2016-cı ilin ən yaddaqalan məqamları, seçilənləri və qalmaqalları - "Maqazin klubu" 2016-cı ilin ən yaddaqalan məqamları, seçilənləri və qalmaqalları - "Maqazin klubu"

 
  30.12.16   21:00                                                                                                                                         a -   A + Müsahibə

Bu dəfə “Maqazin Klubu”nda 2016-cı ilə yekun vurduq, ilin “ən”lərindən danışdıq. Şou-biznes aləmində durğun keçən ilin nisbətən fərqlənənlərini seçdik. İlin sonuncu “Maqazin Klubu” üçün mən Pərviz Sadıqov, Zəhra Əhmədova və Elvin Elxan bir araya gəldik...

Bu yaxınlarda klubumuzun iki üzvü Zəhra və Elvin mükafatlandırma mərasimlərindən birində “İlin jurnalisti” nominasiyasını alıblar. Söhbətə onları təbrik etməklə başladım. Söhbət mükafatlandırmadan düşmüşkən Elvin maraqlı bir məqama toxunur:

- Mənə maraqlı olan odur ki, niyə mükafatlandırma mərasimlərində Aygün Kazımovanı görmürük. Dediklərinə görə, mükafatlandırmalar qapalı sorğu əsasında keçirilir. İnanmıram ki, o sorğularda kimsə Aygün Kazımovanın adını çəkmir. 

Zəhra:
- Mənə belə gəlir ki, Aygün Kazımovaya belə mükafatlar maraqlı deyil. Yəqin ki, gələn dəvətlərin qarşısına müəyyən şərtlər qoyur və bu da qarşı tərəfi qane etmir. Mərasimlərdən birində Tünzalə Ağayeva ilə söhbət etdik. O da dedi ki, heç bir mükafatlandırma mərasimlərinə qatılmır. Sadəcə iştirak etdiyimiz tədbir böyük şirkət tərəfindən təşkil edildiyi üçün onların adına görə qatılmışdı.

Pərviz:
- Bəzi mükafatların necə verildiyini hamımız bilirik. Bir neçə ulduz çağırıb, digərlərini tanışlıq və başqa amillərə görə verirlər.

2016-cı il yaradıcılıq baxımından şou-biznesin durğun illərindən biri kimi yadda qaldı. Yalnız bir neçə ad fərqlənə bildi. Gündəm daha çox qalmaqallarla bol oldu.

İLİN ƏN SƏS-KÜYLÜ BOŞANMALARI VƏ TOYLARI

Zəhra:
- Bu il boşanmaların sayı az olmadı. Məsələn, müğənni Dilarə Kazımovanın boşanması bir qədər qalmaqallı oldu. Səhər yuxudan ayılıb görüb ki, həyat yoldaşı əşyalarını götürərək evi tərk edib. Hələ də bilmirik ki, onlar rəsmi boşanıblar, ya yox. Müğənni Sevda Ələkbərzadənin boşanması da gözlənilməz oldu. Onlar kənardan çox xoşbəxt cütlük kimi görünürdülər.

Elvin:
- Onların ayrılmasına səbəb bir-birlərindən uzaqda yaşamaları oldu. Lətifə Soyuöz də bu yaxınlarda boşandı.

Bu arada ilin ən gözlənilməz 3 boşanma hadisəsini seçirik. Ümumi fikirlərimizə görə:

1. Aparıcılar Samirə Mustafayeva və Vaqif Aydınoğlu.
2. Rejissor Fuad Əlişov və aktrisa Sevinc Əlişova.
3. Müğənni Sevda Ələkbərzadə və Kamiyar.

Pərviz:
- İlin ən yadda qalan toyu isə Elçin Cəfərovun ailə qurması oldu. Medianın toya buraxılmaması, amma toyun hər bir anının sosial mediada paylaşılması da təəccüblü məqam kimi yadda qaldı.

İlin ən yadda qalan toyları:

1. Aparıcı İradə İsak və jurnalist Yaşar İsakov.
2. Aparıcı Azər İsmayılov və Nəcibə.
3. Müğənni Elçin Cəfərov və Aydan Rüstəmxanlı.

İLİN YADDAQALAN QALMAQALLARI

Elvin:
- Bu il Brilliant Dadaşova və Aygün Kazımova qalmaqalı yenidən gündəmə gəldi. İllər əvvəl baş verən hadisələr yenidən müzakirə olundu.

