Aprel döyüşlərinə görə ləğv olunan konsert baş tutdu

Aprel döyüşlərinə görə ləğv olunan konsert baş tutdu
3035 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 28-də əməkdar artist Gülüstan Əliyevanın “Payız Sevgisi” adlı solo konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, opera müğənnisi 20 illik yaradıcılıq gecəsini Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində təqdim edib. Konsert proqramında muğam kompozisiyaları, xalq və bəstəkar mahnıları yer alıb.

Bu, G.Əliyevanın mayda planlaşdırdığı, lakin apreldə cəbhədə baş verən döyüşlərə görə ləğv etdiyi solo konsertidir.

Qeyd  edək ki, əməkdar artist 1997-ci ildən Azərbaycan Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə “Leyli və Məcnun” operasında Məcnunun anası rolunu oynayıb. “Leyli və Məcnun”da Leyli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, "Gəlin qayası”nda Sənəm, “Arşın mal alan”da Cahan, “O olmasın, bu olsun” da Sənəm, “Natəvan”da xanəndə qız obrazlarını yaradıb. G.Əliyeva həm də Azərbaycan Milli Konservatoriyasının muğam müəlliməsi və dosentidir. Eyni zamanda Bakı Humanitar Kollecində də sənətini tədris edir.

Gənc bəstəkar Aysel Kərim G.Əliyeva haqqında fikirlərini bölüşüb və onunla işbirliyindən danışıb:

"Əsl sənətkarlar sadə və mehriban olur. Gülüstan Əliyevanı yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, o, məhz həmin sənətkarlardandır. Nə xoş ki, Gülüstan Əliyevanın  repertuarında mənim Rəşad Məcidin sözlərinə bəstələdiyim “Fərqi  Yoxdur “ adlı  mahnı da yer alır. Onunla əməkdaşlığımız davam etməkdədir. Bu, bir gənc üçün böyük təkan, yeni yaradıcılıq  stimuludur. Gülüstan xanım sənətinə bağlı, özünün təbirincə desək bu həyatda sənət izi qoymağı arzulayan sənətkardır. Səhnəmizin 13-cü Leylisini 20 illik səhnə nailiyyəti münasibətilə ürəkdən təbrik edirəm".



Aysel Kərim və Gülüstan Əliyeva