Xalq artistinin yaradıcılıq gecəsi keçirilib - fotolar

Xalq artistinin yaradıcılıq gecəsi keçirilib - fotolar
519 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq Artisti, tanınmış tarzən, professor Zamiq Əliyevin yaradıcılığına həsr olunmuş “Ömür təranələri” adlı tədbir təşkil olunub.

Axşam.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, “Mədəniyyət” kanalı ilə Mahnı Teatrının birgə təşkil etdiyi tədbirə sənətkarın ömür yolundan, Azərbaycan musiqisinin, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətindəki xidmətlərindən bəhs edən videomaterialın təqdimatı ilə başlanılıb.

Tədbirin aparıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, əməkdar artist Azad Şükürov Zamiq Əliyevin sənət dünyasından söz açıb. Tədbirdə akademik Vasim Məmmədəliyev Z.Əliyevi çoxşaxəli yaradıcılığa malik istedadlı sənətkar kimi dəyərləndirib. Onun çox nüfuzlu musiqi kollektivlərində çalışdığını, həm də bir bəstəkar kimi də sevildiyini, tanındığını söyləyib. Vurğulayıb ki, Z.Əliyevin bəstələdiyi mahnılar hər bir dinləyicinin ürəyinə asanlıqla yol tapır.

Gecədə Z.Əliyevin xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, tanınmış şair Tağı Sadiqin və digərlərinin şeirlərinə bəstələdiyi “Qal sənə qurban”, “Yar bu gecə”, “İlham alıram”, “Olaydı”, “Qısqanıram”, “Ceyranım”, “Gözləməsin”, “Vurulmuşam”, “Dilin dediyini ürəyin demir” və başqa mahnıları tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Z.Əliyev bundan sonra da Azərbaycan musiqisinin təbliği, inkişafı, gənc tarzənlərin yetişməsi istiqamətində əzmlə çalışacağını söyləyib.