Pərviz:
- Məncə, Aygün Kazımovanın Namiq Qaraçuxurlu ilə qalmaqalı daha yaddaqalan oldu.

Zəhra:
- Hər iki tərəflə geniş müsahibə götürdüm və demək olar ki, bütün demək istədiklərini dedilər.

Elvin:
- Məncə, Namiqin Aygünün mülkünü əlindən alması fikri doğru deyil. Düşünürəm ki, onlar birgə fəaliyyətləri dövründə ortaq ev alıblar. Sonra Aygün xanım evi Namiqə bağışlayıb. İllər sonra bu məsələnin gündəmə gəlməsi Aygünün həmişə yeni nəsə danışmaq istəyindəndir.

Pərviz:
- Aygün Kazımova bir neçə dəfə bu barədə söz atmışdı, amma geniş danışmamışdı. Sadəcə, “V element” verilişində söhbət açıldı və Aygün də daha sonra geniş açıqlama vermək məcburiyyətində qaldı.

Elvin:
- Namiq bu məsələdə də soyuqqanlılığını qoruyub saxlaya bildi. Aygünlə münasibətində necə idisə,  yenə də belə davrandı. Aygün xanım isə baş verənləri hələ də unutmadığını nümayiş etdirdi.  O vaxt onların ayrılma səbəbi Namiqin başqa qadınla xəyanəti olmuşdu. Aygün Kazımova onunla münasibəti dövründə ona çox bağlı və sadiq olub. Ona görə də, düşünürəm ki, Aygün xəyanəti hələ də həzm edə bilməyib. Bu məsələ 2017-ci ildə, 2018-ci ildə də gündəmə gələcək...



Pərviz:
- Böyük qalmaqallardan biri yenə Aygün Kazımova ilə bağlı oldu. Müğənni Elton Hüseynəliyevlə çox ciddi qalmaqal yaşadı, bu günlərdə isə ikili artıq barışdı və arasındakı problemi həll etmiş kimi göründülər.

Zəhra:
- Elton Natavanla efirə çıxdığı üçün bu qalmaqal baş vermişdi. Eltonun sözlərinə görə, Aygün ona etirazın bildirib ki, Natavanla niyə efirə çıxıb.

Pərviz:
- Bu il baş verən qalmaqalların da çoxu süni oldu. Keçən dəfə aparıcı Afaq Gəncəli də deyirdi ki, müğənnilər efirə çıxmaq üçün bir-birləri ilə razılığa gəlirlər ki, “Sən mənə söz at, gələn həftə də mən sənə cavab verərəm, efirdə olarıq”.

Elvin:
- İlin əsas barışıqlarından biri Natavanla Aygün Kazımova arasında oldu. İllərdir davam edən düşmənçilikdə artıq barışıq mesajları var.

Zəhra:
- Hər zaman yaxın rəfiqə olan Oksana Rəsulova və Natavanın arasındakı qalmaqalı da ilin gözlənilməz hadisəsi saymaq olar. Eyni zamanda Günay İbrahimli ilə Sevil-Sevinc Səfərova bacılarının küsülülüyü də maraqlıdır. Səbəbləri ictimaiyyətə o qədər bəlli olmasa da, tərəflər arasında küsülülük uzun müddətdir davam edir.

Elvin:
- Hər iki tərəf bu mövzu barədə heç bir şey danışmır. Amma Günay xanımın əkiz bacıların atasının yas mərasiminə getməməsi qarşı tərəfi incik salmışdı.

Zəhra:
- Günay da bu yaxınlarda açıqlama verdi ki, tədbirlərdən birində qarşılaşdıq, mənə "salam" vermədilər.

Pərviz:
- Maraqlıdır ki, bu, oxuculara və mediaya təfərrüatı ilə bəlli deyil. Ona görə də bunu ilin gizli küsülülüyü adlandırmaq olar. İlin qalmaqallarından biri də Flora Kərimova və Zeynəb Xanlarova arasında oldu. Bu haqda ötən buraxılışlarda geniş danışmışıq deyə, xülasə edək. Buna ilin ən gözlənilməz qalmaqalı demək olar. Hamını təəccübləndirdi.

