Jan-Batist Molyerin əsəri Musiqili Komediya Teatrında

Jan-Batist Molyerin əsəri Musiqili Komediya Teatrında
2050 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi yeni ilin ilk premyerasını təqdim edib.

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yaradıcı kollektiv bu dəfə Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi Jan-Batist Molyerin “Skapenin kələkləri” komediyasını nümayiş etdirib.

Bu komediya böyük dramaturq J.B.Molyerin Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İkihissəli komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.

Tamaşanın musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahim, ikinci rejissoru Əməkdar Artist Boris Qrafkindir.

Teatrın rus truppasında təqdim olunan tamaşada əməkdar artist Boris Qrafkin, istedadlı aktyorlar Svetlana Bulax, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Elvin Əliyev, Marina Litvinenko və başqaları çıxış edib.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Xalq Artisti Hüseynsəfa Mirzəhəsənov da bu tamaşada Musiqili Komediya Teatrının səhnəsini öz həmkarları ilə paylaşmışdı. Başqa teatrlardan vaxtaşırı olaraq aktyorları bu teatrın səhnəsinə dəvət etmək artıq ənənə şəklini alıb. Xalq Artisti Hüseynsəfa Mirzəhəsənov da bu dəvətdən məmnun qaldığını bildirib.

Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev demişdir ki, “Skapenin kələkləri” komediyası Əsgər Əsgərovun Musiqili Komediya Teatrının rus bölməsində hazırladığı ikinci tamaşadır. O, teatrın uğurlu tamaşalarından olan Mark Kamolettinin “Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir” tamaşasının da quruluşçu rejissorudur.

Əsgər Əsgərov uzun illər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmış, 1990-1996-cı illərdə bu teatrın baş rejissoru olub. Moskvada, Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında təcrübə keçdikdən sonra Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsinə dəvət edilib. Bu teatrda Viktor Rozovun “Şadlıq sorağında”, Nəbi Xəzrinin “Burla xatun”, Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər…”, A.Kamyunun “Anlaşılmazlıq” və s. əsərlərinə quruluş verib.

Musiqili Komediya Teatrının binasında təmir işləri aparıldığından, “Skapenin kələkləri” Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində təqdim olunub. Anşlaqla keçən tamaşanın ikinci premyerası da fevralın 12-də bu səhnədə oynanılacaq.