"Çölçü"nün daha bir uğuru

"Çölçü"nün daha bir uğuru
1336 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Mannheim-Heidelberg Beynəlxalq Kinofestivalında iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, festival oktyabrın 30-dan noyabrın 10-dək Almaniyanın Mannheim şəhərində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları rol alıb.

Sssenariyə görə, gənc çölçü şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda, onunla sıx təmasda yaşayır. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Valideyninin ölümündən çox keçməmiş o, qəsəbədən gələn bir qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni bir səhifə açır və indiyədək tanımadığı yaşam tərzinə doğru atılmış böyük bir addım olur.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək “Didor” V Beynəlxalq kinofestivalı (Düşənbə), MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın “Kinoşok” XXI açıq kino festivalı (Anapa, Rusiya), XVI “Qaranlıq gecələr” Beynəlxalq film festivalı (Tallin), 35-ci Qahirə Beynəlxalq film festivalı, XXII “Qızıl pəhləvan” Beynəlxalq kinofestivalı (Xabarovsk, Rusiya), XXIV Beynəlxalq kinofestivalı (Ankara) və 13-cü Tbilisi Beynəlxalq Film Festivalında  və bir sıra önəmli müsabiqələrdə iştirak edib, müxtəlif  mükafatlara layiq görülüb.