Elvin:
- Həmişəki kimi, Zeynəb Xanlarova bu barədə susdu. Bildiyimə görə, ətrafındakı insanlara deyib ki, mənim üçün maraqlı deyil. Flora isə özünü nisbətən gözdən saldı.

İLİN PASSİV VƏ AKTİV MÜĞƏNNİLƏRİ

Bu ilin çox passiv və gərgin keçdiyinini deyirik. Müğənnilərin yarıdan çoxu bu il heç bir şey ilə yadda qalmayıb. İlin passiv müğənnilərini sadalasaq, siyahımız uzun olacaq. Ona görə də biz onların arasından ən məşhurları seçirik. Beləliklə, ilin ən passiv müğənniləri:

Pərviz:
- Abbas Bağırov, Zamiq Hüseynov, Natavan Həbibi... Ramal da nə müğənni kimi, nə də bəstəkar kimi bu il uğur qazana bilmədi. Əvvəlki illərdə bir neçə hit mahnısı ilə yadda qalmışdı. Faiq Ağayev də ilin sonunda çox aktivləşdi. İlin son konserti ilə isə bir çox yerli müğənnilərin Heydər Əliyev Sarayında susqunluğunu pozdu.

Zəhra:
- Müğənni Zamiq il ərzində çoxlu fotosessiyalar etdirsə də, yaradıcılığında heç bir şeylə yadda qalmadı. Son zamanlar fikir verirəm ki, tədbirlərdə də mediadan çox aralı durur, hər kəslə məsafəli davranır. Digər passiv adlar: Natavan Həbibi, Aysel Əlizadə, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova.

Elvin:
- Bu il Natavan Həbibi Heydər Əliyev Fondunun vitse-pezidentdi Leyla Əliyevanın sözlərinə mahnı oxudu. Nisbətən o mahnı fərqləndi. Digər mahnıları tutuzdura bilmədi. Eləcə də, “Zaman adlı qatar” filmi üçün səsləndirdiyi soundtrek də o qədər uğurlu alınmadı. Ona görə düşünürəm ki, Natavan nəsə etməlidir. Digər adlar: Samira, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Manana.

Siyahı çox uzun alındığı üçün ilin ən aktiv müğənnilərinin adlarını çəkirik. Onlardan başqa bütün şou-biznes bu il yaddaqalan bir şey etmədi.

Elvin:
- Günay İbrahimli,
Miri Yusif,
Aygün Kazımova,
Röya.

Klip sahəsində Nigar Camalın Türkiyədə çəkdirdiyi klipi bəyəndim.

Zəhra:
- Aygün Kazımova,
Günay İbrahimli,
Sevil və Sevinc Səfərova bacıları,
Miri Yusif,
Röya.

Klip sahəsində bu il Elvin Abdullayev fərqlənib, Gürcüstanda 5 klip çəkdirib. Günay İbrahimli də klipləri ilə seçilib. Miri Yusifin klipləri də yaddaqalan olub.

Pərviz:
- Aygün Kazımova,
Günay İbrahimli,
Miri Yusif,
Tünzalə Ağayeva,
Röya.

Klip sahəsində maraqlı və uğurlu bir iş olmadı. Hər dəfə fərqli klip çəkdirən Aygün Kazımova da bu il heç bir şey etmədi.

İLHAMƏ QULİYEVANIN VƏFATINDAN SONRA NƏ DƏYİŞDİ?

Bu il şou-biznesin ən ağır itkisi xalq artisti İlhamə Quliyevanın vəfatı oldu. Onun dünyasını dəyişməsindən sonra hadisələr bir qədər fərqli olmağa başladı.

Zəhra:
- İlhamə Quliyevanın ölümündən sonra çoxları başladı onun arxasıyca danışmağa. Sağlığında heç nə deyə bilməyənlər “Mən ondan qorxmurdum ki” dedilər.

Pərviz:
- Onunla küsülü olan Aygün Kazımova isə ölümündən sonra İlhamə Quliyeva haqqında ancaq yaxşı şeylər danışdı.

Zəhra:
- Nazpəri Dostəliyeva isə efirlərə qayıtdı.

