"Məhərrəmlikdən sonra toy olacaq" - Günel

"Məhərrəmlikdən sonra toy olacaq" -  Günel
17874 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova Lent.az-a müsahibə verib.

Axşam.az müsahibəni təqdim edir:
 
 
- Bir neçə gün öncə Cem Ozan Torunlar adlı şəxslə nişanlandınız. Tanışlığınız necə olub?

- Tanışlığımız çox gözəl olub. O, mənim heyranım olub. Biz tanış olmadan öncə də mənim mahnılarımı dinləyirmiş. Təxminən 1 ilə yaxındır ki, danışırıq. İlk münasibətimizi dost kimi başladıq. Daha sonra onun mənə olan hisslərini gördüm. Hiss etdim ki, məni sevir. Bunu duyandan sonra özümə dedim ki, “niyə də yox?!”. Mənə olan hörmətini, dəyərini görəndən sonra dedim ki, bu, mənim ailə quracağım insandır.  Fevralın 14-ü “Sevgililər günü”ndən bəri bir yerdə göründük və hər kəs bildi ki, sevdiyim insan var.

- Sizə qadağalar qoyurmu?

- Qadağa hələ yoxdur. Amma qısqancdır. Yəni geyimimə fikir verir. Onsuz da mən açıq-saçıq geyinmirəm. Ümumiyyətlə, çox qadağa da yaxşı bir şey deyil. Allaha çox şükür ki, aramızda güvən var. O, işə gedib-gələndən sonra gün ərzində yaşadıqlarını mənə danışır. Mənim işlərimlə də yaxından maraqlanır.

- Səhv etmirəmsə, ailə quracağınız bəyin ailəsi də keçmişdə musiqiçi olub.

- Bəli, nişanlımın özünün də gözəl səsi var. Atası isə gözəl saz ifa eləyir. Amma biznesinə görə illər öncə musiqidən uzaqlaşıb. Nişanlım biznesmendir, işləri var. İnsanın çox varlı olmağı da yaxşı deyil. Çünki həmin vaxt insanların gözünə girirsən. Bizi çox müzakirə edib, nəzərə gətirməsinlər. Hər zaman deyirəm ki, Allah pulu bizə nə çox verib özümüzdən çıxartsın, nə də az verib möhtac eləsin. Allaha çox şükür olsun ki, heç kimə möhtac deyilik. Gözəl səsim var. Bu yaşıma qədər nələrə nail olmuşamsa, səsimlə nail olmuşam. Çoxları deyirdi ki, Günelə maşın hədiyyə ediblər. Heç kim mənə maşın hədiyyə etməyib. Öz zəhmətimlə almışam. Bunu heç kimə də sübut etmək məcburiyyətində deyiləm. Nişanlımın ailəsindən də çox razıyam. Məni dəstəkləyirlər. Qayınanama ilk gündən “ana”, qayınatama da “ata”  deyirəm.  Nişanlımın ailəsinin də işimi dəstəkləməsi məni qürurlandırır.  Mən bir verilişə çıxanda izləyirlər. Bu nüanslar məni çox sevindirir. Allah hər kəsin könlünə görə versin. Yaxşı ki, onun bu cür ailəsi var.

- Nişanlanmaq xəbəriniz çox müzakirə olundu. Sosial şəbəkədə tənqidi şərhlər yazanlar da çox idi...

- İnsanın qəlbi hər zaman təmiz olmalıdır. Ölüm xəbərimi eşitsələr, necə münasibət göstərərlər? Bu günə qədər heç kimə kinli olmamışam. Çox pisliklərlə qarşılaşmışam. Amma heç birinə fikir verməmişəm. Dostlarımın da bəzən mənə səhv etmələrini qəbul edə bilmirəm.  
 
- Toyunuz nə vaxtdır?

- Dəqiq vaxtı indidən demək istəmirəm. İnşallah, Məhərrəm ayından sonra olacaq. Bir toy Türkiyədə, digəri isə Bakıda olacaq. Özəl günümü isə mediaya qapalı etməyəcəm.

- Çoxları yazır ki, Günel lovğadır.

- Lovğalığımı harda görüblər? Əslində lovğa sözünü də təzə öyrənmişəm. (gülür)  Səsimlə bağlı özümdən razıyam. İstədiyim şəkildə oxuya bilirəm. Çox şükür. Sosial şəbəkədə mənə “lovğa” yazanlara nə pis hərəkət etmişəm ki, onlar bu nəticəyə gəliblər. Paxıllıq, pislik etmək lazım deyil. Bir-birimizin qədrini bilməliyik.

- Anadolu türkcəsində danışdığınıza görə də müzakirə olunursunuz.

 - Düz 18 ildir ki, Türkiyədə yaşayıram. Türk dilində danışmağım normaldır. Bu cür söhbətlərlə ürək bulandırmasınlar. Mən hər zaman Bakıya gələndə kövrəlirəm, pis oluram. Niyə bir-bizimizin ayağından çəkməliyik?
 
- Türkiyə mətbuatı zaman-zaman şəxsi həyatınız barədə məqalələr dərc edib. Amma siz həmin məqalələrə şərh vermək istəmirsiniz. Niyə?

- Susmaq hər zaman haqlı olmağın cavabıdır. Allah hər zaman deyir ki, “haqlısansa, sus”. Mən də haqlı idim. Susdum və hər kəs də cavabını aldı.

- Türkiyə mətbuatında belə bir xəbər dərc olunmuşdu ki, guya siz bir məşhurun boşanma xəbərinə qələbə işarəsi göstərməklə reaksiya vermisiniz.

- Heç bu mövzuda mənə sual verilməmişdi. Mən heç kimin pis gününə sevinən insan deyiləm. Elə xarakterim yoxdur. Bu mövzu məni maraqlandırmır. Mən “İnstagram” profilimdəki əksər şəkillərimdə əlimi zəfər işarəsi kimi tutmuşam. Bu işarəni də yaxın dostum var, o mənə öyrədib. O, bütün şəkillərdə əlini elə tutur.

- Xeyli vaxtdır ki, Türkiyədəsiniz. İndi bəzi müğənnilərimiz gedib Türkiyədə 2 mahnı oxuyurlar, daha sonra deyirlər ki, “Türkiyədə məni tanıyırlar”. Sizin fikrinizcə, orada hansı müğənnimizi tanıyırlar?

- Onları yəqin taksilərdə tanıyırlar (gülür). Türkiyədə yalnız Zeynəb Xanlarovanı, Əzizə Mustafazadəni tanıyırlar. İndi isə məsələn, Röya Ayxan nələrsə eləməyə çalışır... Hər halda mən kiçik yaşlarımdan orada olduğum üçün onlar artıq məni mənimsəyib. Onların qızı kimiyəm. İndi Türkiyədə bacarıqlı iş görən Röyadır.