"Günahkar Elza Seyidcahanı efirə buraxandır" - Cavanşir Quliyev

"Günahkar Elza Seyidcahanı efirə buraxandır" - Cavanşir Quliyev
5869 dəfə oxunub
  • A-
  • A
  • A+

Şimali Kiprdə yaşayan azərbaycanlı bəstəkar Cavanşir Quliyev Bakıya gəlib.

Axşam.az musavat.com-a istinadən bəstəkarın müsahibəsini təqdim edir:

- Cavanşir bəy, yəqin ki, Azərbaycana gəlişiniz Şimali Kiprin müstəqillik günü ilə bağlıdır. İllərdir ki, Kipr türkləri ilə bərabərsiniz və sizi Şimali Kiprin fəxri vətəndaşı da hesab etmək olar. Bu günün önəmi barədə nə deyə bilərsiniz?

- Çox önəmli bir gündür. Özü də tək Kipr üçün yox, bütün dünyada yaşayan türklər üçün önəmli gündür. Çünki türk millətinin bir qəhrəman parçası artıq 33 ildir dövlət yaradıb və dövlətin bütün atributları orada işləyir. Həmçinin türk qardaşlarımız dünyaya sübut edirlər ki, Şimali Kipr adında bir dövlət var. Hesab edirəm ki, bu, qəhrəmanlıqdır. Bizim indiki Qarabağ olayları çərçivəsindən baxdığımızda bizimçün örnək olası bir şeydir. Yəni torpağı necə geri almağın və necə qorumağın örnəyidir. Onunçün də mən çox qürurluyam və ömrümün bu yaşında xoşbəxtəm ki, orda o insanlarla hər gün görüşürəm. Onların hər biri bir qəhrəmandır.

Hər an orda yenə savaş, savaş başlaya bilər və bu təhlükə var. Lakin buna baxmayaraq, yaşayırlar, dövlətlərini qoruyurlar, müdafiə edirlər, dünyaya da sinə gəlirlər. Yəni bütün bu embarqolara, təzyiqlərə baxmayaraq, ölkə ayaqda durur, yaşayır, hətta inkişaf edir.

- Siz cəmiyyətin içindəsiniz. Rəsmi mövqe bəllidir, bəs Kiprin sadə vətəndaşlarının Azərbaycandan istəkləri nədir?

- Məncə, Azərbaycan dövləti əlindən gələn hər cür yardımı edir. Açıq da edir, pərdəarxası yardımlar da var. Ona görə də bizdən razıdırlar, bizi çox sevirlər. Şəxsən məndən tələbələrim razıdır (gülür). Onların bütün türklərdən istəyi bir dənədir ki, “bizi tanıyın!”

- Tanımaq asan məsələ deyil axı...

- Azərbaycan üçün bir az problem var - Qarabağ məsələsinə görə. Amma başqa türk dövlətləri tanıya bilər. Məncə, problem yoxdur. Pakistan tanıyıb və orada Quzey Kıprısın təmsilçiliyi yox, səfirliyi var. Yunanıstan BMT-yə şikayət etdi deyə, birbaşa təyyarə reysinin açılması da reallaşmadı. Azərbaycan üçün problemlər yarana bilərdi. Çünki Qarabağ məsələsi həll olunmayıb, durumumuz təhlükəlidir. Amma başqa dövlətlər tanıya bilərdi.  

- Cavanşir bəy, artıq 10 ildən çoxdur Şimali Kiprə köçmüşünüz...

- Hə, artıq 11 ildir.

- Yaş üzü 70-ə doğru gedir. Günün birində Azərbaycana dönmək, burada çalışmaq istəmirsiniz ki?

- Vallah, mən həmişə, hər an ayaqqabımı geyinib, qaçıb təyyarəyə minib gəlməyə hazıram. Amma mən əmin olmalıyam ki, burada lazımam.

- Amma lazım olduğunuz hər zaman hiss olunur. Yeriniz görünür, sizin ifanızda retro mahnıları səslənir, bəstələriniz eşidilir...

- Çox adam belə deyir. Hətta bəzi vəzifə sahibləri qayıtmağımı istəyirlər. Mən də deyirəm ki, həqiqətən lazım olduğuma özüm əmin olmalıyam. Söhbət iş yerində deyil. Mənim peşəm var, önəmli iş yerim də heç vaxt olmayıb. Amma mən musiqiçi olaraq burda lazım olduğumu hiss etməliyəm, onu hiss etmirəm. Gördünüz, bu gün də biz çaldıq, oxuduq, amma kimsə dinləmədi.