Elvin:
- İlhamə Quliyevanın ölümündən sonra kimlərsə şou-biznesdə onun yerini tutub başçılıq etmək istədi, amma alınmadı. Bunu ancaq Flora Kərimova edə bilərdi, amma onda belə şeylərə maraq yoxdur. Aygün Kazımova da onun yerini tuta bilməz. Çünki Aygün xanımın xasiyyətində hökm etmək yoxdur. Bəzi müğənnilər də sərt görünməklə şou-biznesi idarə etmək istədi, amma özünü gözdən saldı, media ilə düşmən oldu.

Zəhra:
- Bu il Rəqsanə İsmayılova da qalmaqallarla gündəmdə oldu. Türkiyədə bir musiqiçi ilə arasında pul problemi olmuşdu. Məsələ bir qədər böyüdü, Rəqsanəyə problem yarandı. Ona görə qarşı tərəf bir qədər yumşaldıcı açıqlama yaydı.

Pərviz:
- Bu ilin passiv müğənniləri arasında o da var. Heç bir sənət işi ilə gündəmə gəlmədi

Elvin:
- Rəqsanə bu il qızı Aysunla gündəmə gəldi. Aysunun şəxsi həyatı, sevgilisi ən çox müzakirə edilənlərdən oldu.

Zəhra:
- Bu il Nadir Qafarzadə tutuzdura bilməyənlərdən oldu.

Elvin:
- Çox işlədi, çoxlu mahnı buraxdı, amma yaddaqalan olmadı. Çox müzakirə olunan müğənnilərdən biri də Xatirədir.  Həyat yoldaşıyla paylaşdığı fotolar çox səs-küy yaratdı.

Mədəniyyət sahəsində üzücü hadisələrdən biri də xalq artisti Fuad Poladovun Akadamik Milli Dram Teatrından getməsi oldu. Eləcə də Fəxrəddin Manafovun Meral Konratla qalmaqalı yenidən gündəmə gəldi.

Elvin:
- Fəxrəddin Manafov, Meral Konrat və Zülfiyyə Xanbabayeva məsələsi bir neçə günlük ölkənin əsas gündəmi oldu. Meral illər əvvəl Azərbaycana “Təhminə 2” filminin çəkilişləri üçün gəldiyini, ancaq onun aldadılaraq Zülfiyyənin klipində çəkilməsini dedi.

Zəhra:
- Tərəflər açıqlama verdi, sonda bütün günahlar Fəxrəddin bəyin üzərində qaldı. Son nəticələrə görə,  hər kəs Meralı Azərbaycana xalq artistinin gətirdiyini dedi. Burada Meral Konrat da günahkardır ki, ssenarini oxumadan Bakıya gəlib.

Pərviz:
- Əslində bu məsələ illər əvvəl də gündəmə gəlmişdi. Çoxları deyir, Meral Konrat bu qədər vaxtı niyə susub. Əslində elə həmin klip çəkilən ili Konrat açıqlama vermişdi ki, onu aldadıblar. Sadəcə o vaxt sosial şəbəkələr o qədər də aktiv olmadığı üçün çox insan bu məsələni unudub.

İLİN ƏN BAXIMLI SERİALI VƏ ƏN ÇOX MÜZAKİRƏ EDİLƏN FİLMİ

İlin yekunu kimi film və serial sahəsindəki yenilikləri və fərqlənənənləri sadalayırıq.

Pərviz:
- Bu il yerli kino sahəsində bir qədər canlanma oldu. Həm kommersiya filmləri kinoteatrlarda uğur qazandı. Həm də Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə çəkilən bir çox film beynəlxalq festivalları gəzdi. Eləcə də bu il şou-biznes adamları da kino sahəsində aktiv oldular. Məsələn, Günay İbrahimli filmə çəkildi. Oksana Rəsulova iki filmdə rol aldı. İlhamə Qasımovanı da onunla yanaşı bir filmdə gördük. Məncə, ilin ən uğurlu filmi “Pərdə” və “Oğlan evi” oldu.

Zəhra:
- Oksananın çəkildiyi “Şər qarışanda” filmini çox bəyəndim. Azərbaycanda qorxulu filmin belə maraqlı çəkilməsi çətindir. Çünki bizdə daha çox komediyalar uğurlu alınır. Bu yaxınlarda “Həddən artıq uyğunluq” filminə baxdım. Filmin komediya hissəsi çox yaxşı alınıb. Afaq Bəşirqızı, Mirsalam Mirsalamov olan səhnələri xüsusi qeyd edərdim. Məncə, rejissorlar Mirsalamı diqqətə almalıdırlar. Tural Əsədovu da bəyəndim. Amma Aydan Axundovanın obrazını sevə bilmədim, inandırıcı deyildi.

