Əbülfəs Qarayev ABŞ səfirini qəbul edib

Əbülfəs Qarayev ABŞ səfirini qəbul edib
567 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Mədəniyyət və Turizm Nazirliyində olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a bildiriblər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə Amerika səfirliyinin dəstəyi ilə kitabxana, mədəniyyət və incəsənət sahəsində layihələr müzakirə olunub.

Əbülfəs Qarayev Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib və bildirib ki, nazirlik bu istiqamətdə silsilə tədbirlər keçirməkdə maraqlıdır. O, son illərdə ABŞ-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, diaspor təşkilatları tərəfindən milli mədəniyyətimizi təbliğ edən tədbirlərin təşkil olunduğunu xatırladıb.

Səfir Riçard Morningstar öz növbəsində regionlarda fəaliyyət göstərən kitabxanalarda Amerikanın Corners Proqramının koordinatorlarının fəaliyyətinə nazirlik tərəfindən dəstək verilməsinin ümumi işin uğuruna fayda verəcəyinə diqqəti cəlb edib.

Ə.Qarayev amerikalı diplomatdan yeni təmir olunmuş mədəniyyət müəssisələrinin yüksək texniki avadanlığının idarə edilməsi və müvafiq kursların təşkil olunmasına kömək göstərməsini xahiş etmişdir. Nazir, həmçinin bu il mayın 29–dan iyunun 1-dək Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ABŞ-dan nüfuzlu dövlət xadimlərinin dəvət olunacağını bildirib.

Daha sonra nazir ABŞ-da fəaliyyət göstərən turizm-bələdçi kitabları nəşr edən şirkətlərin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb olunması ilə bağlı təklif irəli sürüb.

Səfir R.Morninqstar iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu söyləyib.