- Bu da var ki, sizin kimi sənətkarların kənara çəkilməsi, ölkədən getməsi böyük bir boşluq yaradır və bu boşluqdan da özlərini “ulduz”, “bəstəkar” adlandıranlar istifadə edir. Razısınızmı?

- Hə, düzdür. Onu cəmiyyətin xəstəliklərindən biri adlandırmaq olar.

- Sənət adamı olaraq Azərbaycan musiqisinin durumu sizi narahat edirmi?

- Yox, ümumi şəkildə narahatlıq yoxdur. Mən həmişə deyirəm ki, baxın, 100 il öncə Azərbaycanın dövləti olmayıb və musiqimizin qorunması deyilən bir şey də olmayıb. Amma musiqimiz olub, yaşayıb və gəlib bu günümüzə çıxıb. Bəziləri deyir ki, dövlət gərək musiqini qorusun. Mən də deyirəm ki, dövlətin musiqi ilə heç işinin olmaması lazımdır. Dövlətin dövlət işləri var, musiqi öz-özünə yaşayacaq. Əgər keyfiyyətlidirsə, dəyərlidirsə, yaşayacaq, onu öldürmək mümkün deyil. Ona görə elə bir əndişəm yoxdur. Amma mənim peşəmlə, bəstəkarlıqla bağlı içimdə qeydlərim var, o da oxucuya maraqlı olmaz. Çünki dar çərçivənin müzakirə mövzusudur.

- Konkretləşdirmək istəmirəm. Amma deyək ki, Elza Seyidcahan bəstəkar-müğənni statusunda efirə çıxır və hətta dövlət himnini də istədiyi kimi oxuyur. Belələrinə deməyə sözünüz varmı?

- Mən onu günahkar hesab etmirəm, onu efirə buraxanı günahkar sayıram. Gedin onlardan yapışın. O qız elədir də...

- Azərbaycan efirini izləyirsinizmi?

- Yox, izləmirəm. Əslində artıq efir izləməyə vaxtım yoxdur. Ömrün böyük hissəsi geridə qaldı. İrəlidə planlar var, onları eləmək lazımdır, vaxt isə yoxdur.

- Yeni mahnılarınız varmı?

- Var. Mahnı da var, başqa əsərlər də. Orda 3 balet, oratoriya yazdım. Burdan gedəndə oratoriyanı Ankaraya aparacağam ki, sifarişçiyə göstərim.

- Azərbaycanda təqdimatı olmayıb...

- Hələlik yox. Onunçün mən burda olmalıyam. Çünki elə olur, məşq vaxtı bir çox şeylər dəyişə bilir. Mən olmasam, bu halda kənara qoyacaqlar.

- Müharibə vəziyyətində olan ölkədə yeni hərbi mahnılar, marşlar niyə yazılmır?

- Mən bir neçə dənə yazdım. Müxtəlif səpkili əsərlər idi. Amma məncə, savaşı musiqi udmaz, savaşı güllə udur. Ona daha çox diqqət ayırmaq lazımdır. Əsgər marşları savaş fasiləsində çalınır, savaş vaxtı çalınmır (gülür). Amma var. Mən bir dəfə saydım, Azərbaycanda 700-ə yaxın hərbi vətənpərvərlik əsərləri yazılıb, simfoniyadan tutmuş, mahnılara qədər. İndi bunu doğru-düzgün təbliğ etsələr, məncə, bəs edər. Kifayət qədərdir.

- Azərbaycan uzaqdan, o yaşıl adadan baxanda necə görünür?

- Azərbaycan kənardan görünmür. Adadan da görünmür. Narahatlıq budur. Cəmiyyət dəyişib. Mən hər dəfə tətilə gələndə bu dəyişikliyi hiss edirəm. Ancaq mənim arzuladığım cəmiyyətə doğru yox... İçimdə o əndişə var. Bəziləri bunu yaşla da bağlayırlar ki, nəsillər bir-birini bəyənmir. Belə bir şey də ola bilər. Amma ümumilikdə toplum, cəmiyyət mənim arzuladığım deyil.

- Demək, vətən sarıdan bir az da bədgümansınız...

- Nə bilim. Elə də bədgüman deyiləm. Amma bir şeir var: “Sənə səndən şikayətim var”. Arada elə bir vəziyyətim olur. Sənətlə, mədəniyyətlə, ədəbiyyatımızla bağlı son zamanlar elə hətta gülməli olaylar baş verir ki, deyirsən, Allah, Allah, bu cəmiyyət anlamırmı niyə belə edir? Qayıtmağımla bağlı soruşdunuz. Bu, bununla da bağlı məsələdir. Cəmiyyətin durumu mənim bura qayıtmağıma, türklər demiş, müsaid deyil. Belə...