Elvin:
- Mən bu il ərzində çəkilən filmlərdən “Pərdə”ni, “Oğlan evi 2”ni sevdim. “Axırıncı yol” da uğurlu alınmışdı. “Oğlan evi 2” isə birinciyə nisbətən daha çox sosial problemlərə toxunub. Amma birincidən fərqli olaraq bir qədər soyuq təqdim edilib.

Pərviz:
- Seriallarımızda da ciddi irəliləyiş var. Hələ Rusiya, Türkiyə səviyyəsindən uzaq olsaq da, artıq uğurlu işlər var. Bu ilin ən baxımlı serialı kimi “Vicdan haqqı”nı qeyd edərdim. Çünki Azərbaycan tamaşaçısını yerli seriallara qaytara bildi. Keçən dəfə təsadüfən Sevda Yahyayevanın baş rolda çəkildiyi “Sən olmasaydın” serialına baxdım. Serialın texniki məsələlərinə toxunmayacağam. Amma Sevdanın aktrisalığı mükəmməl olmasa da, inandırıcılıq var idi. Tərəf müqabili Anar Heybətov illərin aktyorudur, amma Sevda ondan daha çox parlayırdı.

Elvin:
- “Vicdan haqqı”nı ilin serialı adlandırmaq olar. Eləcə də “Cehizsiz gəlinlər” maraqlı alınıb. Cəmilə Tağızadənin aktrisalığını çox bəyənirəm. Aktyorlardan isə Tural Əhmədi xüsusi vurğulamaq lazımdır.

Zəhra:
- Cəmilə bu ilin parlayan ulduzu oldu. Həm aparıcı kimi, həm aktrisa kimi, eləcə də fotosessiyaları ilə diqqət çəkdi.

Pərviz:
- Türk aktrisalarını çox vaxt nümunə çəkirik. Məncə, Kəmalə Müzəffər “Vicdan haqqı”ndakı obrazı ilə onlardan geri qalmadı. Mən onu Nəbahət Çehrəyə bənzədirəm.

Elvin:
- Bu ilin bir neçə tapıntısı oldu. Cəmilədən başqa “Vicdan haqqı”ndakı “Larisa” – Çimnaz Soltanova da seçildi. Eləcə də, eyni serialdakı Murad İsmayıl parladı.

Pərviz:
- Tamaşaçı üçün yeni sima olsalar da, sevildilər. Bu il Kənan M.M çoxlu iş gördü, öz kütləsi, tamaşaçısı var. Amma nəsə Kənan narazıdır, heç cür istədiyi uğuru qazana bilmir.

İLİN MAHNISI, STİLİSTİ, MODELYERİ...
 
Bu ilin ən çox dinlənilən mahnısı fikrində isə Elvin və Zəhra həmfikirdir: Asifin “Gecə gecə”si...

Zəhra:
- Asif özü müğənni kimi o qədər tanınmasa da, mahnısı çox böyük uğur qazandı. İmicmeyker kimi isə Elnarə Bəkirova fərqləndi.  Elnarə həm zövqü ilə, həm də aktivliyi ilə seçildi. Stilist Anar Ağakişiyev də hər il olduğu kimi diqqət çəkdi. Hətta bu il Anar beynəlxalq arenada da tanındı. Bakıda isə özünə böyük gözəllik mərkəzi açdı.

Pərviz:
- Müğənnilər də zövqünə inandıqları üçün Elnarə xanıma daha çox müraciət etməyə başlayıblar.

Elvin:
- Şou-biznesin sosial mediada əsas fenomeni stilist Samiraldo oldu.

Zəhra:
- Bu ilin müğənni kimi tapıntılarından biri də Səmra Rəhimli oldu. Ən çox müzakirə olunan və haqqında yazılan müğənni idi.

Pərviz:
- Məncə, “Gecə gecə”dən çox Səmranın “Miracle” mahnısı yadda qaldı.

Elvin:
- Bu il ümumiyyətlə “bayağı” deyilən müğənnilər digərlərindən daha çox müzakirə edildilər. Ara müğənniləri özlərini ulduz adlandıranlardan aktiv oldular.

