Alidə Mustafayeva: “Pul qazandığım gündən bədxərc olmuşam”

Alidə Mustafayeva: “Pul qazandığım gündən bədxərc olmuşam”
11476 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az saytının bugünkü müsahibi ATV-nin “Son xəbər” buraxılışının aparıcı simalarından olan Alidə Mustafayevadı. Onunla televiziya və radiodakı fəaliyyəti haqda danışdıq.

- Televiziyaya gəlişinizi necə xatırlayırsınız?


- Bu, 2009-cu ilə təsadüf edir. Həmin ilin mayında ATV-nin titrlərındə aparıcı, referent və s. işçilərin tələb olunması haqda anons gördüm. Aparıcı olmaq arzusu ilə həmin müsabiqəyə qatılsam da, ilk seçim turundan keçə bilmədim. Yenə də ümidimi kəsmədim. “Mən nə vaxtsa aparıcı olacağam” deyə içimdə bir arxayınlıq vardı. Həmin ilin sonlarında efirdə anonslar görərək şansımı bir daha sınamaq qərarına gəldim. Dekabrın 7-də keçirilən seçmə turda öncə on ikiliyə, daha sonra isə dördlüyə düşdüm. Ertəsi gün “ATV Maqazin”in aparıcısı olan Nərgiz xanım zəng edərək Elçin Əlibəylinin məni və digər üç iştirakçını kanalda təcrübə keçməyə dəvət etdiyini dedi. Çox sakit və utancaq olduğum üçün özümü göstərə bilmirdim. Hər şeyə həssas yanaşırdım. Çünki içimdə hər zaman “birdə məndə alınmaz” deyə bir qorxu vardı. Elçin müəllim “Binaların tarixi” rubrikasını mənə həvalə etdi. Doqquz ay ərzində həftədə bir dəfə həmin rubrika ilə efirə çıxdım.  Bununla yanaşı “Bizim Səhər” və “Yazarlar” rubrikası üçün də materiallar hazırlayırdım.

- Xəbərlər Departamentindəki fəaliyyətiniz haqda danışardınız...

- Nə zamansa xəbər aparıcısı olmaq ümidlə yaşayırdım. Nəhayət, bu arzuma çatdım. 2010-cu ilin sentyabrın 17-də Xəbərlər Departamentinə keçdim. Elə həmin ayın 27-də ilk dəfə olaraq radioda xəbərləri təqdim etməyə başladım. Radioda efirə çıxdığım ilk gün xalq artisti Faiq Ağayevin üzləşdiyi xoşagəlməz hadisə haqda xəbər təqdim etdim. İlk efir günü bu cür xoşagəlməz hadisələr haqda məlumat vermək mənim həyəcanımı daha da artırırdı.

- Radiodan televiziyaya keçid çətin olmadı?

- 9 ay radioda xəbər təqdim etdikdən sonra 2011-ci ilin iyunun 20-də ilk dəfə olaraq televiziya efirinə çıxdım. İlk günlərdə  çox həyəcanlı idim. Xəbərlər Departamentində işə başladığım birinci gündən 2012-ci ilin oktyabrınadək 106 və 106.3 FM-də hər saatın tamamı üçün efir bloku yığırdıq. Ən azı 6-8 yeni xəbər verməli idik. Radioda işlədiyim iki il ərzində çox şey öyrəndim. Buna görə radionun canlı efirindən televiziyanın canlı efirinə keçmək mənim üçün çətin olmadı.Televiziyaya gəldikdə artıq müəyyən qədər hazırlıqlı idim. ATV-də bizim xəbər ordumuz var. Efirdə tək görünsək də, mən və digər həmkarlarım birgə komandanın məhsulunu tamaşaçıya təqdim edirik.  

- Canlı yayımda baş verən maraqlı hadisələr tamaşaçıların da diqqətindən yayınmır. Bəs, siz bu cür qüsurları necə aradan qaldıra bilirsiniz? Canlı yayımda baş verən ən maraqlı hadisələr haqda danışa bilərsiniz? 

