Əbülfəz Qarayev SSRİ xalq artisti ilə görüşdü - fotolar

Əbülfəz Qarayev SSRİ xalq artisti ilə görüşdü - fotolar
841 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan rusiyalı baletmeyster, SSRİ xalq artisti Vladimir Vasilyevi qəbul edib.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, tanınmış xoreoqrafın Bakıya səfərinin məqsədi dekabrın 8-də Nizami Kino Mərkəzinin sifarişi ilə Azərbaycan baletinin tanınmış ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş, “Balet mənim həyatımdır” sənədli filminin təqdimatında iştirak etməkdir.

Qonaqları salamlayan nazir baletmeysterin yaradıcılığı və sənəti ilə yaxından tanış olduğunu bildirərək onu Bakıda görməyindən məmnunluğunu ifadə edib. Bildirib ki, iki ölkə arasında xoreoqrafiya sahəsində əlaqələr davam etməli, gənc nəsil görkəmli balet ustalarının məktəbini öyrənməli və bu ənənələri davam etdirməlidirlər.

Qonaq öz növbəsində filmin nümayişindən aldığı təəssüratı nazirlə bölüşərək ilk dəfə Bakıda olduğundan məmnunluğunu ifadə edib. Uzun müddət dostluq etdiyi xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına verilən qiyməti yüksək dəyərləndirib.

Nazir Azərbaycan və Rusiya arasında xoreoqrafiya sahəsində əməkdaşlığa diqqət ayıraraq vaxtilə balet tamaşalarının böyük bir hadisə, əks-səda yaratdığını xatırladıb.

Görüşdə iştirak edən Rəfiqə Axundova və Maqsud Məmmədovun yubileylərinin də keçirilməsinin planlaşdırıldığını bildirib.

Azərbaycanda Xoreoqrafiya Akademiyasının yaradıldığını qonaqların diqqətinə çatdıran nazir zamanla Azərbaycan gənclərinin xoreoqrafiya sahəsinə marağının artırılması yolunda aparılacaq işlərdən də danışıb. Bakıya ilk səfəri çərçivəsində qonağı Azərbaycanın mədəni ocaqları ilə yaxından tanış olmağa dəvət edib.