Qusardakı "Şahdağ" istirahət kompleksindən maraqlı fotolar

Qusardakı "Şahdağ" istirahət kompleksindən maraqlı fotolar
5475 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahdağ Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olub.

Adi günlərdə də xeyli qonaq qəbul edən kompleksə istirahət və bayram günlərində mindən artıq yerli və əcnəbi turist gəlib.

Turizm kompleksi yeni istifadəyə verildiyindən buraya gələnlərin əksəriyyətinin məlumatlandırılmasına ehtiyac yaranır. Bu problemi həll etmək üçün girişdə informasiya məntəqəsi yaradılıb. Məntəqədə turistlərə hava şəraiti ilə əlaqədar hansı liftlərin açıq, hansılarının bağlı olması, xizək yollarında qarın vəziyyəti barədə və digər informasiyalar verilir.

Turistlər bundan sonra kompleksin kassalarına yaxınlaşıb istirahət üçün biletləri əldə etməlidirlər. Kassirlər qiymətlər barədə ətraflı məlumat verdikdən sonra turistin istəyinə uyğun bileti təqdim edirlər. Qiymətlər istirahətin növündən və müddətindən asılı olaraq dəyişir. Cəmi iyirmi manat ödəmiş turist bir gün ərzində kompleksin xizək enişlərindən və kanatlardan istifadə etmək imkanı qazanır. Təcrübəsizlər üçün isə bu qiymət 10 manat nəzərdə tutulub. Turistlərin istirahət edəcəkləri günlərin sayı artdıqca xidmət daha ucuz başa gəlir. Məsələn, bir günlük istirahət 20 manat olduğu halda, bir həftə istirahət üçün cəmi 84 manat ödəmək lazımdır. Belə olan halda gündəlik xərc 12 manat təşkil edir.

İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı, eləcə də kirayə verildiyi obyektlər fəaliyyət göstərir. Turist 33 manat ödəməklə xizək dəstini (xizək, dəyənəklər, ayaqqabı, geyim, dəbilqə) 1 günlük kirayələyə bilər. Lakin turistin özünün uyğun geyimi varsa xizək, dəyənəklər, ayaqqabı və dəbilqənin bir günlük kirayəsi üçün 14 manat ödəməlidir. Unutmaq olmaz ki, avadanlığı kirayələmək üçün şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd təqdim edilməlidir.

Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Təlimçilər bildirirlər ki, təcrübəsizlərə qısa müddətdə xizək sürməyi öyrətmək onların əsas vəzifəsidir və bu işi böyük həvəslə yerinə yetirirlər.
Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar.

Bakıdan gəlmiş turist Şahin Cəfərov AzərTAc bildirib ki, bundan əvvəl Rusiyada istirahət məkanlarında xizək sürmüş, amma burada olduğu kimi həzz almamışdır.

“Bura Vətənimdir. Kompleksdə xizək idmanı ilə məşğul olmaq həm xoşuma gəlir, həm də Azərbaycanda belə böyük istirahət kompleksinin olmasına görə qürur hissi keçirirəm.”

Başqa bir turist - Məhəmməd Naibov isə qiymətlərin aşağı olmasından razılığını bildirmiş, digər həmvətənlərimizə də Qusara qonaq gəlməyi tövsiyə etmişdir. “Bir dəfə gəlib buranı görən əminəm ki, yenə gəlmək fikrinə düşəcəkdir”.

Kompleksdə istirahət edən Elçin Əliyev bildirmişdir ki, xizək sürməyi çox xoşladığından indiyədək bu istəyini hər il xarici ölkələrdə reallaşdırmaq məcburiyyətində idi.

”Mən Avstriya, İsveçrə və digər ölkələrin istirahət mərkəzlərində olmuşam. Həmin ölkələrə getmək çox vaxt alırdı və maddi baxımdan sərfəli deyildir. Bu gün isə paytaxtdan cəmi üç saat ərzində bu kompleksə gəlmişəm. Kanat yolu ilə yuxarı qalxanda fikirləşirdim ki, doğrudanmı mən Azərbaycandayam. Bizim dağlarımız İsveçrədəkindən heç nə ilə geri qalmır və əksinə, fikrimcə, daha füsunkardır ”.

Əli Əliyev isə Rusiyada yaşayır. Həvəskar xizəkçi olduğundan Qusarda kompleksin açılması barədə məlumat alan kimi buraya gəlib dincəlmək və istirahət mərkəzi ilə yaxından tanış olmaq qərarına gəlmişdir. “Qış idman növləri ilə məşğul olmaq üçün Moskva şəhərinin ətrafındakı yerlərdə tez-tez oluram. “Şahdağ”da istirahət etmək daha çox xoşuma gəlir. Moskvaya qayıdandan sonra xizək sürmək həvəskarı olan dostlarıma bu barədə danışacağam. Çəkdiyim şəkil və videogörüntüləri onlara göstərəcəyəm və növbəti dəfə buraya mütləq dostlarımla gələcəyik”.

Kompleksdə dincələn Nübar Qocayeva həmişə xizək idmanı ilə peşəkar səviyyədə məşğul olmağı arzuladığını bildirmişdir. ”Televizorda peşəkar xizəkçiləri izləyib, nə vaxtsa bu idman növü ilə məşğul olacağımın xəyallarını qururdum. Artıq arzum reallaşmışdır. Buna görə kompleksin yaradılmasında bütün əməyi olanlara, xüsusilə bu işin əsas təşəbbüskarı Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş və Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm İstirahət Kompleksi Qusar rayonunun mərkəzindən 32, paytaxtdan isə 210 kilometr məsafədə yerləşir.

AzərTac