İLİN ƏN YADDAQALAN APARICILARI

Televiziyalarımızda da növbəti illərdə daha çox maraqlı proqramlar gözlədiyimizi qeyd edirik və 2016-cı ildə fərqlənən aparıcıların adlarını çəkirik.

Elvin:
- Leyla Quliyeva, Hüsniyyə Məhərrəmova, Zümrüd Qasımova və Vüsalə Əlizadə seçildi. Ən çox müzakirə edilən aparıcılar isə fərqlidir: Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Afaq Gəncəli. Bu sıralama peşəkarlıq və yüksək intellektual səviyyəsinə görə deyil. Sadəcə, bu il mediada onlar haqda daha çox yazıldı.

Zəhra:
- Leyla Quliyeva, Kamilə Babayeva, Vüsalə Əlizadəni bu il çox bəyəndim. Ən aktiv aparıcılar isə Afaq Gəncəli və Aytəkin Mərdanovadır.

Pərviz:
- Nərgiz Cəlilovanı xüsusi qeyd edirəm. Onun AzTV-nin efirində apardığı “Sevilənlər” proqramı maraqlı, baxımlı və peşəkarcasına hazırlanır. Digər bəyəndiyim aparıcılar Hüsniyyə Məhərrəmova, Zümrüd Qasımova və Könül Arifqızıdır. Onların aparıcılığı bayağılıqdan çox uzaqdır.

“Maqazin Klubu” olaraq 2017-ci ildə bütün sahələrdə olduğu kimi şou-biznesə də uğurlu bir il arzu edirik. İnanırıq ki, bu il sənətçilərimiz daha aktiv olarlar. Qalmaqallarlaə deyil, işləriylə bir-biri ilə yarışıb müzakirə olunarlar. Ən çox da canlı konsert baxımından olan bu kasadlıq ortadan qalxar. Bu il “Maqazin Klubu” ilə qərəzsiz və obyektiv şəkildə fikirlərimizi çatdırmağa çalışdıq. Növbəti il yenə də maraqlı və fərqli mövzularla “Maqazin Klubu”nda görüşərik. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər...

Hazırladı: Pərviz Sadıqov
Söhbət etdi: P.Sadıqov (Axşam.az), Z.Əhmədova (Axşam.az), E.Elxan (Qafqazinfo.az)
Fotolar: Ramin Aslanov
İnstaqram: @maqazin_klubu

 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         5426 dəfə baxılıb
 
 
 

Burak Özçivit şəxsi həyatından danışdı: Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."
...
14.02.17
"Ona 6 dəfə evlilik təklifi etdim" - Kənan Doğulu
...
12.02.17
"Mənsum hərbiyə getməmək üçün bacısının evində gizlənirdi" - xalq artisti+video
...
07.02.17
"Müğənnilərlə isti münasibətim davam edir" - Telman İsmayılovla müsahibə
...
07.02.17
Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: Trampın andiçməsinə qatılan azərbaycanlı xanım: "Məni şəxsən dəvət etdi"
...
02.02.17
"Eminin sürprizi məni ağlatdı" - Araz Ağalarovun xanımı
...
01.02.17
"Sevdiyim xanım var idi, amma..." - Hacı Nuran+müsahibə
...
31.01.17
"ANS-də hamilə olduğumu bilə-bilə mənə elə əsəb yaşatdılar ki..." - Aytən Səfərova+müsahibə
...
31.01.17
“Yeddi oğul istərəm”in Cəlalı: “Yeddi oğul istərəm”in Cəlalı: "Axı kimə maraqlıdır mənim səhhətim?!"
...
27.01.17
"Siqaret və alkoqoldan istifadə etmirəm" - Brilliant+fotolar
...
25.01.17
"Çingiz Mustafayevlə 4 il nişanlı qaldıq" - Lütfəli Abdullayevin qızı
...
24.01.17
“60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - müsahibə “60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - müsahibə
...
17.01.17
"Səməd və Firuzə şou-proqramda 50 manata oxuyur" - Əli Mirəliyev
...
12.01.17
Azərbaycanlı sirk artisti: “İlk şagirdim həyat yoldaşım olub” - fotolar Azərbaycanlı sirk artisti: “İlk şagirdim həyat yoldaşım olub” - fotolar
...
19.12.16
"Aygün və Röyadan sonra mənəm" - Günay
...
14.12.16
 
 
 
 
Xəbər lenti