"Heç kimə "məni sevmə" deyə bilmərəm" - Ruhəngiz

"Heç kimə "məni sevmə" deyə bilmərəm" - Ruhəngiz
1634 dəfə oxunub
  • A-
  • A
  • A+
Gəlindən söz düşəndə dad edən qayınanaların sayının çox olmasına baxmayaraq, müsahibim ciddi-cəhdlə gəlininə olan sevgisindən danışdı. Açığı ilk dəfə idi ki, belə bir qayınana ilə həmsöhbət oldum. Müğənni, əməkdar artist Ruhəngiz Allahverdiyevanın öz təbirincə desək, “doşab alıb, bal çıxıb”…
 
- Müsahibə öncəsi gəlininizdən söz düşəndə üzünüzdə xüsusi bir sevinc, məmnunluq gördüm. Deyəsən çox razısınız.
 
 - Mən elə bilirdim ki, yaxşı qayınana olmaram, hər işə qarışaram. Amma səmimiyyətimə inanın ki, heç özüm də nə vaxtsa gəlinimi bu qədər çox istəyəcəyimi fikirləşməmişdim. Adi bir misal çəkəcəm. Gəlinimlə danışıb telefonun dəstəyini yerinə qoyanda özümdən asılı olmayaraq “can, qurban olaram sənə” deyirəm. Bu sözü bəlkə heç övladlarıma da demirəm, amma gəlinimə deyirəm. Hamı bilir ki, çox kaprizli insanam. Lakin bu qız çaşıb nəyisə səhv etsə də, yenə mən onu çox istəyirəm. Hərdən deyirəm ki, bəlkə gəlinim keçmişdə mənim övladım olub?! (gülür)
 
- Oğlunuz sizinlə birlikdə qalır?
 
- Xeyr, onların evi ayrıdı. Aprel ayında gəlin gətirmişəm. Elə ilk gündən də öz evlərində qalırlar. Hesablasaq, heç 3 dəfə oğlumgilə qonaq getməmişəm. Gəlinim həmişə zəng edib deyir ki, bizə gəl, bişirdiklərimdən ye. Mənsə əksinə, özüm bişirib onlara göndərirəm.
 
- Gəlininiz sizə necə müraciət edir? Sizcə, qayınanaya “ana” deyə müraciət etmək vacibdi?
 
- Bəzən biz tanımadığımız insanlara “bibi”, “əmi” deyirik. Qız bir evdən başqa evə köçür, yeni ailəsi olur. Nə olar ki, qayınanasına “ana” desə?! Sözün düzü, gəlinim mənə “ana” demir. Əslində bu, mənim üçün problemə çevriləcək məsələ də deyil. Qoy, elə “xala” desin, amma hər zaman mənə hörmət edib çox istəsin.
 
- Qayınananın gəlininə bu cür sevgisi öyrəşdiyimiz məqamlardan deyil. Bu, yalnız o halda baş verir ki, gəlini həyat yoldaşı yox, məhz qayınanası seçir.
 
- Qeyri-etik çıxmasın, amma analara bir məsləhətim var. Övladlarını tez, xüsusən də sevmədiyi biri ilə evləndirməyə tələsməsinlər. Hər zaman oğluma deyirdim ki, tələsmə, çalış həm sən deyən olsun, həm də mən deyən. Əxlaqlı olsun, özündən böyüyə hörmət etsin və ən əsası həyat yoldaşını sevsin. Allaha şükür, elə də  oldu. Gəlinimi isə mən yox, oğlum özü sevib seçib.
 
- Ailə mütləq sevgi üzərində qurulmalıdır deyirsiniz. Bu, sevgisiz qurulan ailənin aqibətindən qorxduğunuz üçündür, ya yaşadıqlarınızın təkrarlanmasından?
 
 
- Müğənni xanımın ailəsini qoruyub saxlaması çox çətindi. Çünki kişilər var ki, sənə başqa gözlə baxırlar. Bunu hər bir həyat yoldaşı qəbul edə bilmir.  
 
- Bəs ailənin dağılmaması üçün xanım müğənni nə etməlidi? 
 
- Özüm barədə deyim: elə vəziyyət yaradıram ki, daha çox xanımlar məni sevirlər. Və hətta kişilər üçün bu, mümkünsüz olur. Onlar sevsələr də, bunu etiraf etmirlər. Bilən bilir ki, mənim ailəm var, buna hörmətlə yanaşmalıdırlar. Heç kimə “məni sevmə” deyə bilmərəm.
 
- Sevib ailə qurmuşdunuz?
 
- Mənim üçün önəmli olan bir şey var – seçimi özüm etməliyəm. Əgər o insanla ailə qurmuşamsa, deməli, mən onu seçmişəm. Çox şeyləri açıqlamaq istəmirəm. Amma həyatda hər şey olur. Axı kim bilir onun ailəsi nə vaxta kimi davam edəcək, nələr baş verəcək?! Biz nə qədər seçim etsək də, qismətdən kənara çıxa bilmərik.
 
- Əgər hər şey qismətlə bağlıdırsa, deməli, onda sürətlə artan boşanma faktlarına görə gəncləri qınamamalıyıq?! 
 
- Gənclərin çoxu ailəni olduğu kimi dərk edə bilmir. Fikirləşirlər ki, aldım, mənimdi. Amma həyat yoldaşına bu cür yanaşmaq düzgün deyil. Çünki hər bir qız istəyir ki, getdiyi ailədə diqqət, qayğı görsün. Həyat yoldaşı əşya deyil ki, alıb bir kənara qoyasan, lazım olanda istifadə edəsən. Bəzən elə olur ki,  illərlə həsrətini çəkib, sevərək aldıqları xanıma qarşı da laqeyd olurlar.

ailem.az