- İstər radio, istərsə də televiziyada canlı efir xüsusi diqqət və məsuliyyət tələb edir. Canlı yayım bizim həyat saatımızın qaçan əqrəbləridi. Sözsüz ki, hər bir insan həyatda səhv edə bilər. Mənim də efirdə müəyyən səhvlərim olub. Yəqin ki, bu “qüsur”lar diqqətli tamaşaçının nəzərindən yayınmayıb. Bu cür hadisələri canlı efir üçün normal hesab edirəm. Sonuncu dəfə noyabrın 9-da Bayraq Günündə yaxama bayraq taxmışdım. Başım bayrağa necə qarışmışdısa mikrofon taxmağı unutmuşdum. Sonra mənə xəbər etdilər ki, üstümdə mikrofon olmadığından danışığım eşidilmir.

- Bu gün Azərbaycan xəbər məkanında rəqabət mühitini necə qiymətləndirirsiniz?

- Kanallar arasındakı bu mühiti rəqabət yox, mehriban münasibət adlandırardım. Hərə öz işi ilə məşğul olur. Şəxsən mən bir aparıcı kimi heç kimlə rəqabət aparmıram. Bizim xəbəri hər yaşda və təbəqədə olan şəxslər izləyir. Bütün kanalların xəbər buraxılışlarını, daha çox isə ATV xəbəri izləyirəm.

- Aparıcılarımızda daha çox nəyi bəyənmirsiniz?

- Hər bir aparıcını olduğu kimi qəbul etməyə çalışıram. Amma özünü kiməsə bənzədən aparıcıları bəyənmirəm. Çox təəssüflər olsun ki, bu gün belə aparıcılarımız çoxluq təşkil edir. Mənim də bəyəndiyim aparıcılar ola bilər, amma heç vaxt özümü kiməsə bənzətmək arzusunda olmamışam.

- Peşəkar aparıcı olmaq üçün nə tələb edilir? Bu keyfiyyətlərdən hansını özünüzdə görə bilmirsiniz?

- Peşəkarlıq üçün zaman və təcrübə lazımdı. Hər zaman öz səhvərini görə bilən və bundan nəticə çıxarmağı bacaran birisiyəm. Məndən daha çox gülərüz və sərbəst olmağı tələb edirlər. Daha çox baş verən hadisələr, kiminsə kimisə öldürməsi haqda məlumatlar çatdırmağı sevdiyimə görə tamaşaçıya aqressiv görünürəm.

- Bir az da kitaba olan marağınız haqda danışaq. Son oxuduğunuz əsər hansıdı?

- Mütaliəyə böyük marağım var. Uşaq ikən hər zaman çoxlu rəngli şəkilləri olan kitabları oxumuşam. Atam dünya ədəbiyyatı fakültəsini bitirdiyindən hazırda da evimizdə çətinliklə tapılan kitablar var. V. Şekspirin əsərlərini çox bəyənirəm. Vaxtım olanda dünya ədəbiyatından maraqlı əsərlər oxuyuram.Sonuncu oxuduğum kitab Jane Austenin “Emma” əsəri olub.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Boş vaxtlarımı kitab oxuyaraq, musiqiyə qulaq asaraq sosial şəbəkələrdə daima yeniləşən xəbərləri izləməklə keçirirəm. Bundan başqa, ailə üzvlərim və rəfiqələrimlə birgə olmağı da çox sevirəm.

- Bəs, pul xərcləməklə aranız necədi?

- Pul qazandığım gündən bədxərc olmuşam. Lazım oldu-olmadı, hər şey alıram. Hədiyyə verməyi çox sevirəm. Amma özüm üçün elə böyük hədiyyə almamışam.

- Dəbə uyğun geyinməyi sevirsiniz, yoxsa yalnız özünüzə yaraşanı?

- Dəblə də maraqlanıram. Dəbə uyğun olub mənə yaraşanı geyinirəm.

- Qəlbinizdə necə, öz yerinə sahib olan birisi varmı?

- Qəlbimdə atama, anama, həmçinin özümə böyük sevgi var. Hələ ki, həyatımda kimsə yoxdu. Bu vaxtacan da olmayıb.

Nigar MƏHƏRRƏM
Foto: Bəhruz ƏLİZADƏ