker (Robert Uilsonun komandası, Almaniya – ABŞ), Qidon Kremer (Latviya),  eləcə də Rusiyanın nüfuzlu teatr mütəxəssisləri – Valeriy Fokin, Yevgeni Pisarev, Andrey Bartenev iştirakçılara master-klass və təlimlər keçiblər.

Aktyorumuz Uilyam Şekspirin komediyaları əsasında hazırlanmış “Много шума из ничего”-dan Benediktin səhnəsini canlandırıb. Elə bu ifaya görə də E.Quliyev festival-məktəbin xüsusi diplomuna layiq görülüb.